Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 03:24
"Fuad Poladov çoxları üçün kumir idi, elə mənim üçün də. Ağlımın ucundan da keçirmirdi ki, nə vaxtsa Fuad müəllimlə bir tamaşada oynayaram. Tələbə idim, "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasının kastinqi keçirilirdi. Akademik Milli Dram Teatrında məşqlər keçirilirdi. Təsadüfən mən seçildim və Fuad Poladovla tərəf müqabili oldum. Məşq prossesi Fuad müəllimin necə gözəl və böyük insan olduğunu xatırladığım prosses idi. Mən çətinliklə tamaşanı öyrənirdim, Fuad müəllim mənim üzümdən dəfələrlə təkrar edirdi, bilirəm ki, başqa xalq artistləri narazılıqlarını bildirərdilər mənə, amma Fuad müəllimə yaxınlaşıb soruşurdum ki, hardan başlayaq? Həmişə də deyirdi ki, ürəyin hardan istəyir".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor Murad İsmayıl deyib. O daha sonra əlavə edib.
"Bütün Azərbaycan xalqı bilir və deyir ki, Fuad Poladov böyük şəxsiyyət və aktyor idi. Həm də səmimi və sadə idi. Özünə və sənətinə böyük hörməti var idi. Onunla oynamaq insana böyük zövq verirdi. Hər tamaşa bitəndən sonra Fuad müəllim məni səhnənin önünə, teatr dilində desək "paklon"-a çıxarırdı. Tamaşa bitəndən sonra mən özüm bilərəkdən arxada dayanırdım, o isə biz gəncləri qabağa itələyirdi. O demək istəyirdi ki, gənclərə yol verin. O istəyirdi ki, tamaşaçılar məni alqışlasın, həvəsləndirsin. O sonuncu tamaşada da bunu etdi. Fuad müəllim həmişə deyirdi ki, özünüzü yox, teatrı sevmək lazımdır", - deyə aktyor bildirib.
Murad İsmayıl deyir ki, Fuad Poladova görə oğluna Fuad adını verib.
"Mən Fuad müəllimi o qədər çox istəyirdim ki, artıq Fuad adının mənim üçün başqa bir ağırlığı var idi. Ona görə də oğlum olacağını bildiyim gün evdə də dedim ki, adını Fuad qoyacağam, etiraz da etmədilər. Çox istərdim ki, oğlum da Fuad Poladov qədər böyük insan, şəxsiyyət olsun. Elə həmçinin özüm də insan və aktyor kimi Fuad müəllim kimi sevilmək istəyirəm. Bir çoxları zəhminə görə ona yaxınlaşmağa çəkinirdi, amma Fuad müəllim zəhmindən də əlavə səmimi və sadə insan idi. Dəfələrlə tamaşadan çıxanda otağına gedib tamaşanı müzakirə edirdik, səhvlərimi, düzlərimi deyirdi, metro ilə birgə gedirdik. Onun üçün, o illər üçün, tamaşamız üçün çox darıxmışam. Fuad müəllimlə bir tamaşada oynamaq mənə böyük uğur gətirdi. Ona ömrümün sonuna qədər minnətdaram", - deyə aktyor bildirib.