Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının xarici siyasətdə balanslı mövqeyi Qərbi narahat edir

Bakının xarici siyasətdə balanslı mövqeyi Qərbi narahat edir

Tarix: 27 Aprel 2022 10:24

Belə anlaşılır ki, Qərbin pərdəarxasında Azərbaycanı ya sanksiyalara qoşmağa, ya da Ukrayna müharibəsində birmənalı mövqe tutmasına cəhdlər var

"Azərbaycanlı və erməni tərəfdaşlarımızın Ukrayna ətrafındakı vəziyyət üzrə Qərbin apardığı anti-Rusiya kampaniyası ilə bağlı balanslı mövqeyini qeyd edirik".

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarənin direktoru Denis Qonçar "RİA Novosti"yə müsahibəsində bildirib. "Həm Bakının, həm də İrəvanın xarici siyasət kursunu qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutduqlarını da qiymətləndiririk. Bu istiqamətdə Azərbaycan və Ermənistan rəhbərliyinin üzləşdikləri təzyiqləri başa düşürük", - D.Qonçar vurğulayıb.

Rusiya rəsmisinin Bakıya Ukrayna və sanksiyalar mövzusunda təzyiqlər olduğunu deməsi maraq doğurur. Belə anlaşılır ki, Qərbin pərdəarxasında Azərbaycanı ya sanksiyalara qoşmağa, ya da Ukrayna müharibəsində birmənalı mövqe tutmasına cəhdlər var. Hadisələrin gedişi göstərir ki, Qərb-Rusiya qarşıdurması tezliklə sonlanmayacaq. Üstəlik, ABŞ başda olmaqla, Qərbin sanksiyalara qoşulmaq üçün digər dövlətlərə təzyiqi artmaqdadır. Belə görünür ki, konflikt daha uzun müddət davam etdikcə, Qərbin sanksiyalara qoşulmayan, balanslı siyasət yürüdən ölkələrə, o cümlədən Azərbaycana təzyiqləri arta bilər. Qərbin Bakıya təzyiq rıçaqları hansılardır, bu vəziyyətdə balanslı siyasət kursunu nə qədər davam etdirmək mümkün olacaq?

Siyasi ekspert Züriyə Qarayeva Qərb və Rusiyanın Azərbaycana mövqeyinə görə təzyiq göstərə biləcəyini düşünmür: "Azərbaycan Ukrayna məsələsində ən optimal mövqeni ortaya qoyur. Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi müharibədən öncə də rəsmi Bakı tərəfindən dilə gətirilib. Müharibədən sonra Bakı humanitar yardımları göndərmiş, vasitəçilik təkliflərini səsləndirmişdir. Hesab edirəm ki, Azərbaycan kimi yaxın regionda yerləşən, hər iki dövlətlə strateji tərəfdaşlıq əlaqələri quran bir dövlətin balanslı mövqeyi ən təbii yanaşmadır. Bu mövqenin hətta Qərb dövlətlərinin özləri tərəfindən də irəli sürülməsi, balanslı siyasətə qarşı ifadə olunacaq fikirləri kölgəyə salır. Hətta NATO üzvü olan Türkiyə də bu yanaşmaya üstünlük verərək "yanğına körüklə getmək" ritorikasından yan keçdi. Bu gün müharibəyə töhfə verəcək addım tərəflərin qarşı-qarşıya masada əyləşməsini təmin etməkdən keçir. Azərbaycanın torpaqları işğal olunarkən, 1 milyondan çox insanı qaçqın düşərkən, 4000-dən çox azərbaycanlının taleyi ermənilər tərəfdən gizlədilərkən, Bərdəyə, Gəncəyə, dinc insanların yaşadığı binalara raket zərbələri endirilərkən Qərbin nümayiş etdirdiyi mövqe bu gün Azərbaycana "dil uzatmaq" üçün əsas vermir. Düşünmürəm ki, istər Qərb, istərsə də Rusiya Azərbaycanın balanslı mövqeyinə qarşı ona təzyiq göstərsin".

Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, politoloq İlyas Hüseynov Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd etdi: "Rusiya-Ukrayna müharibəsinin 2 aydan çox davam etməsi ilə bir sıra problemlər daha da genişlənir. Görünür ki, yekun məqsədə nail olmayan böyük güclər Rusiyanı daha da iqtisadi cəhətdən tənəzzülə uğratmaqda israrlıdırlar. Belə olan təqdirdə Qərb dövlətlərinin Cənubi Qafqaza münasibəti də diqqət çəkir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyaya qarşı heç bir demarş etmir. Hətta Rusiyaya qarşı müxtəlif səsvermələrdə bitərəf mövqe tutan rəsmi Bakı bununla neytrallığını nümayiş etdirib. Digər tərəfdən, Ukraynaya humanitar əsaslı yardımların göstərilməsi və dərman preparatlarının göndərilməsi də göstərir ki, Azərbaycan sülhün və təhlükəsizliyin tərəfdarıdır. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına öz təşəkkürünü bildirib. Hazırkı durumda balanslı mövqenin qorunması mühüm əhəmiyyət kəsb edir. Çünki postsovet məkanında cərəyan edən hadisələr bu və ya digər formada bir-birinə təsir edir, hətta domino effekti yarada bilər. Azərbaycan xarici siyasət kursunu qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutub və balanslı, praqmatik siyasəti sayəsində uğur qazanıb".


Etiketlər:  Bakının xarici siyasətdə balanslı mövqeyi Qərbi narahat edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ