Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 23:33
Bakı. Trend:
Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib: "Sosial infrastrukturla bağlı, - bu da daim diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək".
İlham Əliyev bildirib ki, bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın:
“Üç olimpiya idman mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulurdu, onlardan biri artıq açıldı. Altı milyon insan dövlət hesabına tibbi müayinədən keçəcəkdir. Bu da bizim təşəbbüsümüzdür, çox ciddi sosial addımdır və vətəndaşlar bundan faydalanırlar. Hər bir vətəndaş il ərzində öz sağlamlığına fikir verməlidir və müayinədən keçməlidir. Dövlət bu şəraiti yaradıb. İlk növbədə, hər bir yerdə müasir avadanlıqlar var. Eyni zamanda, dövlət hesabına bu məsələ öz həllini tapır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin