Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin 2053-cü il üçün hədəfi

Türkiyənin 2053-cü il üçün hədəfi

Tarix: 19 Aprel 2022 09:32

Türkiyədə "Nəqliyyat 2053 baxışı" çərçivəsində qarşıdan gələn 30 il ərzində bu sahə üzrə bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, son 19 il ərzində ölkədə mədəni irsin qorunması, tarixi abidələrin bərpası, səhiyyə, təhsil, eləcə də nəqliyyat kimi sahələr böyük sürətlə inkişaf edib.

Növbəti 30 il üçün ölkənin Nəqliyyat və Logistika üzrə Baş Planı çərçivəsində "Nəqliyyat 2053 baxışı" hazırlanaraq cəmiyyətə təqdim olunub. Plana əsasən, bu dövr ərzində əsas məqsədlərdən biri ölkənin yol xidmətini ən yüksək səviyyəyə çatdırmaq, bununla da nəqliyyatın, həmçinin daşımaların fasiləsiz və rahat həyata keçirilməsini daha da inkişaf etdirməkdir.

Plana uyğun olaraq, yatırılacaq investisiyalarla qarşıdan gələn 30 il ərzində ölkənin bölünmüş yol şəbəkəsinin 38 min 60 kilometrə, magistral yol şəbəkəsinin isə 8325 kilometrə çatdırılması gözlənilir.

İqtisadiyyatı hər il daha da inkişaf edən Türkiyə üçün sərnişin və yük daşıması böyük əhəmiyyət kəsb edən sahələrdəndir. Layihələr, eyni zamanda, bu daşımaların təhlükəsiz, rahat və vaxtında yerinə yetirilməsini hədəfləyir. Bununla da ölkənin daşımaların etibarlılığı daha da artacaq.

Türkiyəyə yaxın bölgələrdə, xüsusilə Avropa İttifaqı ölkələrində daşıma növlərinin paylanması təhlil edildikdə, avtomobil yollarında sərnişin və yük daşımalarının paylarının digər nəqliyyat növlərinə nisbətən daha yüksək olması diqqət çəkir.

"Nəqliyyat 2053 baxışı" çərçivəsində Türkiyədə həyata keçiriləcək layihələrlə ölkə üzrə şərqdən qərbə və şimaldan cənuba nəqliyyatın hərəkətinin asanlaşdırılması hədəflənir. Bu marşrutlar üzrə strateji baxımdan əhəmiyyətli layihələr də yer alır.

Ölkədə nəqliyyat sahəsinin modernləşməsi tarixinə baxdıqda 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildikdə ölkənin dövlət sərhədləri daxilində 13 min 900 kilometri şosse, 4450 kilometri torpaq olmaqla, ümumilikdə 18 min 350 kilometr yol və 94 körpü olub. Ölkə üzrə ilk modern magistral yol 1973-cü ildə istifadəyə verilib ki, bu da Birinci İstanbul Dairəvi Yoludur. Eyni ildə hazırki "15 iyul - Şəhidlər körpüsü"nün istifadəyə verilməsi ilə ilk dəfə İstanbulun Avropa və Asiya qitələri quru yolu ilə birləşib.

Keçən ilin statistikasına baxdıqda ölkədə şərqi ilə qərbi arasında fasiləsiz bölünmüş yolların bütövlüyünü təmin etmək məqsədilə "Kömürhan", "Tohma-Şəhid Qaffari Günəş", "Hasankeyf-2", "Çanaqqala" kimi körpülər, bir sıra magistral yol, o cümlədən Türkiyənin Ərzurum vilayətini Qafqaza bağlayan "Pirinkayalar tuneli" istifadəyə verilib.

Bundan əlavə, 2021-ci ildə ölkədə 33 tarixi körpü bərpa olunaraq mədəni irs siyahısına daxil edilib.


Etiketlər:  Türkiyənin 2053 üçün hədəfi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ