Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Separatçı bölgə Rusiyanın tərkibinə daxil olmaq üçün hərəkətə keçdi

Separatçı bölgə Rusiyanın tərkibinə daxil olmaq üçün hərəkətə keçdi

Tarix: 31 Mart 2022 21:26

Rusiyanın Ukraynanın şərqində iki qondarma "xalq respublikasının" müstəqilliyini tanımaq qərarı verərək ardınca bu ölkəyə qarşı irimiqyaslı hərbi təcavüzə başlaması Qafqazda da separatçıları fəallaşdırıb. virtualaz.org xəbər verir ki, Gürcüstanın Cənubi Osetiya bölgəsi Rusiyaya birləşəcəyini elan edib və bunun üçün referendum keçiriləcəyi açıqlanıb. Artıq referendumun təxmini vaxtı da məlumdur və separatçılar əllərində Rusiya bayraqları ilə Sxinvali küçələrinə çıxaraq "rus dünyasına qovuşmaq" xəbərlərini bayram edirlər.

2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilənin və 5 gün davam edən müharibənin ardınca Rusiya separatçı Cənubi Osetiya regionunu "müstəqil respublika" kimi tanıyıb. Və orada özünün hərbi bazasını yerləşdirib. Marionet rejimin rəhbəri, özünü "Cənubi Osetiya prezidenti" adlandıran Anatoli Bibilov Rusiyaya birləşmək qərarını martın 30-da açıqlayıb. O bildirib ki, yaxın zamanlarda Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması üçün hüquqi addımlar atılacaq.

Bibilovun düyməsinə basdılar...

"Mən hesab edirəm ki, Rusiyaya birləşmək bizim strateji hədəfimizdir. Bizim yolumuzdur. Xalqımızın arzusudur. Və biz bu yolla irəliləyəcəyik. Müvafiq hüquqi addımları yaxın zamanlarda atacağıq. Cənubi Osetiya tarixi vətənin - Rusiyanın bir parçası olacaq", - Bibilov bəyan edib.

Ardınca Cənubi Osetiya "parlamentinin" rəhbəri Alan Tadtayev bildirib ki, "ölkənin Rusiyaya birləşməsi üçün bütün əsasları var" və onun sözlərinə görə, bütün zəruri prosedurlar ən yaxın zamanlarda həyata keçiriləcək. O, Cənubi Osetiyanın Rusiyaya birləşməsi haqda referendumun aprelin 10-na təyin edilmiş "prezident seçkilərinin" ardınca keçiriləcəyini açıqlayıb.

Cənubi Osetiya. Rusiyanın 4-cü bazasında bayram...

Moskvada isə dərhal separatçı regionun "rus dünyasına qovuşmaq" qərarını sevinclə qarşılayıblar və alqışlayıblar. Hətta separatçıların əvəzindən referendumun təxmini vaxtını da müəyyən ediblər. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini Viktor Vodolatski referendumun "prezident seçkilərinin" ardınca", may-iyun aylarından gec olmayaraq keçiriləcəyini deyib.

"Prezident seçkilərindən və yeni prezidentin and içməsindən sonra onlar bu proseduru həyata keçirəcəklər. Mən hesab edirəm ki, o qədər də çox vaxt aparmayacaq, uzağı may-iyun aylarında baş verəcək", - rusiyalı deputatın bu sözlərini TASS sitat gətirir.

Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Andrey Klimov da Cənubi Osetiyanın Rusiyaya birləşməsi üçün "heç bir maneə olmadığını" deyib. Onun sözlərinə görə, Rusiyaya birləşmək barədə referendum "beynəlxalq təcrübənin göstərdiyi kimi", bir ay-ay yarım ərzində keçiriləcək.

"Bu, əlbəttə ki, Cənubi Osetiyanın özünün qanunvericiliyindən asılıdır, orada hər halda qanunlar işləyir. Bir ay-ay yarım belə məsələləri bütün normalara riayət etməklə həll etmək üçün kifayət edir", - Klimov deyib.

Məsələ hər halda kriminal olduğu üçün ona baş istintaqçı, general Bastrıkin də münasibət bildirməyi zəruri sayıb...

Qonşu ölkənin ərazilərində separatizmi alovlandırmaq, daha sonra orada oyuncaq "respublika" qurmaq və ardınca həmin "respublikanı" referendum yolu ilə öz tərkibinə qatmaq hər halda kriminal əməl olduğu üçün görünür məsələyə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də münasibət bildirməyi zəruri hesab edib. İstintaq Komitəsinin mətbuat xidmətindən jurnalistlərə deyiblər ki, general Bastrıkin Bibilovun Cənubi Osetiyaya birləşdirmək üçün hüquqi addımların atılmasına dair qərarının "aktuallığını" xüsusi qeyd edir. Və Bastrıkin bildirir ki, Cənubi Osetiya Rusiya Federasiyasının çoxdankı və mühüm strateji tərəfdaşıdır.

Bəs Cənubi Osetiya əhalisi Rusiyaya birləşmək xəbərlərinə necə münasibət bildiriblər? Xəbərlərə görə ötən axşam Sxinvali küçələrində Rusiya bayraqları ilə avtomobil yürüşü keçirilib. Yürüşə çıxanlar Rusiyaya birləşmək barədə referendumun keçiriləcəyi haqda xəbərləri səs-küylü avtoyürüşlə qeyd ediblər. Yəni proseslər ssenari üzrə gedir və Cənubi Osetiya sakinlərinin "rus dünyasına qovuşmağa" necə can atdığına dair görüntülər də hazırdır.

Gürcüstan xarici işlər nazirinin separatçı Cənubi Osetiya regionunun Rusiyaya birləşmək qərarına münasibəti isə bu gün açıqlanıb. Orada deyilir:

- Gürcüstan üçün işğal altında olan ərazisində referendum barədə danışmaq qəbuledilməzdir. Bu işğalın yalnız siyasi deyil, Strasburq məhkəməsinin verdiyi hüquqi qiyməti də var. İşğal şəraitində hər hansı bir referendumun heç bir hüquqi qüvvəsi olmayacaq. Xüsusən də ona görə ki, yüz minlərlə vətəndaşımız etnik təmizləmə nəticəsində qovulub və onların öz evlərinə qayıtmaq hüququ yoxdur. Bu məsələdə beynəlxalq ictimaiyyətin bizə böyük dəstəyi var.

Bu addım Gürcüstanı yenidən təxribatlara çəkmək cəhdləridir. Biz əlbəttə ki, buna yol verməyəcəyik. Gürcüstan hakimiyyəti ardıcıl sülh siyasətinə sadiqdir. Bu siyasət güc tətbiq etmədən işğala son qoymağa yönəlib. Biz ərazi bütövlüyümüzü bərpa etmək üçün güc tətbiq etməyəcəyik. Bu mövqeyimizi beynəlxalq ictimaiyyət də dəstəkləyir.

Qeyd edək ki, Gürcüstan hökuməti Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə neytral qalanda və Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara qoşulmayacağını bəribaşdan elan edəndə görünür Moskvanın Gürcüstanın separatçı regionlarına dair yeni planlar ortaya qoymayacağına ümid edirdi. Lakin Tbilisinin Rusiyanın Ukraynaya qarşı təcavüzünə loyal yanaşması Kremlin Gürcüstan ərazilərinin bir hissəsinin ilhaq edilməsi prosedurunu tamamlamaq planlarına mane olmayıb.

O da maraqlıdır ki, Gürcüstanın digər separatçı regionu Abxaziya Rusiyaya birləşmək planlarının və məqsədlərinin olmadığını elan edib. Abxaziyadakı separatçı hakimiyyətin "təhlükəsizlik şurasının" katibi Sergey Şamba bildirib ki, Abxaziyanın Rusiyanın tərkibinə daxil olması gündəmdə dayanan məsələ deyil.

Abxaziyada isə Şambanın ayrı planları var...

"Biz Cənubi Osetiyanın seçiminə hörmətlə yanaşırıq. Amma bizim tamam ayrı tarixçəmiz var. Bizdə belə siyasi partiyalar və ya siyasətçilər yoxdur ki, Rusiyaya birləşmək məsələsini qoysun. Və bizim Konstitusiyamız da bunu etməyə imkan vermir", - o deyib.

Bəs Kremlin Cənubi Osetiya regionunu Rusiyaya birləşdirmək üçün düyməyə basması niyə indi baş verir?

Qeyd etmək lazımdır ki, əslində Cənubi Osetiyanı Rusiyaya birləşdirmək təşəbbüsləri və planları yeni deyil. Bu mövzu vaxtaşırı olaraq qaldırılırdı, indi isə söhbət konkret prosedurun başladılmasından gedir. Və bu prosedur Rusiyanın Ukraynanı bütünlüklə işğal edib Kiyevi tutmaq, bu ölkəni "rus dünyasına" daxil etmək planlarının iflasa uğradığı bir vaxtda başladılır. Görünür Kremlə mayın 9-na qədər növbəti qələbə lazımdır və bu qələbəni Ukraynada əldə etmək perspektivləri getdikcə zəifləyir, amma əvəzində "rus dünyasını" Cənubi Osetiyanın hesabına genişləndirmək və hər halda qələbə paradı keçirmək olar. Yəni Cənubi Osetiyada referendumun aprelin sonlarında, mayın əvvəllərində keçirilməsi böyük ehtimalla baş verəcək. Həmin vaxta qədər Rusiya qoşunları əsas diqqəti Ukraynanın şərq ərazilərinin işğalını genişləndirməyə, Krıma Donbass üzərindən quru əlaqəsini təmin etməyə, o cümlədən hazırda işğal altında saxladığı Xersonda "xalq respublikası" yaratmaq üçün "referendum" da keçirməyə yönəldəcək. Yəni Ukraynanın işğalı planı tam baş tutmasa da qələbə bayramı üçün səbəblər hər halda formalaşdırılacaq...


Etiketlər:  Separatçı bölgə Rusiyanın tərkibinə daxil olmaq üçün hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ