Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya kiber-hücumlar və kimyəvi silahlardan istifadə edə bilər

Rusiya kiber-hücumlar və kimyəvi silahlardan istifadə edə bilər

Tarix: 22 Mart 2022 20:28

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya işğalının bir ayının tamam olmasına az qaldığı vaxt Rusiya tərəfindən ABŞ-a qarşı kiber-hücumlar həyata keçirilməsi və Ukraynada bioloji və ya kimyəvi silahların yerləşdirilməsinin mümkünlüyü ilə bağlı bağlı xəbərdarlıq edib.

Bazar ertəsi gec saatlarda ABŞ-ın bir qrup iş adamı ilə görüşən Bayden Rusiya prezidenti Vladimir Putinin Rusiyanın addımlarına qarşı üzləşəcəyi birliyin miqyasını təxmin etmədiyini və "arxasını divara dirəndiyini" deyib.

"İndi o yaratdığı yeni saxta bayraqlar haqqında danışır, eləcə də bizim Amerikada bioloji və Avropada kimyəvi silahlarımızın olduğunu iddia edir. Sadəcə olaraq bütün bunlar doğru deyil. Onlar həmçinin Ukraynanın da bioloji və kimyəvi silahlara malik olduğunu irəli sürür Bu, onun hər iki silahdan istifadə etməyi düşündüyünə dair aydın işarədir" - deyə, Bayden bildirib.

Bayden bazar ertəsi həmçinin Rusiya hökumətinin ABŞ sanksiyalarına cavab olaraq "potensial kiber-hücum variantlarını nəzərdən keçirdiyinə" dair "kəşfiyyat məlumatlarının" olduğunu deyib və özəl sektoru "kiber-müdafiələri" dərhal sərtləşdirməyə çağırıb.

Rusiya Baydenin xəbərdarlığını rədd edib və Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə Rusiyanın "dövlət səviyyəsində banditizmlə məşğul olmadığını" deyib.

ABŞ, Fransa, Almaniya, İtaliya və Britaniya liderləri arasında bazar ertəsi telefon danışığı olub. Ağ Evin bildirdiyinə görə, telefon söhbəti zmanı onlar Rusiyanın Ukraynada qəddar taktikasına dair narahatlıqları müzakirə edib, təhlükəsizlik və humanitar yardımlar göstərməklə Ukraynaya davamlı dəstəklərini vurğulayıb və son diplomatik səyləri nəzərdən keçiriblər.

Bayden bu həftənin sonunda Polşaya səfər etməzdən əvvəl Brüsseldə Ukraynada durumun diqqət mərkəzində olacağı NATO sammitində, Böyük Yeddilər qrupunun (G-7) toplantısında və Avropa Şurasının sammitində iştirak edəcək.

Peskov çərşənbə axşamı Rusiyanın Ukrayna ilə "aktiv və substantiv" danışıqlar apardığını görmək istədiyini deyib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi yerli televiziya ilə çıxışı zamanı deyib ki, Ukraynanın NATO-ya üzv olmamaq öhdəliyi də daxil olmaqla, atəşkəsə nail olmaq səyləri çərçivəsində Putinlə bir sıra məsələləri müzakirə etməyə hazırdır.

"Bu, hamı üçün kompromisdir: NATO ilə bağlı bizimlə nə edəcəyini bilməyən Qərb, təhlükəsizliklə bağlı zəmanət istəyən Ukrayna və NATO-nun daha da genişlənməsini istəməyən Rusiya üçün" - deyə, Zelenski bildirib.

Bazar ertəsi Pentaqon Rusiya qüvvələrini Ukraynada hərbi cinayətlər törətməkdə ittiham edib.

"Biz, şübhəsiz ki, Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyinə dair açıq sübutlar görür və buna dair sübutların toplanmasına yardım edirik", Pentaqonun mətbuat katibi Con Kirbi Amerikanın Səsinin sualına cavab olaraq deyib.

Kirbi həmçinin Rusiya qüvvələrini bir çox hallarda "mülki vətəndaşlara qarşı fərq qoymadan" və "qəsdən" hücumlar həyata keçirməkdə ittiham edib.

Milli.Az


Etiketlər:  Rusiya kiber hücumlar kimyəvi silahlardan istifadə edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ