Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 17:30
Bərdənin Becirəvan kəndində illərdir içməli su problemi yaşanır. Kənddəki quyular quruduğundan sakinlər içməli suyu qonşu kəndlərdən gətirirlər. Rəsmi qurumlar məsələdən xəbərdardır və problemin həlli üçün layihə üzrə müəyyən vəsaitin ayrılmalı olduğunu əsas gətirirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, kənddə illər öncə qazılmış və 440-dan çox ailəni içməli su ilə təmin edən artezian quyuları quruyub.
Bura Bərdənin Becirəvan kəndidir. Kənd sakinləri artıq illərdir ki, içməli suya həsrət qalıblar.
İndi içməli suyu qonşu kəndlərdən daşıyan sakinlər deyirlər ki, bu, maddi baxımdan onlara baha başa gəlir. Problemlə bağlı etdikləri müraciətlər isə nəticəsiz qalıb.
Məsələylə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirildi ki, sözügedən kənd onların xidməti ərazisinə aid deyil. Rayon icra hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, həmin kəndin problemindən xəbərdardırlar. Bununla bağlı aidiyyəti dövlət orqanlarına məlumat verilib. Rayonun 49 kəndində içməli su quyusunun qazılması ilə bağlı layihə hazırlanıb. Vəsait ayrıldıqdan sonra Becirəvan kəndində də subartezan quyusu qazılacaq.