Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 11:30
Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında tör-töküntüsü hələ də qalmaqda davam edən "Artsax" adlandırılan rejimdə maraqlı proseslər yaşanır. Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı sensasion açıqlamaları, bu torpaqların Azərbaycana məxsus olmasını təsdiqləməsi, status məsələsinin gündəmdən çıxmasını təsdiqləməsi bomba effekti doğurub. Artıq separatçılar həqiqəti anlamağa başlayıblar ki, onlar da Ermənistana gərək deyillər və başlarına bir çarə qılsalar yaxşıdır. Bu yol da şübhəsiz separaçılıqdan əl çəkib Azərbaycanın nəzarəti altında yaşayıb, onun vətəndaşı olmaqdan keçir. Və Qarabağda hər hansı bir qondarma qurum yaratmaq istəkləri baş tutacaq sevda deyil.
Sözsüz ki, Nikol Paşinyanın parlamentdəki son çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıyırdı. Paşinyan açıq şəkildə bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistanı Qarabağın statusu məsələsində necə deyərlər, təzyiqi aşağı endirməyə çağırır. Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar.
Yeri gəlmişkən, "Artsax" adlandırdıqları qurumun rəhbəri Araiik Arutyunyanın qəbul etdiyi son qərar bu qənaəti daha da gücləndirib. Belə ki, rejim rəhbəri rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə hərbi vəziyyətin hüquqi rejimi dövründə məlumatların dərci və ya yayılması qaydaları haqqında fərman imzalayıb. Fərmana əsasən, hərbi xarakterli məlumatların, habelə respublikanın dövlət təhlükəsizliyi ilə bağlı məlumatların, o cümlədən internet və sosial şəbəkələrdə yayılması qadağandır. Bundan sonra "Artsax"ın müdafiə qabiliyyətini və təhlükəsizliyini tənqid edən nəşrlər də qadağandır. Bu bəndlərin pozulması həm inzibati, həm də cinayət məsuliyyətini nəzərdə tutur. Fərmanın icrasına nəzarəti respublikanın polisi həyata keçirəcək. Bu da o anlama gəlir ki, artıq Qarabağda tör-töküntüsü qalan erməni hərbi qruplaşmalarının fəailyyətinə son qoyula bilər, yaxud əvvəlki kimi təxribatçı əməllərə son qoymalı olacaqlar.
Kamran Seyidov