Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 23:38
O, müharibə başlayanda beş ayın əsgəri idi. Mingəçevirdə xidmət edirdi. 2020-ci il sentyabrın 13-dən elə Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə təlimlərə qoşulan gənc əsgər müharibənin ilk günlərindən döyüş meydanına atılıb. Haqq savaşımızdan təxminən 40 gün əvvəl 19 yaşı tamam olan gəncin döyüş yolu Tərtərin Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağdərə rayonu istiqamətlərindən keçib. Yaşı az olsa da, cəsarəti və döyüşkənliyi ilə fərqlənənlər sırasında olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Vətən müharibəsi qazisi İsmayılov Rafət Rəyasət oğlu 2001-ci il avqustun 19-da Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb. Mingəçevirdə tank əleyhinə tağımda xidmət edən Rafət müharibədə də tank bölüyünün ən sərrast SVQ atıcılarından olub.
Qazi Vətən müharibəsində ən yaddaqalan hadisələrdən bəhs edərək deyib: "Döyüşlərə yollananda heç bir qorxum yox idi. Onsuz da iki ay əvvəl general-mayor Polad Həşimov və digər hərbi qulluqçuların şəhid olması səbrimizi daşırmışdı. Odur ki, müharibəni səbirsizliklə gözləyirdik. Özlərini "məğlubedilməz" hesab edən qəsbkar və canilərə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərməli idik. 2020-ci ilin sentyabrın 27-də ermənilərin törətdiyi son təxribat onlara baha başa gəldi. Azərbaycan Ordusuna bütün istiqamətlərdə əks-hücum əməliyyatına keçmək əmri verildi. Vətənə olan borcumuzu ödəmək, ərazi bütövlüymüzü bərpa etmək və şəhidlərimizin qisasını almaq üçün əlimizə böyük imkan düşmüşdü. Həmin imkandan layiqli şəkildə yararlanmağı bacardıq. Düşmən döyüşlər vaxtı dəyişməyən vəhşi xislətini dəfələrlə nümayiş etdirsə də, biz yalnız döyüş meydanında onların dizini yerə gətirdik.
Müharibə dövründə gözümüzü örtən nifrət bizə ölümü də unutdurmuşdu. Bir neçə dəfə ölümlə üz-üzə gəlsəm də, biri daha çox xatirimdə iz buraxdı. Suqovuşan qəsəbəsindən Talış kəndinə doğru silah-sursatla təminata kömək etməyə gedərkən düşmən tərəfindən mühasirəyə alındıq. Ölümün nəfəsini daha yaxından hiss edirdik. Anlayırdıq ki, ya hamımız şəhid olacağıq, ya da döyüşüb mühasirədən çıxacağıq. Lakin öldürmədən ölmək istəmirdik. Odur ki, döyüşməyə davam etdik, çox keçmədən digər silahdaşlarımız da bizə köməyə gəldilər. Güc birliyi ilə mühasirədən çıxdıq, düşməni məhv edərək irəlilədik. Ən çox xatırladığım hadisələrdən biri də Suqovuşanla Talış arasındakı ərazidə düşmən tankını dəqiq atəşlə vurmağım və içindəki heyətlə birgə məhv etməyim oldu.
Qırx dörd günü həm fəxrlə, həm də hüznlə xatırlayıram. Xalqımızın birliyini, addım-addım qazanılan Qələbəni, düşmənin önümüzdən qaçmasını, ölümə meydan oxuyan döyüş yoldaşlarımı, canı bahasını yaralı və şəhidləri döyüş meydanından çıxaran silahdaşlarımı xatırladıqca qürur duyuram. Lakin mərd, cəsarətli, qəhrəman döyüş yoldaşlarımın itkisi qəlbimdə əbədi ağrı olaraq qalacaq".
Rafət İsmayılov bildirib ki, müharibədən sonra da xidmətini azad edilmiş ərazilərdə davam etdirib: "Müharibə bitəndən sonra hərbi xidmətimi Kəlbəcər və Laçın rayonlarında davam etdirdim. Azad edilmiş torpaqlara Qalib Ordunun əsgəri kimi ayaq basmaq o qədər qürurverici idi ki. Düşmən bu illər ərzində necə gözəl torpaqları işğalda saxlamışdı. Haqqında böyüklərdən eşitdiyimiz, kitablardan oxuduğumuz ərazilərdə xidmət edərkən keçirdiyim hissləri sözlərlə ifadə edə bilmərəm. Təkcə onu deyə bilərəm ki, canımız, qanımız bahasına azad etdiyimiz ərazilərə bir daha yad əllərin uzanmasına izn verməyəcəyik".
Qazi ötən ilin oktyabrında ordu sıralarından tərxis olunduğunu, ölkə başçısının müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edildiyini də qeyd edib.
R.İsmayılovun anası Fəridə İsmayılova oğlunun döyüşlərdə iştirak etdiyini onlardan gizlətdiyini, bu barədə bir təsadüf nəticəsində xəbər tutduqlarını deyir: "Müharibə başlayanda Rafətlə əlaqə saxlasaq da bizə hərbi hissədə olduğunu, döyüşlərə aparılmadığını dedi. Lakin təsadüfən televiziya kanallarının birində cəbhə xəttindən yayımlanan bir süjetdə Rafəti də gördük. Sən demə, müharibənin ilk günlərindən Rafət düşmənlə üz-üzə döyüşürmüş. Bir ana kimi çox narahat oldum, göz yaşlarımı saxlaya bilmədim. Dua etməkdən başqa çarəm qalmadı. Tək oğlum üçün deyil, bütün hərbi qulluqçular üçün dua edir, hər kəsin sağ-salamat evinə dönməsini arzulayırdım. Çox təəssüf ki, müharibə itkisiz olmur. Eşitdiyim şəhid xəbərləri ürəyimi üzürdü. Anlayırdım ki, çətin də olsa hər şeyə hazır olmalı idim. Döyüşlər davam edərkən digər oğlum Rəşadı da hərbi xidmətə apardılar. Mən həm döyüşçü, həm də əsgər anası oldum. İki övladımın da yolunu həsrətlə gözləyirdim. Çox şükür ki, müharibə Zəfərlə yekunlaşdı və Rafət sağ-salamat geri döndü. Hazırda digər oğlum xidmətini davam etdirir. Qələbədə pay sahibi olan Rafətin və Rəşadətli Azərbaycan Ordusunun əsgəri olan Rəşadın anası kimi fəxarət hissi keçirirəm".