Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 21:30
"Rəqibi gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Oyundan zövq aldılar. Karyerasında bu qədər oyunun olacağını heç kim bilmir".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, xüsusən hücum xəttində qeyri-dəqiqliklər çox olub. O, fiziki yorğunluq və ya ruh düşkünlüyündən şikayət etməyə haqlarının olmadığını bildirib: "Avropa ilə müqayisədə Azərbaycanda futbolçular xeyli az oyun keçirirlər. Ona görə də yorğunluqdan şikayət etməyimiz kişilikdən deyil. Yalnız ustalıq səviyyəsi lazımdır. Bu gün qapımıza vurulan qollar elə idi ki, qapıdan heç traktorla da çıxarmaq mümkün deyildi. Basketbolda 3 xallıq atışlar olur. Biz heç bir bəhanə tapa bilmərik. Səhvlər üzərində işləməliyik".
Belaruslu mütəxəssis yanlış vaxtda yanlış komandaya gəldiyinə dair fikirlərlə razılaşmayıb: "Bura yanvarın 5-də gəlmişəm. Heç nədən şikayətlənmirəm. Bu, bizim peşəmizdir. Peşmançılığım da yoxdur. Komanda ilə çətin anlar yaşayırıq. İş prosesi zamanı yeni fikirlər ortaya çıxır. Düzgün yerə gəlmədiyimi desəm, bu, futbolçularımız üçün də yaxşı olmazdı".
Baqa start heyətdə meydana çıxmış yeni transfer Andrey Popoviçin artıq 3 həftədir komanda ilə birgə məşq etdiyini vurğulayıb: "Əlbəttə, oyun praktikası yox idi. Amma bizim müqaviləli oyunçumuzdur və tamhüquqlu üzvümüzdür. İndi hazırlıq səviyyəsi barədə danışa bilmərik. Ailəsi Ukraynadadır. Daim ailəsi ilə əlaqədədir. O, bəzi epizodlarda bizi xilas etdi, bəzilərində isə inamsız oynadı. Amma ümumilikdə 100 faiz hazırlıqlı olduğunu deyə bilmərik".