Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 10:00
"1918-ci il hadisələri Azərbaycan xalqının başına gətirilən dəhşətli müsibətlərdən biridir.1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan "Əks-inqilabi ünsürlərlə mübarizə" şüarı altında daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar törədiblər".
Bu sözləri Sonxeber.net-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir: "1918-ci il qırğınlarında qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. Həmin dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilmiş, diri-diri yandırılmışlar. Azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksütyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı, Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur. Məsələ bundadır ki, Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün bu istiqamətdə tədqiqat işləri davam etdirilir və bu səbəbdən erməni cinayətlərinin tam mənzərəsi hələ də formalaşmayıb. Ekspertlərin ilkin rəyinə əsasən, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır."
K.Qafarov bildirib ki, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır: "Etiraf olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Mart qırğınları" mövzusu da qadağan olunmuş mövzuya çevrildi. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Ulu Öndər tərəfindən imzalanmış bu Fərman 1918 il hadisələri ilə bağlı aparılan tədqiqatlara güclü təkan verdi. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat edir."
Millət vəkili Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsilə təkcə öz torpaqlarını işğaldan azad etmədiyini, eyni zamanda bütün Cənubi Qafqaz xalqalrını da erməni faşizmindən qurtardığını vurğulayaraq deyib: "Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi, xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda, Azərbaycan dövləti bu Zəfərlə artıq uzun illər bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir."