Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 23:08
Rusiya Ukraynaya qarşı müharibə meydanında olduğu kimi, kiberaləmdə də mübarizə aparır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Böyük Britaniya tərəfindən aparılan araşdırma zamanı Rusiyanın ciddi sərmayə ilə qurduğu troll ordusu ilə manipulyasiya yollarına əl atması məlum olub.
Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı araşdırmalarından birində təəccüblü nəticəyə gəldiyini açıqlayıb.
Bildirilib ki, Sankt-Peterburqdakı keçmiş silah fabrikində yerləşdirilən rus internet trolları dünya liderlərini hədəfə alır və bununla da Vladimir Putinə və Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək mesajları yayırlar.
Tədqiqatın nəticələrini böyük onlayn platformalar və digər hökumətlərlə bölüşməyi planlaşdıran Böyük Britaniyanın əməliyyat rəhbərləri Qərb mərkəzli media qurumlarını və siyasətçiləri hədəfə almaq üçün trollara sifariş verildiyini aşkar ediblər.
"Troll fabriki" kimi təqdim edilən qurumun Yevgeni Priqojinlə əlaqəli olduğu iddia edilir. Priqojin tərəfindən qurulan "İRA" və ya "Qlavset" kimi tanınan İnternet Araşdırmaları Agentliyinin 2016-cı ildə Donald Trampın qalib gəldiyi ABŞ seçkilərinə də müdaxilə etdiyi iddia edilib.
Troll komandasının hədəfləri siyahısında Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin adı var.
Araşdırma zamanı tiktokda "influencer"lara Rusiyayönümlü hekayələri gücləndirmək üçün pul verildiyi də bildirilib.
Tviter və feysbukda da fəaliyyətlər aşkar edilsə də, xüsusilə, instaqram, yutub və tiktokda intensiv olduğu bildirilir.
Yaradılan şəbəkədə əsas rolu Rusiyanın Ukrayna müharibəsi üçün simvoluna çevrilmiş "Z" hərfi əsasında qurulan "Cyber Front Z" adlı telegram kanalı oynayır.