Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 15:02
Güclü külək Bakıda bir sıra fəsadlar törədib. Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasından qopan üzlük daşı təxminən 15-20 metr kənarda yerləşən xəstəxananın həyətində dayanan maşınların üzərinə düşüb. Zərərçəkmiş sürücülər iddia edirlər ki, hadisə zamanı 8 avtomobil əzilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasından düşən üzlük daşı bir neçə avtomobili əzib.
Hadisə səhər saatlarında paytaxtın Yasamal rayonu Bəsti Bağırova küçəsində baş verib. Elmi-Tədqiqat Pediatriya İnstitutuna xəstə gətirən sürücülər avtomobillərini xəstəxananın həyətində park ediblər. Güclü külək yaxınlıqda olan çoxmərtəbəli binanın üzlük daşını qopararaq təxminən 15-20 metr kənarda olan avtomobillərin üzərinə atıb.
Sürücü deyir ki, təxminən ona 1000 manata yaxın zərər dəyib. Qara Cəlilli kimi, Sakit Xanmuradovun da avtomobilinə ziyan dəyib. Bu sürücü də xəstəxanaya uşaq gətirib avtomobilində əyləşib onları gözləyirmiş.
Zərərçəkmiş sürücülər bildirdilər ki, hadisə zamanı 8 avtomobilə zərər dəyib. Hadisə ilə bağlı MTK rəhbərliyi ilə əlaqə saxlamaq üçün yaşayış binasının həyətinə getdik. Mühafizəçi bildirdi ki, rəhbər şəxslər yoxdur və bu hadisə ilə bağlı onlara heç bir məlumat verə bilməz.
Bundan sonra zərərçəkmiş sürücülər əzilmiş avtomobilləri həmin yaşayış binasının həyətinə girişdə saxlamaqla giriş-çıxışı bağlayıblar. Bina rəhbərliyi bundan sonra həmin şəxslərdən biri ilə əlaqə saxlayaraq, bütün sürücülərə dəymiş zərəri qiymətləndirib yaxın günlərdə ödəyəcəyini bildirib.