Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 17:55
Sonxeber.net azxəbər-ə istinadla son zamanların ən çox dinlənən mahnısı olan "İlahi"nin ifaçısı Nəzrin Vəlizadə ilə müsahibəni təqdim edir:
- Nəzrin xanım, özünüz haqda oxucularımıza məlumat verərdiniz...
- Mən Nəzrin Vəlizadə. Coğrafiya müəllimiyəm, bəstəkar və söz yazarıyam. Müəllimlikdən uzaqlaşmağı hələ ki, düşünmürəm. Peşələrimi sevirəm və özümü hər iki işimdə inkişaf etdirməyə çalışıram, lakin musiqi mənim üçün ən üst pillədədir.
- Nəzrin xanım, son zamanlar gündəmdəsiniz. "İlahi" mahnısı necə yarandı?
- Bu mahnı aylar öncə yaranıb, lakin tədirgin olduğum üçün yayımlamaq barəsində qərarsız idim. Hər zaman qarşıma məqsədlər qoyub həll edəndən sonra nədənsə özümü xoşbəxt hiss edə bilmirdim. Anladım ki, insan indiki zamanında hüzurlu olmasa gələcəyində də olmayacaq və məqsədlər burada rol oynamır. Əslən necə olduğumu və nəyi istədiyimi anlamaq üçün hər gün meditasiya edərək lap keçmişə qayıtmağa çalışdım, xatırlamasam da körpəliyimə, dünyaya gəldiyim günə qayıtmaq istədim. Özümə sual verdim "Əgər ətrafımda heç kimin təsiri olmasaydı, mən necə biri olardım?". Anladım ki, bu dünyaya gələndə biz çox təmiz, saf və sevgi dolu oluruq. Yaradan bizi bu cür yaradıb və biz ilahi varlıqlarıq. İndiki yaşımadək saflığımı korlayan hər şeydən, düz bildiyim səhvlərdən qurtulmağa başladım. Bunu hər kəsə çatdırmaq istədim "İlahi" adlı mahnımla. Doğulduğunuz ana geri dönün.
- Musiqilərinizi bəyənənlər kimi bəyənməyənlər də olur. Bəziləri deyir ki, "İlahi" mahnısı şeytani hisləri və neqativliyi özündə birləşdirir. Bu haqda nə düşünürsünüz?
- Bu mahnı bütün sirləri açıqlayır. Mən şəxsi təcrübələrimdən və analizimdən uzun ifadə olunan fikirləri bir mahnıya sığdırdım. Çoxlu maraqlı rəylər var, əksəriyyəti həqiqəti əks etdirmir. Bu mahnı insanları ruhlandırmalıdır, çünki işıq doludur. Mən burada sizə böyük bir sirdən danışıram. Yüksək vibrasiyalarda, frekansda olanlara mahnı əla təsir bağışlayır. Ölümdən və yaşamaqdan qorxan, ümumiyyətlə şüuraltında qorxuları yatan insanlara mahnı neqativ təsir edir. Yaranın üzərinə bəzən acı məlhəm vurarlar ki, sağalsın. Bu onların yaralarıdır, həyatlarının və düşüncələrinin sükanı başqalarına aiddir. Mən isə onların üzlərinə necə gözəl ilahi varlıq olduqlarından danışıram. Hər kəsin cəsarəti çatmaz özünü olduğu kimi qəbul etsin.
- "Youtube"da sizin mahnılara qulaq asanda bir şey xüsusi diqqət çəkir. Hər bir musiqi platformada şəkil formasında yerləşdirilib. Niyə musiqilərinizə klip çəkmirsiz?
- Dinləyicilərimin gözəl bir cümləsi var: "Hər mahnıda klip yoxdur, çünki gözlərimizi yumanda hərəmiz öz klipimizi çəkirik". Mən daha çox insanların fantaziyalarını oyatmaq istəyirəm, həmçinin hesab edirəm ki, mənim işim musiqidirsə, görüntü olmasa da olar.
- Oxuduğunuz trekler tez məşhurlaşır. Amma yeni mahnılarınız gec işıq üzü görür. Bunun xüsusi səbəb var? Yoxsa zövqünüzcə olan mahnını tapana qədər gözləyirsiz?
- Səbəbi qeyri-sağlam perfeksionizmimdir. Hər yeni mahnımdan sonra gördüyüm iş gözümdən düşür, razı ola bilmirəm və böyük auditoriya bəyənsə də, mən bir qüsur tapıram. Əsərlərimi çox analiz edirəm, gec qərar verirəm. Ona görə kimsə yekun olaraq əsərimə mənfi rəy bildirəndə bu mənə təsir etmir, əksinə əsaslı tənqidləri sevirəm.
- 2 il əvvəl bizə verdiyiniz müsahibələrinizin birində demişdiniz ki, sizi çöldə görəndə heç kim tanımır. Bəs bu gün necədir?
- Məni artıq az-çox tanıyırlar və bu çox qəribə duyğudur. Xüsusən isə hansısa məkanda, ortamlarda məni tanıyan bir nəfər varsa mütləq şəkildə bunu hamıya bildirir və gizlənə bilmirəm. Diqqət mərkəzində olmağı sevmirəm.
- Məşhur olmaq kimi bir istəyiniz yoxdur?
- Mənim üçün məşhurluq sadəcə sözdür. Hesab edirəm ki, hər kəs öz işini əla bacarmalıdır və mən musiqiçi kimi işimi yaxşı görürəm. Daha geniş kütləyə öz fəlsəfəmi çatdırmaq istərdim. Ölkəmizə daha çox keyfiyyətli mahnılar vermək, layiqincə tanıtmaq istərdim. Dilimiz, mədəniyyətimiz, folklorumuz çox gözəldir və mən bunları dünyaya daha çox çatdıracam.
- Mahnılarınız bəyənilsə də, dinləyicilər sizin kim olduğunuzu bilmir.
- Dinləyicilərimə sadəcə dinləmək yetərlidir. Musiqi işimlə şəxsi həyatımın əlaqəsi yoxdur və mən sadəcə işini yaxşı görən sıradan bir insanam.
- Nə vaxtsa tərzinizi dəyişmək fikriniz var?
- Tərzimi dəyişmərəm, amma mahnılarımın tempi dəyişə bilər. Musiqidə maraqlı eksperimentlər etməyi düşünürəm, yavaş-yavaş düşündüklərimi ortaya çıxarıram , çünki bəzən auditoriya bu dəyişimə hazır olmur. Musiqilərimin əhvalı olduğu kimi qalacaq, məndən əyləncəli mahnılar eşitməyəcəksiniz. Düşünürəm ki, başqa tərzdə mahnıların ifaçıları olduqca çoxdur və əyləncəli mahnılar üçün playlistinizi digər ifaçıya çevirə bilərsiniz (gülür).
- Azərbaycan müğənnilərindən kimi özünüzə örnək bilirsiz?
- Alim Qasımovun yaşayaraq ifa etməsinə heyranam, Sevda Ələkbərzadənin daha öncəki ilıərdə musiqidə etdiyi təcrübələrini sevirəm, Zülfiyyə Xanbabayevanın heç yormayan səsini dinləyirəm, Dihaj-ın maraqlı tərzini və ümumiyyətlə özünü bəyənirəm.
- Şəxsi həyatınızdan nə deyə bilərsiz? Subaysınız? Ailə qurmağı düşünürsünüz?
- Şəxsi həyatım haqqında danışmaq istəmirəm.