Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 20:36
Ağcabədi sakini vətən müharibəsi dövründə dağılmış evinin təmirindən narazıdır. Müharibə zamanı yaşayış yeri dağılan quliyevlər ailəsinin evində təmir işləri yarımçıq saxlanıb. Rəsmi qurum təmirin tamamlanmasının səbəblərini açıqlayıb.
44 günlük Vətən müharibəsi zamanı artilleriya atəşinə məruz qalmış yaşayış məntəqələrindən biri də Ağcabədi rayonunun Qaraxanlı kəndi olub. Ermənistan ordusu tərəfindən atılan raket mərmilərindən biri kənd sakini Aqil Quliyevin yaşadığı evə düşərək tikilini qəzalı vəziyyətə salıb. Evin təmiri məqsədilə Dövlət komissiyası tərəfindən evə baxış keçirilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkmiş Aqil Quliyev iddia edir ki, bir ildən çoxdur işlər dayandırılıb. Ona dəymiş ziyan tam ödənmir. Vətəndaş yaranmış vəziyyətlə bağlı rayon icra hakimiyyətinə və aidiyyəti dövlət orqanlarına, o cümlədən tikinti şirkətinə dəfələrlə müraciət etdiyini, ancaq heç bir nəticə olmadığını deyir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən evdə təmir işləri ev sahibi dəymiş ziyandan əlavə tələblər irəli sürdüyünə görə dayandırılıb. O da qeyd edilib ki, 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Ağcəbədi rayonunda ziyan dəymiş 8 yaşayış evi və 2 qeyri-yaşayış obyekti yenidən tikilib, 500-dən çox tikili üzrə təmir-bərpa işləri görülüb.