Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?

Sanksiyalara məruz qalan Putinin qızları nə iş görür?

Tarix: 7 Aprel 2022 15:44

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalarda Rusiya prezidenti Vladimir Putinin qızları, 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonova da var.

Hamıya məlumdur ki,  Putin şəxsi həyatını və ailəsini həmişə gizli saxlayır. Hətta 2015-ci ildə mətbuat konfransında qızları ilə bağlı suallara da cavab verməkdən imtina etmişdi: 

"Qızlarım Rusiyada təhsil alıblar və burada yaşayırlar. Mən onlarla fəxr edirəm. Onlar üç xarici dildə sərbəst danışırlar. Ailəm haqqında heç kimlə danışmıram. Hər kəsin öz həyatını yaşamaq hüququ var. Onlar da öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər".

Amma Putin hər nə qədər qızlarını gizli saxlamağa çalışsa da, zaman-zaman onlar haqqında xəbərlər ortaya çıxır. 

Sonxeber.net BBC-yə istinadən Rusiya prezidenti Vladimir Putinin qızları haqqında məlumatları təqdim edir: 

Mariya və Katerina Putinin boşandığı həyat yoldaşı Lyudmiladan olan qızlarıdır. Cütlük 1983-cü ildə evlənəndə Putin KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti, Lyudmila isə stüardessa idi. 

Evlilikləri 30 il davam edib və bu müddətdə Vladimir Putin Rusiya siyasi müstəvisində sürətlə yüksəlib. Onlar 2013-cü ildə hər ikisinin ortaq qərarı ilə boşanıblar. 

Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb.

Mariya Vorontsova indi endokrin sistem üzrə ixtisaslaşmış akademikdir. Onun uşaqlarda "böyümə geriliyi halları" haqqında kitabı var və Moskvada Endokrinologiya Elmi Mərkəzində qeydiyyatda olan mütəxəssislərdən biridir.

Bununla yanaşı, Mariya həm də iş qadınıdır. Rusiya mətbuatının yazdığına görə, bu yaxınlarda böyük tibb mərkəzi layihəsi olan şirkətlə ortaqlığa başlayıb. Hətta ABŞ, Vorontsovanın Kremldən milyardlarla dollar dövlət maliyyəsi ilə aparılan genetik tədqiqat proqramlarına rəhbərlik etdiyini, rəhbərinin isə Putinin olduğunu bildirib. 

Mariya Vorontsova hollandiyalı iş adamı Corrit Cost Fasen ilə evlidir. Fasen bir vaxtlar Rusiyanın dövlət neft-qaz nəhəngi olan "Qazprom"da işləyib. Hazırda cütlüyün ayrıldığı haqda xəbərlər yayılır. 

Rusiyanın Ukraynaya hücumundan sonra Mariya Vorontsovanın yaxınları onun bu məsələdə atasını dəstəklədiyini və beynəlxalq mediada yazılan xəbərlərə inanmadığını bildiriblər. 

Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova isə böyük bacısından fərqli olaraq mətbuatda daha çox görünür. Hətta 2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində partnyoru ilə 5-ci yeri tutub. 

Elə həmin il Katerina Putinin köhnə dostlarından birinin oğlu Kiril Şamalovla evlənin. Onların toyu Sankt-Peterburq yaxınlığındakı qış kurortunda keçirilib. Otel işçilərinin sözlərinə görə, onlar toya 3 ağ atın çəkdiyi xizəklə daxil olublar.

2018-ci ildə Kiril Şamalov Rusiyanın enerji sektorundakı roluna görə ABŞ-ın sanksiyalar tətbiq etdiyi adlardan biri olmuşdu. ABŞ mətbuatında məlumat yaymışdı ki, Şamalovun mal varlığı evləndikdən sonra nəzərəçarpacaq qədər artıb.

Amma bu cütlük də axıra qədər gedə bilməyib və ayrılıblar. 

Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də iş qadınıdır. 2018-ci ildə Rusiyanın dövlət mediasında qısa çıxışı zamanı neyrotexnologiya haqqında danışıb. Daha sonra 2021-ci ildə biznes forumunda da görünüb. Amma heç bir halda Putinin qızı kimi təqdim olunmayıb. 

Məlumata görə, Putin qızları ilə çox vaxt keçirmir. Onun nəvələri də var. Vladimir Putin 2017-ci ildə verdiyi müsahibəsində nəvələrinin olduğunu desə də, hansı qızından olduqlarını və sayını açıqlamayıb. 

"Nəvələrim haqda onu deyə bilərəm ki, onlardan biri artıq bağçaya getməyə başlayıb. Bunu başa düşməyiniz üçün xahiş edirəm. Mən onların şahzadələr kimi yox, normal insanlar kimi böyümələrini istəyirəm" - Putin bildirirdi. 

Qeyd edək ki, Bayden administrasiyası Putinin iki qızının atalarının bir çox əmlaklarına nəzarət edəcəklərini düşünür. Onlar Putinin oliqarx dostları və ailəsi vasitəsilə sərvətini ABŞ maliyyə sisteminə daxil edəcəyinə inanırlar. Buna görə də ABŞ sanksiyaların Mariya Vorontsova və Katerina Tixonovaya da tətbiq olunmasının tərəfdarıdır. 


Etiketlər:  Sanksiyalara məruz qalan Putinin qızları görür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ