Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firqələr, dini qrup və cərəyanlar Quranda

Firqələr, dini qrup və cərəyanlar Quranda

Tarix: 10 Fevral 2022 22:12

Uca Allah İslam dinini aləmlərə mərhəmət, sülh və doğru inancın yayılması üçün göndərmişdir. Bu dinin mənsublarını Öz mübarək kitabında 'müsəlman' adlandıran Allah, insanları bu dinin məqsədlərini doğru anlaya bilmək üçün çalışmağa dəvət etmişdir.

Lakin bir çox insan, bu dinin çərçivələrini yalnız öz düşüncələrinə uyğun olanlar üçün təyin edərək, İslam'ın əsl məqsədlərini anlaya bilməmişdir. Uca Rəbbimiz buyurmuşdur:

"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım" (Quran, 51/56).

Yuxarıdakı ayədən anlaşıldığı kimi Uca Allah insanları, Onun yoluyla getməyə, bu yolda savadlarını artırmağa, özü və ailəsiylə məşğul olmağa, axirət üçün çalışmağa və insanlara faydalı olmağa dəvət edir. Bu dinin məqsədlərindən ən mühümü də məhz budur. Lakin, fərqli dini cərəyanlara mənsub olan bir çox insan, öz firqəsinin/camaatının/cərəyanının daxilində qalır, habelə digər müsəlmanlarla mehriban olmağa çalışmır və yalnız öz firqəsinin "dəyərləri" üçün çalışaraq ömrünü hədər edir. Halbuki Uca Allah, müşriklərin timsalında hər kəs üçün firqəçilik düşüncələrini tənqid edərək buyurmuşdur:

"O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir" (Quran, 30/32).

Günümüzdə bu ayənin bizə çatdırmaq istədiyi reallıqların canlı şahidi oluruq. Bəzi müsəlmanlar, öz firqəsindəki insan artımına sevindiyi qədər, başqa dindən İslama üz tutan insan üçün sevinməz. Bəziləri isə, hər nöqtədə özü kimi düşünməyən digər müsəlmanlara qarşı dözümlü davranmaz, lağ edər, müxtəlif adlar qoşar - bir sözlə, özündən hesab etməz.. Bu yerdə İbn Sina'nın məşhur sözlərini yada salmamaq olmur:

بلينا بقوم يظنون أن الله لم يهد سواهم

"Özlərindən başqasına hidayət (doğru yol) nəsib edilmədiyini düşünənlərlə imtahan olunduq.."

Günümüzdə, geniş düşüncə tərzindən uzaq olan bir çox şəxsə baxdıqda, İbn Sina'nın bu sözləri təkrar-təkrar ağla gəlir.. Halbuki dinimiz, dözümlü olmağa, xətaların islahının elmi müstəvi ətrafında müzakirə etməyə dəvət etmiş və bölünüb parça-parça olmağı qadağan etmişdir:

"(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: 'Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!.." (Quran, 42/13)

Əslində, qeyd etmək istədiklərimiz cəmi bir ayədə Aləmlərin Rəbbi olan Uca Allah tərəfindən buyurulmuşdur. Bizlərə düşən, qəlbimizi təfriqəçiliyə deyil, Rəbbimizin bu gözəl sözlərinə açmaqdır:

"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Quran, 3/103)


Etiketlər:  Firqələr dini qrup cərəyanlar Quranda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ