Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Böyük dəbilqə”: Məmmədəli Mehdiyev yenə çempion oldu - FOTO

“Böyük dəbilqə”: Məmmədəli Mehdiyev yenə çempion oldu - FOTO

Tarix: 19 Fevral 2022 20:16

İsrailin Təl-Əviv şəhərində keçirilən "Böyük dəbilqə" turniri başa çatıb.

Yarışın son günündə Azərbaycan yığmasının daha 5 cüdoçusu tatami üzərinə çıxıb.

90 kq
2019-cu ildə "Böyük dəbilqə"də qızıl medal qazanan Məmmədəli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gəlib. Rəqibini üstələyən idmançımızın 1/4 finaldakı rəqibi Yersultan Müzəffərov olub. Qazaxıstan təmsilçisi də Məmmədəlinin qarşısında aciz qalıb. Bu cütlükdən də qalib ayrılan gənclər arasında dünya üçüncüsü yarımfinala yüksəlib. Onun bu mərhələdəki qurbanı isə qırğızıstanlı Erlan Şerov olub. Mehdiyev həlledici görüşdə də Nemanya Majdovu (Serbiya) məğlub edərək növbəti dəfə çempion olub.

Eyni çəkidəki digər təmsilçimiz Rüfət İsmayılov yarışa 1/16 finaldan başlayıb. 2017-ci ildə Bakıda turnirin qalibi olan 26 yaşlı cüdoçu bu dəfə uğursuzluqla üzləşib. O, ilk görüşdəcə Uşangi Margianiyə (Gürcüstan) məğlub olaraq mübarizəni dayandırıb.

100 kq
Gənclər arasında Avropa və dünya çempionu Zelim Kotsoyev 1/8 finalda Xanqal Odbatarı (Monqolustan) mübarizədən kənarlaşdırıb. Bu çəki dərəcəsindəki digər idmançımız Elmar Qasımov isə həmin mərhələdə Dominikan Respublikasından olan Robert Florentinonu üstələyib. Nəticədə millimizin üzvləri 1/4 finalda bir-birlərinə rəqib olublar. Komanda yoldaşına ipponla qalib gələn Kotsoyev yarımfinala adlayıb. Qasımov isə bürünc medal iddiasını davam etdirib.

Lakin Elmar təsəlliverici görüşdə rumıniyalı Eduard Serbana uduzaraq, bu şansı qaçırıb. Zelim isə final yolundakı son rəqibi İlya Sulamanidze səddinə ilişib. Gürcüstanlı ilə bacarmayan Kotsoyev bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Onise Saneblidzedir (Gürcüstan).

+100 kq
Ən ağır çəkidəki cüdoçumuz Uşangi Kokauri də 1/8 finaldan yarışa başlayıb. 30 yaşlı cüdoçu startda gürcüstanlı Onise Buqadzeyə yenilərək turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, yarışda 9 nəfərlə iştirak edən millimizin dörd üzvü ilk iki gündə tatami üzərinə çıxıb. İlk gündə Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) "üçlüy"ündən sonuncu 2-ci yerin sahibi kimi mükafatçılar sırasına düşübsə, dünən Hidayət Heydərov (73 kq) çempion olub. Rüstəm Orucovla (73 kq) Murad Fətiyev (81 kq) koronavirusa yoluxduğu üçün İsraildə karantinə alınıblar.


Etiketlər:  Böyük dəbilqə Məmmədəli Mehdiyev yenə çempion oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ