Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 19:26
Ukrayna Silahlı Qüvvələrin Baş qərargahı bəyan edib ki, Rusiya işğalçı qüvvələrinin ərzaq və sursat ehtiyatı tükənməkdədir. Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Baş qərargahın martın 22-də səhər saatlarında açıqladığı məlumata əsasən işğalçıların cəmi 3 günlük ərzaq və sursat ehtiyatı qalıb.
Məlumatda bildirilir ki, Rusiya qüvvələrinin yanacaqla təchizatını avtosisternlərlə həyata keçirməyə çalışırlar, borularla yanacağın ötürülməsinə cəhd göstərilsə də baş tutmayıb. Ötən sutka ərzində düşmənin 1 təyyarəsi, 2 döyüş vertolyotu da daxil olmaqla cəmi 9 hava hədəfi vurulub. Rusiya aviasiyasının ötən gün ərzində uçuşları intensivləşdirdiyi müşahidə olunub.
Sumı vilayətinin Axtırsk rayonunda Rusiya hərbçilərinin kütləvi şəkildə əmrə tabe olmaması faktı qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatları barədə əmri yerinə yetirməkdən imtina edib və 70-ə yaxın texnika ilə döyüş əməliyyatları rayonunu tərk edərək uzaqlaşıb. Luqansk vilayətinin işğal edilmiş ərazilərində isə yerli sakinlər arasında xaotik səfərbərlik aparılır, yaşları 65-ə qədər olanlar zorla cəbhəyə göndərilir. Onların bir çoxunun ümumiyyətlə heç bir hərbi ixtisası və bacarığı yoxdur.
Baş qərargah bildirir ki, Donetsk və Luqansk vilayətləri istiqamətində düşmən irəliləmək cəhdlərini davam etdirir, lakin uğur əldə edə bilmir. Ötən gün ərzində düşmənin 13 hücumunun qarşısı alınıb, 14 tank, 8 BMP, 2 MTLB, 3 artilleriya sistemi və 4 avtomobil texnikası məhv edilib. Düşmənin şəxsi heyət sarıdan itkisi isə 300 nəfərə yaxın olub.