Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 19:25
Hollivud ulduzu Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colini yenidən məhkəməyə verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor Colini "Chateau Miraval"dakı payını qanunsuz olaraq satmaqda ittiham edir.
Belə ki, 2021-ci ilin oktyabrında "Stoli Group"un şərab bölməsi "Tenute del Mondo" aktrisanın sözügedən əmlak və şərab zavodundaki 50% payını aldığını elan edib. "TMZ"nin məlumatına görə, qurum rusiyalı sahibkar Yuri Şefler tərəfindən idarə olunur. O, "Forbes"in Rusiyanın ən varlı iş adamları siyahısında 58-ci yerdədir və onun sərvəti 2,6 milyard dollar qiymətləndirilir.
Məlum olub ki, Coli B.Pittin razılığı olmadan bu sövdələşməni edib. Aktrisa satışla bağlı qərar qəbul etdiyini açıqlayandan sonra Pitt həmin payı almağa çalışsa da bu, onda alınmayıb. Satışın başqa biri ilə baş tutması isə onun üçün sürpriz olub.
O, artıq mülkdən şəxsi evi kimi istifadə və milyonlarla dollar sərmayə qoyduğu şərab şirkətinə artıq nəzarət edə bilməyəcəyini deyib. Pitt bildirir ki, Coli sövdələşmənin təfərrüatlarını ondan qəsdən gizlədib və məhkəmə vasitəsilə onun ləğv olunmasını, həmçinin ona dəymiş zərərin ödənilməsini tələb edir.
Qeyd edək ki, sözügedən əmlakın dəyəri təxminən 164 milyon dollardır. Cütlük ərazini 2008-ci ildə 28,4 milyon dollara alıb.