Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 10:50
Rusiya prezidenti Vladimir Putinin keçmiş baş iqtisadi müşaviri Andrey İllarionov hesab edir ki, Qərb Rusiyadan neft və qaz alışını dayandırsa, Ukraynadakı müharibəyə son qoyula bilər. Andrey İllarionov hesab edir ki, Kreml Qərbin Rusiyadan enerji istehlakını azaltmaq barədə xəbərdarlığını "ciddi qarşılamayıb".
Sonxeber.net BBC News-a istinadən bildirir ki, Qərb Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Avropa bu ölkədən neft və qaz alışını davam etdirməkdədir. Keçən il qiymətlərin bahalaşması Rusiyaya büdcəsinin üçdə birindən çoxunu neft və qaz gəlirlərinin hesabına formalaşdırmağa imkan verib.
Bu gəlirin böyük hissəsi Avropa İttafaqından daxil olur. Aİ qazının təxminən 40%-ni və neftin 27%-ni Rusiyadan idxal edir.
Bu həftə Aİ-nin baş diplomatı Josep Borrell Aİ-nin Rusiyaya aldığı enerjiyə görə nə qədər pul ödənildiyi məsələsinə diqqəti çəkib.
"Biz Putindən aldığımız eneriyə görə hər gün ona bir milyard [avro] ödəyirik", - Josep Borrell bildirib.
Andrey İllarionov hesab edir ki, əgər Qərb ölkələri "Rusiyadan neft və qaz ixracına real embarqo tətbiq etsələr, yəqin ki, bir-iki aya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırılacaq".
"Bu, Qərb ölkələrinin əlində olan çox təsirli alətlərdən biridir", o əlavə edib.
Münaqişə başlayandan neft və qaz ticarəti davam etsə də, geniş miqyaslı sanksiyalar o deməkdir ki, bir çox digər sahələrdə iqtisadi fəaliyyət donub, bir çox xarici şirkət Rusiyanı tərk edib və ixrac pozulub.
Rusiya Mərkəzi Bankı tərəfindən aparılan son sorğulardan biri iqtisadiyyatın bu il 8% düşəcəyini proqnozlaşdırır, Beynəlxalq Maliyyə İnstitutu isə bu göstəricinin 15% azala biləcəyini bildirib.
Doktor İllarionov hesab edir ki, prezident Putinin iqtisadi zərbələrə dözməyə hazırdır, çünki onun üçün prioritet təşkil edən hədəf fərqlidir.
"Onun üçün ərazi ambisiyaları, imperiya ambisiyaları hər şeydən, o cümlədən Rusiya əhalisinin dolanışığından və ölkədəki maliyyə vəziyyətindən, hətta hökumətinin maliyyə vəziyyətindən də qat-qat vacibdir", - İllarionov deyib.
Keçən həftə Avropa ilə qaz haqq- hesablarına görə gərginlik fonunda Prezident Putin Rusiya iqtisadiyyatının sağlamlığının əsas göstəriciləri "iş yerlərinin yaradılması, yoxsulluğun və bərabərsizliyin azaldılması, insan həyatının keyfiyyətinin yaxşılaşdırılması, mal və xidmətlərin mövcudluğu" kimi amillərdən asılıdır.
Dünya Bankının hesabatları rusiyalıların təxminən 20 milyonunun yoxsulluq içində yaşadığını göstərir.
Prezident Putin son illərdə bu rəqəmi iki dəfə azaltmağı vəd edirdi.
Lakin doktor İllarionova görə, son hadisələr Rusiyada yoxsulların sayının "ikiqat, bəlkə də üçqat artacağını güman etməyə" əsas verir.
Moskvada mənzillənən Strateji araşdırmalar mərkəzinin hesablamalarına görə, bu il Rusiyada iki milyonadək iş yeri itirilə bilər.
Bu narahatlıqları Rusiyanın keçmiş energetika nazirinin müavini, hazırda isə müxalifət lideri Aleksey Navalnının "Gələcəyin Rusiyası" partiyasının üzvü olan Vladimir Milov da bölüşür: "Bir çox insan işlərini itirməkdən narahatdır. Müharibəyə görə ölkədə inflyasiya 15,7% səviyyəsinə artqı qalxıb, bahalaşmaya görə camaat idman zalları və restoranlara pul xərcləməyi azaldacaq- bu isə kiçik biznes üçün pis xəbərdir."
Bu ilin əvvəlindən şəkər, soğan və kələm kimi bəzi əsas ərzaq məhsulları 40%-dən çox bahalaşıb. Milov hesab edir ki, həyat standartlarının hər hansı nəzərəçarpacaq dərəcədə aşağı düşməsi müxalifətin işini asanlaşdıracaq. "Biz insanlara başa salırıq ki, Putinin siyasəti Rusiyanı tam sosial və iqtisadi fəlakətə, o cümlədən onilliklər ərzində görmədiyimiz həyat səviyyəsinin pisləşməsinə gətirib çıxaracaq".
Vladimir Milov deyir ki, "bir neçə ay belə davam etsə, bu, cəmiyyətin əhval-ruhiyyəsini dəyişəcək - daha çox insan etiraz səsini qaldıracaq".
Prezident Putinin keçmiş müşaviri Andrey İllarionov hesab edir ki, hökumət dəyişikliyi "gec-tez" qaçılmazdır: "Mövcud siyasi rejimlə Rusiya üçün hər hansı pozitiv gələcək mümkün deyil".