Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 12:30
Azərbaycan mədəniyyəti bəlkə də bu zamana kimi ən çox nümayəndəsini keçən il itirdi. Onlardan biri də müğənni Aslan Hüseynov oldu. 4 may tarixində anasının yas mərasimindən Baklya qayıdarkən avtomobil qəzası keçirən müğənni Aslan Hüseynov 55 yaşında faciəvi şəkildə dünyasın dəyişdi.
Sonxeber.net xəbər verir ki, ARB telekanalında yayımlanan "O üz" verlişində Aslanın yaxın sənət yoldaşı, dostu Sevda Kazımova baş verən hadisə ilə bağlı gözyaşları içində danışıb.
O, yaxın dostu Aslanın canına qəsd cəhdi ilə bağlı efirdə bunları deyib:
"Bacısı danışdı mənə: nəsə qorxulu bir şey olmuşdu. Kimsə balta ilə arxasınca qaçmışdı. Aslanın heç vaxt düşməni olmayıb. O, dostsevər adam idi, insanları sevirdi. Hamıya salam verəndə belə, baş əyərək salam verirdi. İnsanlara qarşı hörmətlə yanaşan adam idi, insanları əzmək istəmirdi".
Sevda Kazımova Aslanın faciəvi ölümü xəbəri ilə bağlı da danışıb:
"Qəzaya düşməmişdən yarım saat öncə mənlə danışmışdı. Mən deyəni atası da deyir ki, "Mənim oğlum heç vaxt sükan arxasında yatmazdı, bu, ola bilməzdi". Yəni o yatacaqdısa, maşını saxlamalı idi.
3 gün idi ki, anası rəhmətə getmişdi. Aslan nə halda idi, elə bil qapqara yanmışdı. Aslan mənə dedi ki, "anamı Gəncədə basdırırlar, mən də gedib Gəncədə qalacağam". Dedim "Aslan, bəlkə Gəncədə basdırmayasınız. Amma qohumları Gəncədə çox olduğu üçün anasının öz vəsiyyəti idi ki, məni Gıncədə basdırarsınız. Durdu gecəylə getdi ki, "yox, mən anamı orada tək qoya bilmərəm". Anasının ehsanı olaraq orada kasıb insanlara ət alıb paylayıb, halva çaldırıb. Bütün günü anasının məzarı üstündə olub, onunla öz-özünə danışıb. Mənə zəng etdi ki, "Seva, başım dəhşət ağrıyır, dayanmır". Dedim "Aslan, başına dönərəm, gəlmə ha, yat qal oralarda". Məndən başqa da çox adamlara zəng edib. Zəng edib ki, gələcəyəm, amma yuxu basır məni. Deyib ki, yuxu basır məni. Amma necə gəlib bəs?! Onu yuxu bassaydı, o, maşını sürməzdi. İnanmıram ki, Aslan yolda yatsın, yəni bu mümkün deyil. Bu, inandırıcı bir şey deyil. Amma Aslan yatıbsa, yəqin əcəl belə gəlib".
Qeyd edək ki, A.Hüseynov mayın 4-də Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. Müğənninin idarə etdiyi "BMW" markalı avtomobil qarşıda hərəkət edən "KamAz" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub. Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub. O, Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.
Məhəmməd Vaqif