Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atam deyirdi ki, xəstəxanaya gəlsəniz də sizi yanıma buraxmayacaqlar, inanmırdıq ki...”

“Atam deyirdi ki, xəstəxanaya gəlsəniz də sizi yanıma buraxmayacaqlar, inanmırdıq ki...”

Tarix: 18 Aprel 2022 14:40

"Bəzən mənə deyirlər ki, atana çox oxşayırsan. Atama oxşamaq mənim üçün böyük bir fəxrdir. İlk illər bunu eşidəndə təəccüblənirdim. Oxşamaq deyəndə bu fizioloji bir yanaşmadır, gənc yaşlarında onu görənlər bu sözü mənə deyirdi. Mən həm də atama xaraktercə oxşayıram. Çünki atam dürüst insan idi, lazım olan işləri özü görərdi, işdən yorulmazdı, baxıb görürəm ki, bu məndə də var" .

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Məcnun Hacıbəyovun böyük oğlu Ceyhun Hacıbəyov deyib. O daha sonra əlavə edib.

"Atam ömrünün sonlarına qədər Qubanın 2-ci Nügədi kəndindəki evində tək yaşadı. 90-cı illərin əvvəllərində Qubada ona ev tikdik, Quba səfərləri günbəgün çoxalırdı, anamla gedib həmin evdə qalırdılar. Atam 2005-ci ilə qədər teatrda çalışdı, 40 ildən çox teatrda işləmişdi. Onun Qubaya yaşamağa getməsi, təbiətinin fərqli olması ilə əlaqədar idi. 40 ildən sonra torpaq onu çəkdi, qayıtdı doğma vətəninə. Biz anamı itirdikdən sonra da atam Qubada tək qalmağa üstünlük verirdi, təkliyi xoşlayırdı. Tək qalmasının səbəbi kimi isə onu deyirdi ki, mən hər şeyi özüm edir, heç kimə buyurmuram" deyə o bildirib.

Məcnun Hacıbəyovun kiçik oğlu Pərviz Hacıbəyov Moderator.az-a açıqlamasında bildirib ki, onu və qardaşını musiqi sahəsinə atası həvəsləndirib.

"Biz 3 övladıq, qardaşımla bacım Qubada, mən isə Bakıda anadan olmuşam. Atam bizi tez-tez teatra tamaşalara aparardı. Tamaşalardan zövq alırdım. Atam çalışırdı ki, biz incəsənətə meylli olaq, bu  səbəbdən qardaşım da musiqi sahəsində çalışırdı, daha sonradan bu sahədən uzaqlaşdı. Mən incəsənət, mədəniyyət sahəsində çalışmağa başladım, musiqiçi oldum. Arzum var idi ki, ansambllarda ifa edim, musiqiçi kimi tanınım, böyük sənətkarlarla görüşüm. Həmişə bizə aktyorlar qonaq gələrdilər. Bir dəfə də Səməndər Rzayevlə Yaşar Nuri bizə qonaq gəlmişdi, gördüm ki, həyətdə çaxnaşma düşüb. Sən demə onlar film üçün saçlarını keçəl ediblər, uşaqlar da onları görüb gülüşüblər (gülür). Atam baş rollara, əsas rollara can atmırdı. Soruşurduq ki, sən niyə əsas rollarda oynamırsan? Deyirdi ki, baş rolda aktyor özünü göstərməyə bilər, amma kiçik rol ilə nəsə deyə bilər. Mənim atamın çox gözəl səsi var idi, yadımdadır ki, tamaşalarda mahnı oxuyanda anşlaq olurdu, hamı onu alqışlayırdı" deyə sənətkarın oğlu bildirib.

Oğlu aktyorun son günlərindən də danışıb.

"Atam covid-19-a yoluxmuşdu, xəstəxanada yatırdı. Görüşə bilmirdik, onunla yalnız telefonla danışırdıq, bu bizim üçün çox təsirli idi. Deyirdi ki, gəlsəniz də onsuz yanıma buraxmayacaqlar. Atam bizə heç vaxt etiraf etmirdi, çox istədiyini bildirmirdi. Telefonda mənə dedi ki, oğlum səni çox istəyirəm. Atam çox sağlam idi, sağalmağa doğru gedirdi. Düşünmürdük ki, onu bu tezliyində itirə bilərik. 4 ay bundan əvvəl biz onu itirdik" deyə sənətkarın oğlu bildirib.


Etiketlər:  Atam deyirdi xəstəxanaya gəlsəniz sizi yanıma buraxmayacaqlar inanmırdıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ