Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Maşında oturmuşdu, üst-başı qan içində idi...”

“Maşında oturmuşdu, üst-başı qan içində idi...”

Tarix: 17 Fevral 2022 21:22

Ötən il oktyabr ayının 20-də Binəqədi rayonu Rəsulzadə qəsəbəsində - yaşadığı evin yaxınlığında döyülərək ağır xəsarətlər alan, uzun müddət xəstəxanada müalicə olunsa da, sonradan komaya düşərək dünyasını dəyişən Həşim Xəzrinin həyat yoldaşı Aidə Xəzri cinayət işinin obyektiv araşdırılması üçün aidiyyatı qurumlara müraciət edib. Qeyd edək ki, mərhum Həşim Xəzri həm də Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin atasıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Həşim Xəzri özünə məxsus "Hyundai Santa Fe" markalı avtomobillə hərəkətdə olarkən onunla qarşıdan gələn "Nissan Sanny" markalı avtomobilin sürücüsü Nicat Hüseynov  arasında bir-birlərinə yol verməmələri səbəbindən münahisə yaranıb. Mübahisə zamanı taksi sürücüsü N.Hüseynov Həşim Xəzrini yumruq və təpiklə döyüb.

Hadisə bu küçədə baş verib...

Hadisəni törətməkdə təqsirləndirilən N.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Hələlik ona qarşı adam öldürmə maddəsi ilə ittiham irəli sürülməyib.

Mərhumun həyat yoldaşı Aida Xəzri deyir ki, həyat yoldaşı kifayət qədər sağlam həyat tərzi sürüb. Baş vermiş hadisəyə qədər heç bir xəstəlikdən əziyyət çəkməyib, təzyiq, başağrılarından şikayətlənməyib, xroniki xəstəliyi olmayıb.

Qanlı "Nissan"...

"Qızım zəng vurub dedi ki, atam evin yanında cavan bir oğlan tərəfindən döyülüb, özünü pis hiss edir. Dərhal küçəyə çıxdım. Həyat yoldaşım maşında əyləşmişdi, üst-başı qan içərisində idi, paltarları palçıq olmuşdu. Nə baş verdiyini soruşdum, su istədi. Evdən su gətirib verdim" - Aida Xəzri bildirib.

Həyat yoldaşından nə baş verdiyini soruşduqda, H.Xəzri ona qızını işə qoyub evə qayıtdıqda döngədə bir maşının yolu kəsdiyini, yol verməməsi səbəbindən mübahisələri yarandığını,  qəfildən hücum çəkərək yumruqla başına, çənəsinə zərbələr vurduğunu, sonra isə mşına minib hadisə yerindən qaçdığını deyib. " Binəqədi rayon Polis İdarəsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi yazdıq. Bizə ekspertin yanına getməyi məsləhət gördülər. Getdik, vizual baxışlar keçirildi, evə qayıtdıq. Axşamtərəfi Həşim dedi ki, gözlərimə tor gəlir, başımda ağrılar var", -mərhumun dul həyat yoldaşı deyir.

Həşim Xəzri artıq sağ deyil...

Taksi sürücüsü tərəfindən döyülən H.Xəzri baş-beyin nahiyəsindən ağır xəsarətlər aldığından Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkarlanıb. Həmin gün evə buraxılıb, lakin axşam baş ağrıları yenidən şiddətlənib, vəziyyəti pisləşib. Odur ki, yenidən xəstəxanaya geri qaytarılıb. Xəstəxanaya çatdırıldıqdan təxminən 20 dəqiqə sonra isə komaya düşüb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qansızma ocağının artması müəyyən edilib, təcili əməliyyata alınıb. Ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər xəstəxanada müalicə alıb. Lakin səhhəti ağırlaşdığından Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib. H.Xəzri bu il yanvarın 25-də vəfat edib.

Həşim Xəzri döyüləndən sonra

"Aldığı zərbələrdən yaranan hematomanın və digər fəsadların nəticəsində həyat yoldaşım öldü. Həkimlərin verdiyi epikrizdə də qeyd olunub ki, sol beyin yarımkürəsində subdural hematoma yaranıb, bu isə post travmatik nəticədir. Bu hadisəyə qədər yoldaşımın hansısa xroniki xəstəliyi olmayıb, müalicə almayıb, ürək, qan-damar və təzyiqlə bağlı problemi olmayıb. Hematoma nəticəsində beyninə qan sızıb. Qansızma nəticəsində beyin qapağı çıxarılıb. Nə danışır, nə yeyirdi. Onun əlil qalmasına da razı idim, yetər ki sağ qalaydı, yanımızda olaydı" - zərərçəkmiş belə deyib.   

Mərhumun həyat yoldaşı cinayət işinin obyektiv araşdırılması üçün aidiyyatı qurumlara müraciət edib, köməklik istəyib.

"Döyüləndən sonra aldığı travmalardan yoldaşımın beyninə qan sızdı, komaya düşüb öldü. Hadisəni törədən layiqli cəza almazsa bu kimi cinayətlər törətməyə meylli olan şəxslərin də sayı artar. Baş vermiş cinayət hadisəsini öz nəzarətinizə götürməyinizi, iş üzrə obyektiv məhkəmə-tibbi ekspertiza rəyinin verilməsini və obyektiv araşdırma aparılmasını sizlərdən xahiş edirəm", - Aida Xəzri redaksiyamıza müraciətində bildirib.

Milli.Az


Etiketlər:  Maşında oturmuşdu üst başı içində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ