Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 14:34
"İnstagram"da siğə ilə evlilik təklifləri narazılıq yaratdı: "Bu, din adı altında edilən ən böyük əxlaqsızlıqdır"
Sosial şəbəkələrdə dini adlarla yaradılan tanışlıq qruplarının fəaliyyəti cəmiyyət arasında tənqidlərə səbəb olub. Xüsusilə də "ailə həyatı qurmaq üçün deyil, siğə ilə münasibət qurmaq istəyirəm", "həyat yoldaşımdan boşanmışam, siğə ilə bir bəylə tanış olmaq istəyirəm", "20 yaşım var, boyum 1.70-dir. Namaz qılıram, siğə ilə münasibət üçün qız axtarıram" kimi izdivac təklifləri ictimaiyyət tərəfindən sərt qarşılanıb.
"İnstagram"da belə qrupların fəaliyyəti əsasən sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Feysbukda bəziləri qeyd edib ki, bu, din adı altında edilən ən böyük əxlaqsızlıqdır. "Bir neçə aylıq münasibət olar? Dində belə yanaşma ola bilməz, indiki zamanda belə düşünmək, münasibət qurmaq, sadəcə, xurafatdan başqa bir şey deyil", - deyə Aqşin adlı şəxs bildirib. Bəziləri isə bu cür qrupların fəaliyyətinin araşdırılmasını təklif edib.
Mövzu ətrafında bir çox suallar da verilir, məsələn, "siğə ilə münasibət qurmaq günahdırmı?" Sosial şəbəkələrdə bu cür tanışlıqlar, münasibətlər qurmaq bir din adamı üçün doğrudurmu? Din buna necə yanaşır? Bəziləri isə siğə etməklə günah qazanmadıqlarını, əksinə, bunun İslam dininin tələbi olduğunu iddia edirlər.
Bizimlə söhbətdə İslam elmləri tədqiqatçısı Samir Əzizov mövzu ilə bağlı belə şərh verib: "Siğə adı ilə tanınan evliliyin adı fiqh (islam hüququ) elmində müvəqqəti kəbin, yəni mütə olaraq adlandırılır. Kəbində oxunulan əqd, yəni siğə ifadəsinə görə bu şəkildə məşhurdur. Bildiyimiz kimi, İslam fiqhində yüzlərlə məsələnin eynilik təşkil etməsinə baxmayaraq, müvəqqəti kəbin məsələsində fiqhi məzhəblər arasında fikir ayrılıqları mövcuddur. Şiə məzhəbinin Cəfəri fiqhinə əsasən, müvəqqəti kəbin İslamın erkən çağlarından etibarən indiki dövrümüzə qədər öz qüvvəsində qalıb. Əhli sünnə məzhəbinin alimlərinə görə isə fikir ayrılıqları mövcuddur. Bəziləri İslam Peyğəmbərinin dövründə qüvvədə olduğu halda sonradan Peyğəmbərin dövründə qadağan olduğunu (qüvvədən salındığını), digər bir qrup, onun xəlifə Ömərin vasitəsilə qüvvədən salındığını deyir, kiçik bir dəstə isə müvəqqəti nikahın, ümumiyyətlə, qadağan olunduğunu iddia edirlər. Belə ixtilafların olması isə fiqh elmində təbii və labüddür. Amma şiə fəqihlərinin birgə rəyinə əsasən, müvəqqəti nikah Peyğəmbərin (s) dövründə mövcud olmuş və qadağan edilməyib. Və heç bir kəs Peyğəmbərdən (s) sonra onu qüvvədən sala bilməz.
İlk öncə bunu bildirək ki, bu məsələ sui-istifadəyə açıq bir hökm xarakterini daşıyır. Şiə alimlərinin görüşlərinə əsasən, əgər müvəqqəti nikahdan sui-istifadə edilməsə, o, cəmiyyətin bir çox ictimai və sosioloji böhranlarının həllinə müsbət cavab verəcəkdir. Belə ki, daimi nikaha imkanı olmayan cavanların cinsi həyat problemləri, ticarət, iqtisadi və ya təhsili hacətlər üzündən öz ailəsindən uzaqlarda qalan şəxslərin cinsi ehtiyacları müvəqqəti nikah vasitəsilə təmin edilmiş olur. Amma qeyd etməliyəm ki, cəmiyyətdə bundan sui-istifadə halları çoxdur.
Alimlər yazdıqları məsələnin əxlaqi cəhətlərinə toxunaraq müvəqqəti nikahdan sui-istifadə olunmasının, qadınların iyrənc yollara doğru çəkilməsinin, bu ilahi qanunun şəhvətpərəst şəxslərin oyuncağına çevrilməsinin əleyhinə olduğunu qeyd ediblər. Əslində bir çox məsələlər daimi nikahla eynidir. Misal olaraq mehriyyə, qadının kəbindən boş olması, dünyaya gələn övlad, ayrıldıqdan sonra iddə saxlanılması və sairə qeyd edə bilərəm.
O ki qaldı bunun günah olub-olmamasına, bu məsələ geniş anlayışdır. Əgər tərəflərin bir-birini yarı yolda qoyub ayrılmasını nəzərdə tuturuqsa, bu belə deyil, çünki tərəflər öncədən qarşılıqlı razılıq əsasında müddət təyin edirlər. İkincisi, günah anlayışını təyin edən şəriət sahibi Allahdır. Əgər bunun qanuniliyi Quran vasitəsilə sübuta yetirilərsə, bu, günah deyil, icazə verilmiş mətləblərdən sayılacaqdır. Əks halda, günah sayıla bilər".
Dini məsələlər üzrə ekspert Vüqar Abbasov da mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bildirib: "Biz müsəlman ölkəsiyik. İslam dininə qulluq ediriksə, Qurani-Kərimə əsaslanmalıyıq. Bizim ana kitabımız Qurandır. Quranda siğə ilə bağlı heç bir göstəriş qeyd olunmayıb. Yaxud da bunun qaydaları barədə heç nə yoxdur. Əgər biz özümüzü müsəlman adlandırırıqsa, müqəddəs kitaba baxmalıyıq. Əgər Qurani-Kərimdə bir cümlə belə bununla bağlı yazılmayıbsa, bu o deməkdir ki, bu, insanların uydurduğu məsələdir. Çünki Quranda hər bir məsələnin təfərrüatı ilə izahı barədə qeyd var. Amma siğə ilə bağlı heç bir qeyd yoxdur. Bunu deyən adamlar Qurani-Kərimin hansı ayəsini istinad edirlər, onu göstərsinlər... Ona görə də Quranda siğə nəzərdə tutulmadığı üçün dini baxımdan bu cür münasibətlərə düzgün baxılmır. Quranda yalnız "4 həyat yoldaşı ola bilər" deyilir. Burada da valideynlərin hər birinin razılığı olmalıdır. Bundan əlavə, "züariyələr" anlayışı var. Bu nə deməkdir? Müharibə vaxtı əsir düşən qadınlar olub, əri ölübsə, sən ona qulluq edirsənsə, bütün təminatını ödəyirsənsə, belə bir nikah ola bilər. O da müharibə vaxtı olub, indiki dövr üçün nəzərdə tutulmayıb. Bizim dövrdə elə bir halların olması, sadəcə, insanların uydurmasıdır. "İnstagram" kimi yerlərdə qrupların belə fəaliyyəti düzgün deyil, bunlar günah sayılır".