Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həsən Əblucla bağlı gizlinlər açıldı: “Ərizəmi yazıb gedirəm" - FOTO

Həsən Əblucla bağlı gizlinlər açıldı: “Ərizəmi yazıb gedirəm

Tarix: 24 Aprel 2022 19:06

Mən 15 yaşında, 20 yaşında

Elə bilirdim ki, 40 qocalıqdır.

Bax, 40-ı ötmüşəm, ancaq başımda

Uşaqlıq həvəsi hələ qalıbdır.

"Ömür vəfa etsəydi məhz bu il Həsən Əbluc 80 yaşını qeyd edəcəkdi. Amma təəssüf ki o, ömrünün 52-ci ilində dünyadan ayrıldı. Bir insan və xüsusilə bir sənətkar ömrü üçün bu, çox az zaman kəsiyidir. Bununla yanaşı Tanrımı, talemi görünür Həsən Əbluca qarşı bir o qədər də amansız olmayıb. Çünki o, qısa ömür çərçivəsində teatr tamaşalarında oynamaqla yanaşı, həm də bir neçə filmdə, televiziya tamaşalarında oynayıb, Azərbaycan poeziyasından gözəl nümunələr səsləndirib. Yaxşı ki, o lentlər qalır və məhz onların sayəsində Həsən Əblucu bir addım da yaxından görməyə, tanımağa, tanıtmağa müvəffəq olub, onun təkrarolunmaz səsini eşidə bilirik".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Dövlət Teatr Muzeyində böyük sənətkar, teatr aktyoru və rejissoru, bədii qiraət ustası, pedoqoq, əməkdar artist Həsən Əblucun 80 illik yubileyinə həsr olunmuş tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi Sevinc Mikayılova səsləndirilib.

Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub, həmçinin aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib.

Həsən Əblucun ailə üzvləri, dostları, tələbələri onunla bağlı fikirlərini, xatirələrini bölüşüb, sənətkarı belə yad ediblər.

 

"Həsəni həyata qaytara bilmədilər"

Xalq artisti Rafiq Əzimov: "Həsən Əblucla mənim əməkdaşlığım həm televiziya, həm də teatrda olub. O həm aktyor, həm rejissor idi. Teatrda "Anamın kitabı" tamaşasını hazırlayanda ikinci hissəsinin məşqi zamanı Həsən Əblucun qəfil halı pisləşdi. Özümüzü itirdik. Təcili yardımı çağırdıq, Həsən Əblucu xəstəxanaya apardıq. Çox dəhşətli vəziyyət idi. Bir onu eşitdim ki, həkim sürücüyə deyir ki, maşını tez sür. "Semaşka"da həkimlər nə qədər çalışsalar da təəssüf ki, Həsəni həyata qaytara bilmədilər. Teatr aləmi böyük sənətkarını itirdi. Biz Həsəni qoruya bilmədik".

"...aramızdakı qardaşlıq, dostluq itərdi"

Xalq artisti Tariyel Qasımov: "Mən Həsənin mərdliyindən danışacam. Həsən və Şahmarla (red. Şahmar Ələkbərov) ilk dəfə Lüfti Məmmədbəyovun dram dərnəyində tanış olmuşam. Bu da 1956-cı ilə təsadüf edir. Həmin il həm də Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. Bir dəfə güləş yarışına getdiyimə görə dərnəkdəki məşqə gələ bilməmişdim. Növbəti dərsə gələndə Lüfti müəllim əsəbi halda "Bir də bura gəlmə. Səndən artist olmayacaq" deyib, məni dərnəkdən qovdu. Sonra Həsən gedib Lütfi müəllimlə danışıb, gülə-gülə yanıma gəldi, dedi hər şey yaxşıdır. Biz üç dost, üç sirdaş, üç qardaş idik. Sözü bir yerə qoyub sənədlərimizi Teatr İnstitutuna verdik. Yaxşı oxuyurduq, üçümüzün də şəkli əlaçılar sırasındaydı. Sonra təyinatım Akademik Dram Teatrına verildi. Lütfi Məmmədbəyov "Azdrama"ya keçəndə mənə dedi ki, sən "Tyuz"a (red. Gənc Tamaşaçılar Teatrı) get, mənim rollarımı sən oyna. Dediyini elədim. Həsəni "Anamın kitabı" tamaşasını hazırlamaq üçün "Azdrama"ya dəvət edəndə mənə dedi, Turabovla danışmışam, qayıt ora. Dedim "yox Həsən". Elə Gənc Tamaşaçılar Teatrında da Həsənin hazırladığı tamaşalarda rol ala bilərdim, amma oynamamışam. Niyə? Həsənin xarakteri çox tünd idi. Ehtiyat edirdim ki, tamaşa vaxtı nəsə olardı, aramızdakı qardaşlıq, dostluq itər. Ona görə qayıtmadım".

 

"Səhnədə məni qucaqlayıb öpməli idi"

Aktrisa Sona Babayeva: "Şahmar, Həsən Əbluc, Tariyel, Safura biz bir kursda oxuyurduq. Mən uşaq evindən İnstituta gəlmişdim. Etüdlərdə çox əziyyət çəkirdim. Bir gün etüd gərəyi Həsən səhnədə məni qucaqlayıb öpməli idi. Mən də icazə vermirdim. Axırda Məlik Dadaşov dözmədi dedi, bura niyə gəlmisən? Dedim, istəmirəm, mənə pis baxarlar. Çünki o vaxt belə tərbiyə alıb, böyüyürdük. Ona görə qorxurdum. Həmin etüdün şəkli əlimdədir.

Həsənin saf, billur ürəyi var idi. Qalmağa yerim yox idi, bir gün Həsən dedi, gedək bizdə qal, sağ olsun, 15 gün Həsəngildə, 15 gün Şahmargildə qalırdım. Onlar mənə qardaş oldular. Onların simasında mən əziz adamlarımı itirdim. Allah onlara qəni -qəni rəhmət eləsin".

 

"O pul deyil, sənət hərisi idi"

Xalq artisti Elxan Qasımov: "1963- cü il idi, institutda oxuyurdum, günlərin birində Həsən dedi səndən anama danışmışam, axşam bizə gələrsən. Getdim gördüm, üç dost - Həsən, Şahmar, Tariyel oturub kitab oxuyurlar. Yəni nə qumar oynayırlar, nə araq içirlər. Sənətlə məşğul olan üç dost...Ondan sonra dostluğumuz başladı.

Həsən ağır adam idi. Sözünü mütləq deməliydi. Yanında olanda həmişə sözlərini "ütüləyirdim". O yaltaqlığın, əyri yollarla getməyin nə olduğunu bilmədi. Həsən Əblucun ən gözəl əsərlərindən biri qızı - Elnazdır.

Həsənin kinoda elə işləri var ki, onu çoxları bilmir. "Yaramaz" filmində baş rolun ifaçısı Mamuka Kikaleyşvilinin səsləndirmək üçün aktyor axtarışında idilər. Səs rejissoru Əsəd Əsədovun təklifi ilə Həsəni dəvət etdilər. Kinostudiyada onu bəyənən, bəyənməyən, sonuncu pullarına "Malbro" alıb, çəkərək koridorlarda gəzənlər də onun səsinə valeh oldular.

Allah taleyini başqa cür yazdı. Qəmgin notlara köklənmək istəmirəm. İştahı az idi: o pul deyil, sənət hərisi idi. O içindən, ürəkdən bütün gücü ilə oynayırdı. Bax elə buna görə də ürək bir gün dözmədi..."

"Taleyimiz onun dediyi kimi oldu"

Xalq artisti Həmidə Ömərova: "Həsən Əbluc bizim müəllimiz idi. Ayda bir dəfə Moskvaya gəlirdi, 10 gün orada qalırdı. Ona qədər mən elə bilirdim Azərbaycan dilində mükəmməl bilirəm. Birinci dərsimizdən sonra başa düşdüm ki, heç nə bilmirəm. Moskvada səhnə danışığı müəlliməmiz Həsən Əblucun səsinin vurğunu idi. Həsən müəllim dərsə gələndə o xanım yaxınlaşıb deyirdi, mən Azərbaycan dilini bilmirəm, amma Həsən elə danışır ki, hər şeyi başa düşürəm. Onun səsi doğurdan ecazkar idi. Həmişə də ondan çəkinirdim. O sözü adamın üzünə deyirdi. 4- cü kursda oxuyurduq, nəyəsə hirslənmişdi, dedi elə bilirsiniz buranı bitirəndən sonra kino ulduzu olacaqsınız. Cavan qızlar tökülüb çöllərə, bax onlar aktrisa olacaq. Elə pərt və pis olduq ki...Bir az sonra güldü, dedi, zarafat edirəm, amma bilin ki, aktyor olmaq asan deyil, çətindir. Doğurdan da taleyimiz çox mürəkkəb oldu. Kiminsə bəxti gətirdi, kiminsə yox. Kim özünü teatrda, kim özünü dublyajda tapdı. Fəxr edirəm ki, elə bir müəllimim olub, mənə Azərbaycan dilində səlis danışmağı öyrədib. Çünki gələcək işimdə onun mənə öyrətdikləri çox gərəkli oldu".

 

"Həsənin səsi torpağın səsidir"

Əməkdar artist Ötkəm İsgəndərov: "Həsən müəllim dəmir xarakterli insan idi. Ədalət uğrunda mübarizə aparan və hər dəfə də maneələrlə qarşılaşan insan idi. O vaxtlar biz gənc idik və Həsən Əbluca, o dövrün sənətkarlarına qibtə ilə baxırdıq, onları görüb bu sənətə həvəslənmişdik. Bakıya ilk gəlişim idi, bir də gördüm, Həsən Əbluc 28 may metrosundan çıxdı, sehrinə düşmüş kimi arxasınca getməyə başladım. Metrodan Akademik Dram Teatrına qədər piyada getdi. Teatra çatanda ayaq saxladı, mənim gəldiyimi hiss etmişdi, döndü, soruşdu: sən istəyirsən? Dedim sizə baxırdım. Dedi, baxdın? Gedə bilərsən.

Vaqif Səmədoğlunun bir sözü var idi, deyirdi Həsənin səsi torpağın səsidir. Bu doğurdan da beləydi".

 

"Mənə "Həsənin aktyoru" deyirdilər"

Xalq artisti Yasin Qarayev: "Teatr İnstitutunda səhnə danışığı müəllimimiz Müxlis Cənizadə idi. Son illər ağır xəstəliyə düçar olduğuna görə hərbi hospitalda yatırdı. Tələbə yoldaşlarımla mən tez-tez onun ziyarətinə gedərdik. Bir dəfə dedi, yaxınlarda imtahan olacaq, özünüzü yığışdırın. Sözün düzü, Müxlis müəllim bizə dərs dediyi üç ildə məni çox incidirdi. Mənə də Yasin yox, Yasın deyirdi. O vaxt Xarici Dillər İnstitutundan gəlmişdim, amma çox peşman olmuşdum. Ziyarətinə getdiyim günlərdən birində məni incitdiyini etiraf etdi, halallıq istədi. İmtahanı bizdən Həsən Əbluc götürdü. Onu da institutda görürdüm, çox qaraqabaq idi, fikirləşirdim ki, mən ondan qiymət ala bilməyəcəm. İmtahan günü dərsimi danışdım, Həsən Əbluc deyəndə ki, beş yazıram, inanmadım. Dedi, Müxlis Cənizadə deyib. O an mənim üçün gözlənilməz idi. Aradan qısa vaxt keçdi, Həsən müəllim Gənc Tamaşaçılar Teatrına gəldi, ilk tamaşada da mənə baş rolu həvalə etdi. Teatrda hazırladığı bütün tamaşalarda mənə rol verdi. Aktyorlar mənə xitabən "Həsənin aktyoru" deyirdilər. Yəqin ki, məni Müxlis müəllim ona tapşırıb".

"Dedi, dava bunun davasıdırsa, mən gedirəm"

Əməkdar artist Azad Şükürov: "İndiyə qədər heç yerdə danışmadığım bir hadisəni danışacam. Günlərin biri günü Həsən müəllim televiziyaların birində bir söz demişdi, universitetdə onu işdən çıxarmaqla bağlı müzakirə açdılar. Bütün müəllimlər sıra ilə dayanıb, mən sonuncu oturmuşam. Otaqlar içi-içə, qapısı da açırdıq. Həsən müəllim gec gəldiyinə görə o biri otaqda oturdu. Onun orda oturmağı bəzi adamlara sərf edirdi, çünki rahat danışa bilirdilər. Hamı danışdı, növbə mənə çatanda Həsən müəllim otağa girdi, mən ayağa qalxırdım ki, o əliylə çiynimdən basdı məni otuzdurdu, dedi xahiş edirəm müzakirəni dayandırın. Əgər dava bunun davasıdırsa, mən gedirəm. Bu da mənim ərizəm. Beləcə, məni çıxış etməyə qoymadı.

10 gündən sonra Gənc Tamaşaçılar Teatrında görüşdük. Dedim niyə qoymadın danışam. Dedi, sən iki şeydən birini etməliydin. Sən ya onları müdafiə edəcəksin, onda mənim qəlbim sınacaqdı. Çünki mənim sənə etibarım çoxdur. Ya da sən məni müdafiə etməliydin. Onda da səni işdən çıxaracaqdılar. Sənin danışmağın heç bir halda mənə xoş gəlməyəcəkdi.

Həsən müəllim söylədiyi bütün şeirlərə qəribə yaradıcı münasibət bəsləyirdi. Bir şeirdə belə bir cümlə vardı,

Bax, 50-yə çatmışam, ancaq başımda,

uşaqlıq havası hələ qalıbdır.

Həsən müəllim belə bir düzəliş etmişdi.

Bax, 40-ı ötmüşəm, ancaq başımda,

uşaqlıq havası hələ qalıbdır.

Çünki onda Həsən müəllim 50 yə çatmamışdı. Həmin şeirdə bir yer var. Deyir küçədə gözəllər görəndə özümü oğlumla həmyaş bilirəm. Oğlu olmadığına görə deyirdi, özümü gənclərlə həmyaş bilirəm.

O sanki səsləndirdiyi bütün şeirləri yenidən yazırdı. Çox etibarlı, qayğıkeş, mehriban adam idi. Nə qədər Azərbaycan teatrı, televiziyası, radiosu, dostları var Həsən müəllim yaşayacaq".

"Sənətinin də, ağ saçlarının da vurğunu idim"

Əməkdar artist Şəfəq Əliyeva: "Bu sənətdə gərək şansın ola. Mənim şansım gətirdi. Nə biləydim ki, illər keçəcək 7- ci sinifdə oxuyanda Əfsər Cavanşirovun xorunda solist kimi çıxış edəcəm və bir gün Tofiq İsmayılov bizim məşqə gələcək, çəkdiyi filmin mahnılarını da xorun ifa etməsini istəyəcək. Sonra o filmdəki bütün oğlan uşaqlarını mənim səsləndirməyimi istədi. Kinostudiyaya ilk addımın belə başladı. Fikrimə də gətirməzdim ki, Həsən Əblucla neçə illər mikrofan qarşısında əyləşəcəm. O və Əminə Yusifqızı mənim ustadım olub. Dublyaj sənətini mən onlardan öyrənmişəm, elə ilk çörək pulumu məhz dublyajdan qazanmışam. Həsən müəllim mənim üçün dublyajın, poeziyanın zirvəsi idi. Bayaq kimsə dedi, o şeiri elə deyirdi, gözəl olurdu. Mənim gözümdə Həsən Əbluc həmişə gözəl kişi olub. Mən onun sənətinin də, ağ saçlarının da vurğunu idim".

 

"Təbrizə 45 ildən sonra qədəm qoydu"

Əməkdar incəsənət xadimi Ənvər Əbluc: "Həsən sözün düzünü deyən, sözünün arxasında duran, bəzən də bunun əziyyətini çəkən adam idi. Təbriz Həsənin yaralı yeri idi. Yollar açılandan sonra Həsəni yalvara -yalvara Təbrizə apardım. Anadan olduğu şəhərə 45 ildən sonra qədəm qoydu. Çox təsirli idi. (red. qəhərlənir) Həsən Mədinə Gülgünün bir şeirini səsləndirmişdi, orda belə bir cümlə vardı, "Ölmərəm, ölmərəm mən Təbrizi görməsəm". Şükür ki, Təbrizi görmək ona qismət oldu".

Milli.Az


Etiketlər:  Həsən Əblucla bağlı gizlinlər açıldı Ərizəmi yazıb gedirəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ