Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda verilən bu mənzillər geri ALINMAYACAQ

Bakıda verilən bu mənzillər geri ALINMAYACAQ

Tarix: 21 May 2022 19:36

Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsinə icazə verildikdən sonra minlərlə şəhid ailəsinə, birinci Qarabağ müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən mənzillərlə bağlı da belə imtiyazın yaradılması gündəmə gəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı layihə hazırlandığını bildirir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında aprelin 8-də fərman imzalayıb. Sözügedən mənzillərin özəlləşdirilməsi üçün daşınmaz əmlak sahibləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidirlər. Həmin müraciətə uyğun olaraq, şəxslərin mənzillər üzərində mülkiyyət hüququ "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununa uyğun olaraq qeydiyyata alınacaq.

Nəticədə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə yaşadıqları mənzillər üzərində mülkiyyət hüququna dair çıxarış və daşınmaz əmlaka dair texniki pasport təqdim olunacaq. Bununla da Vətən Müharibəsi Qəhrəmanları və ya onların ailə üzvləri dövlətin onlara hədiyyə etdiyi mənzillərin hüquqi baxımdan əsl sahibinə çevriləcək, həmçinin bu mənzilləri alqı-satqı edə, kiməsə bağışlaya biləcəklər. Amma nəzərə alaq ki, ölkədə indiyə qədər minlərlə şəhid ailəsinə, birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına dövlət tərəfindən mənzillər ayrılıb. Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvlərindən fərqli olaraq, dövlətin hədiyyə etdiyi mənzilləri onlar öz adlarına keçirə bilmirlər.

Misal üçün, 1950-ci ildə anadan olmuş, 1992-ci ildə Ağdərə rayonunun Əmirallar kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Adil Qara oğlunun mərhum həyat yoldaşı, 1960-cı il təvəllüdlü İsayeva Sürəyya Hacıəhməd qızına əmək və əhalinin sosial müdafiəsi nazirinin 18 fevral 2016-cı il tarixli, 11/7-50 nömrəli əmri ilə Abşeron rayonunun Məhəmmədi kəndində hündürmərtəbəli yeni tikilmiş binadan mənzil verilib. Həmin vaxt şəhid ailəsinə bildirilib ki, bu mənzili özəlləşdirmək, alqı-satqı etmək, kiməsə bağışlamaq üçün ən azı 5 il keçməlidir. Ötən illər ərzində şəhidin həyat yoldaşı da vəfat edib. Hazırda şəhidin vərəsəsi İsayev Vidadi Adil oğlu sözügedən mənzili özəlləşdirmək, daşınmaz əmlaka çıxarış və texniki pasport almaq istəyir. Lakin buna nail ola bilmir. Şəhidin vərəsəsinin mənzilə aid əlində olan yeganə hüquqi sənəd Əmək və əhalinin sosial müdafiəsi nazirinin 2016-cı ildə onlara təqdim etdiyi sərəncamdır.  

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsinə icazə verildiyi kimi, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət tərəfindən verilmiş mənzillərin də özəlləşdirilməsinə şərait yaradılmalıdır. Deputatın sözlərinə görə, gec-tez bu barədə müvafiq qərar qəbul olunacaq: "Görünür, burada bizim bilmədiyimiz müəyyən nüanslar, narahatlıqlar var. Yəqin, həmin nüanslar səbəbindən qəti qərar qəbul edilmir. Ümid edək ki, işğaldan azad olunmuş torpaqlarda bərpa prosesləri yekunlaşandan, məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra sözügedən məsələ də həllini tapacaq. Əgər şəhid ailəsinə, müharibə iştirakçısına dövlət tərəfindən mənzil bağışlanıbsa, təbii ki, o mənzil üzərində mülkiyyət və vərəsəlik hüququ tanınmalıdır. Dövlət şəxsə mənzil veribsə, bu onun mülkiyyətidir. Satsa da, bağışlasa da, saxlasa da, özü bilər. Onsuz da verilən mənzillər heç kimdən geri alınmayacaq. Gündəmə gələn, müzakirə mövzusuna çevrilən bu problemin həll olunması üçün aidiyyəti orqanlar lazımi açıqlama verməli, məsələyə aydınlıq gətirməlidirlər".

"Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin (SHAİB) sədri, hüquqşünas Mayıs Əliyev bildirib ki, şəhid ailələrinə, müharibə iştirakçılarına təqdim olunmuş mənzillər üzərində sərəncam vermək, həmçinin mülkiyyət hüququ hələlik dövlətə məxsusdur. Hüquqşünas deyib ki, bu situasiyada məsələni həll etmək bilavasitə dövlət başçısı olan Prezidentə məxsusdur: "Məhz bu səbəbdən mövzuya dair hüquqi və ya qeyri-hüquqi cəhətdən kiminsə hansısa rəy bildirməsi mümkün deyil. Təbii ki, qeyd edilən mənzillər şəhid ailələrinin, müharibə iştirakçılarının mülkiyyətinə keçərsə, daha yaxşı olar. Ancaq bu zaman üzləşə biləcəyimiz sui-istifadə hallarını da nəzərə almalıyıq. İmtiyazlı şəxs kimi şəhid ailəsinə, müharibə iştirakçısına dövlət bir dəfə mənzil verir, cəmi bir dəfə bu imtiyaz hüququndan istifadə etmək şansı yaradılır. Bu imtiyazdan yararlanıb mənzil alan şəxs onu özəlləşdirən kimi dərhal satacaq, ardınca yenidən dövlətdən mənzil istəyəcək. Düşünürəm ki, mövcud məhdudiyyətlər bu kimi sui-istifadə hallarının qarşısını almağa hesablanıb. Görünür ki, bu, hələlik vacibdir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov mövzuya dair "Kaspi" qəzetinə açıqlamasında deyib ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən verilən mənzillərin özəlləşdirilməsi ilə bağlı Mülki Məcəllədə qadağa var. Onun sözlərinə görə, qanunvericilikdə belə bir qadağanın olması sözügedən mənzillərin özəlləşdirilməsinə imkan vermir. F.Talıbov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə yumşalmanın tərəfdarıdır. Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı layihə hazırlanır.


Etiketlər:  Bakıda verilən mənzillər geri ALINMAYACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ