Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 23:50
Bir neçə gün bundan öncəyə qədər bütün dünyanın əsas mövzusu Ukrayna böhranı idi. Hamı gözləyirdi ki, Rusiya fevralın 16-da bu ölkəyə hücum edəcək. Buna əsas kimi rusların Ukrayna sərhədi boyunca 120 mindən artıq qoşun toplaması göstərilirdi.
Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunur.
ABŞ prezidenti Co Baydenin Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışıqlarının, Fransa prezidenti Emmanuel Makronun, Böyük Britaniya xarici işlər naziri Liz Trassın, Almaniya kansleri Olaf Şoltsun ard-arda Moskvaya səfərlərinin əsas mövzusu Kreml rəhbərliyini hücum planından daşındırmaq, Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirmək idi. Amma görünən bu oldu ki, danışıqlar prosesində V.Putini heç kim razı sala bilmədi. Kreml rəhbərliyi Qərb liderlərinin boş vədlərinə inanmır, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsini ölkəsi üçün təhlükə sayırdı. Vəziyyət getdikcə daha da gərginləşdiyindən, Qərb dövlətləri müharibə riskini nəzərə alaraq diplomatlarını Kiyevdən təcili geri çağırmışdılar. Bundan öncə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ardınca Prezident İlham Əliyevin Ukraynaya səfərləri gerçəkləşmişdi. Bu səfərlərdə də başlıca məqsəd Ukraynanın ərazi bütövlüyünə dəstək olmaq, yaranmış problemin beynəlxalq hüquq çərçivəsində həllinə töhfə vermək idi. Hətta Türkiyə Prezidenti Rusiya və Ukrayna dövlət başçılarını Ankarada qarşılamaqdan məmnun olacağını açıqlayaraq, üçtərəfli görüş keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Lakin Moskva susurdu. İnadkarlıqla Ukrayna sərhədində qoşunların sayını artırır, Belarusla hərbi təlimlərə start verirdi.
Beləliklə, dünya dövlətləri fevralın 16-sı tarixini gözləyir, Rusiya qoşunlarının Ukraynaya hücum edəcəyinə inanırdı. ABŞ mediası Kreml rəhbərliyinin hücum planını da yaymışdı. Ancaq fevralın 16-dan indiyə qədər ötən 3 gün ərzində belə bir hücum baş vermədi. O zaman maraqlı suallar yaranır: Rusiya-Ukrayna gərginliyindən münaqişə tərəfləri, həmçinin ABŞ, NATO ayrı-ayrılıqda nə qazandı? Azərbaycan və Türkiyə proseslərdə necə davrandı, nə nəticə hasil etdi?
Mövzu ilə bağlı politoloq Toğrul İsmayıl bildirib ki, müharibənin olacağı ilə bağlı iddianı ortaya Qərb mediası atıb. Onun sözlərinə görə, rəsmi şəkildə kimsə belə bir niyyətin olduğunu bəyan etməyib. Politoloq söyləyib ki, Rusiya tərəfi müharibə ehtimalını azaldan müsbət açıqlamalar versə də, Dumada Ukraynanın Luqansk və Donetsk bölgələrinin "müstəqilliyinin" tanınmasına dair məsələ gündəmə gətirilib, bununla vəziyyət yenidən gərginləşib: "Müharibənin bu gün və ya sabah başlayacağını düşünmürəm. Amma görünən mənzərə budur ki, gərginlik də azalmır. Qərb öz missiyasını davam etdirir, Rusiya öz mövqeyindən geri çəkilmir, Ukrayna sərhədinə əlavə hərbçilər, hərbi texnika göndərir, təzyiqi artırır. Müharibənin olub-olmamağı Rusiyanın özünü necə aparmasından, danışıqların nəticəsindən asılıdır. Ukraynanın Krım Muxtar Respublikası Rusiya tərəfindən işğal olunub. Rusiyadan dəstək alan separatçılar Şərqi Ukraynada - Donbasda silahlı münaqişə yaradıblar, müəyyən fasilələr olsa da, atəş səsləri yenə eşidilməkdədir. Bunlar onu deməyə əsas verir ki, Rusiya güvəniləcək ölkə deyil, istənilən razılaşmanı istədiyi vaxt poza bilər".
T.İsmayıl deyib ki, Moskva-Kiyev gərginliyində uduzan tərəf Ukraynadır. Çünki ölkənin müəyyən ərazisi işğal olunub, bir hissəsində isə separatçılar öz "müstəqilliklərini" elan ediblər: "Atəşkəs təzəlikcə yenidən pozulub. Artilleriya atəşi ilə orta məktəb binasına mərmi atılıb, ölən və yaralananlar var. Qərbli diplomatların paytaxt Kiyevi təcili tərk etməsi fonunda Ukrayna iqtisadiyyatı zəifləyir, cəmiyyət müxtəlif problemlər yaşayır. Baş verənlərlə paralel olaraq ABŞ bölgədə öz gücünü artırır, Qərb ölkələrini NATO ətrafında sıx birləşməyə məcbur edir. Hətta bəzi tərəfsiz Avropa ölkələri də Rusiyadan gələ biləcək təhlükəni nəzərə alaraq, NATO-ya üzvlük məsələsində aktivlik nümayiş etdirir və etdirəcəklər. Nəticə etibarilə NATO güclənəcək. Rusiya ilə qonşu olan ölkələr də NATO ilə əməkdaşlığı artıracaqlar. Postsovet ölkələr NATO-nun Şərqi Avropada "qurtarıcı" missiya həyata keçirdiyini qəbul edəcəklər. Rusiya-Ukrayna gərginliyi fonunda Fransa, Almaniya istədiklərinə nail ola bilmədilər. Rusiya ilk baxışda qazanclı və güclü görünsə də, iqtisadi sıxıntı yaşadığı hər kəsə məlumdur. Qərb dövlətlərinin öz diplomatlarını geri çağırması birjalarda rus rublunun dollar qarşısında dəyər itirməsinə səbəb oldu. Enerji sektorunda da Rusiya Qərb qarşısında etibarlı tərəfdaş imicini itirir. Kremlin enerji təchizatından, satışından siyasi alət kimi istifadə etməsi Avropa İttifaqında ciddi müzakirələrə yol açacaq. Beləliklə, proseslərdə ən böyük qazanc əldə edən ABŞ-dır".
Politoloq Rusiya-Ukrayna gərginliyi fonunda Türkiyə-Azərbaycan münasibətlərinin, hərbi-siyasi əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb: "Türkiyə və Azərbaycan bölgədə yeni müharibənin baş verməsini istəmirlər. Həm Rəcəb Tayyib Ərdoğan, həm də İlham Əliyev Ukraynaya səfər edib paytaxt Kiyevdə müzakirələr aparıblar. Gərginliyin azaldılması, problemin diplomatik yolla, beynəlxalq hüquq çərçivəsində həlli üçün münaqişə tərəfləri Türkiyəyə dəvət edilib. Bununla yanaşı, Türkiyə və Azərbaycanda çevik şəkildə "Şuşa bəyannaməsi" ratifikasiya olunub, təsdiqlənib. Bəyannamədən irəli gələrək ikitərəfli əlaqələr möhkəmləndirilməlidir. Təhlükəsizlik sahəsində əməkdaşlıq təkmilləşdirilməli, ordularımızın ortaq hərəkəti təmin olunmalıdır. İqtisadi, siyasi, mədəni sahələrdə işbirliyimiz artırılmalıdır. Bu, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə xidmət edəcək. Ukraynada yaşananlar Azərbaycan üçün ibrət olmalıdır".