Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 09:50
ABŞ Donbassda Ukrayna Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün sovet istehsalı olan tankların bu ölkəyə verilməsində vasitəçi olacaq.
Bununla bağlı olaraq Vaşinqton NATO üzvü olan dövlətlərlə danışıqlar aparır.
Sonxeber.net New York Times-a istinadən bildirir ki, Birləşmiş Ştatlar münaqişədən sonra ilk dəfə olaraq Ukraynaya sovet tanklarının təhvil verilməsi prosesində vasitəçi kimi çıxış edəcək.
Həmçinin Kiyevə tankların verilməsində hansı ölkələrin iştirak edə biləcəyi də məlum deyil.
ABŞ-ın Kiyevə sovet tipli tankların təhvil verilməsini reallaşdırması barədə qərar Ukrayna Prezidenti Volodimir Zelenskinin bu barədə NATO ölkələrinə müraciət etməsindən sonra verilib.
Xatırladaq ki, martın 24-də V.Zelenski NATO üzvü olan ölkələrə xitabən demişdi: "Tanklarınızın cəmi 1 faizini Ukrayna ilə bölüşün. Ukrayna 1 faiz istəyir. Bütün tanklarınızın cəmi 1 faizini! Ya bizə verin, ya da satın. Amma hələ də aydın cavab almamışıq".
Ukraynaya ABŞ vasitəsilə tankların verilməsi prosesi yaxın günlərdə başlaya bilər.
Sovet istehsalı olan tankların NATO üzvü olan hansı ölkə və ya ölkələr tərəfindən veriləcəyi açıqlanmayıb.
Lakin ekspertlərin fikrincə, bu ölkə Polşa ola bilər.
Belə ki, ötən il Polşa ordusundakı köhnəlmiş T-72 tanklarını ABŞ-dan alacağı SEPv3 versiyalı 250 "M1A2 Abrams" ilə əvəzləyəcəyini bəyan etmişdi.
ABŞ Dövlət Departamenti Polşaya tankların satışına bu ilin fevralında icazə verib.
Bundan başqa, Polşanın Silahlı Qüvvələri aktiv şəkildə Almaniya istehsalı olan "Leopard" tankları ilə təchiz olunur.
Ukraynanın əldə edəcəyi tanklar Donbasdakı hərbi hissələrin müqavimət gücünü artıracaq. Bu isə Ukraynadakı müharibənin yeni mərhələsi olacaq. Rusiyanın Müdafiə Nazirliyi bu həftə bildirmişdi ki, Ukraynadakı hərbi əməliyyatlarda bundan sonra əsas diqqəti ölkənin şərqinə yönəldəcək.
"Oryx" analitik qrupunun məlumatlarına görə, fevralında 24-də Ukraynada müharibə başlayandan bəri ukraynalı hərbçilər Rusiyanın təqribən 161 tankını ələ keçiriblər. Rusiya isə ukraynalıların 43 tankını ələ keçirdiyi bəyan edib.