Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 13:40
Bakı. Cani Babayeva - Trend:
Bakıda keçiriləcək bədii gimanstika üzrə 37-ci dünya çempionatının iştirakçısı, gimnast Məryəm Səfərova yarışa ciddi hazırlaşır.
İdmançı Trend-ə müsahibəsində gimnastikaya gəlməyindən və çempionata hazırlığından danışıb.
O bildirib ki, bədii gimnastika ilə məşğul olmağa 6 yaşından başlayıb:
“Sonra gördüm ki, bu, məndə alınır və mən peşəkar idmanla məşğul olmağa başladım. Bədii gimnastikada öz emosiyalarını nümayiş etdirə bilmək, artistizm mənim çox xoşuma gəlir”.
M.Səfərova qeyd edib ki, dünya çempionatı onun idman karyerasında mühüm mərhələ olacaq:
“Mən fərdi proqramda lentlə hərəkətlərdə çıxış edəcəyəm. Yarışdan əvvəl mən hər gün çoxlu məşq edirəm ki, yaxşı nəticə göstərim. Yarışın bütün ciddiliyini anlayıram və üzərimizə düşən məsuliyyəti hiss edirəm. Səhvsiz çıxış etmək istəyirəm ki, valideynlərimin xoşuna gəlsin”.
Gimnastın sözlərinə görə, tamaşaçıların dəstəyi çox şey ifadə edir. O, bütün gimnastika həvəskarlarını Milli Gimnastika Arenasına dəvət edib:
“Yarışdan əvvəl mən həyəcanlanıram, həyəcanın öhdəsindən gəlməyə məşqçi kömək edir. Tamaşaçılar mənə çox kömək edir, onların dəstəyi məni ruhlandırır və mən daha inamlı və yaxşı çıxış edirəm”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin