Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 11:50
Geridən qoymaq üzrə olduğumuz COVID-19 pandemiyası neçə-neçə həyatlara təsir etdi, nə qədər insanın psixologiyasını pozdu. Pandemiya dövründə bütün dünyada məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyi biraz da artırmış oldu.
Müsahibim 32 yaşlı Nərgiz COVID-19 pandemiyası başlayan dönəmi həyatından silmək istəyir.
"Mən o il haqqında danışmaq istəmirəm. Çünki o xəstəlik məndən atamı aldı".
Nərgiz 2020-ci ili unutmaq istəyir və inanır ki, hər şey qaydasında davam edəcək. Atası isə onu heç vaxt tərk etməyib.
Digər müsahibim Rəhimə isə hər gün həm universitətə qəbul olmaq, həm də pandemiyanın bitməsi üçün dua edib. Ali məktəbə daxil olmağı bacarsa da, tədris ilinin başlanğıcında universitətdə ənənəvi tədrisə qoşula bilməməsi ona çox təsir edib.
Sosial şəbbəkələrdə satış səhifələrindən birində gördüyü mavi, üzərində qırmızı gülləri olan donu alıb, saçlarını darayıb və kompüterin qarşısında ilk dəfə qrup yoldaşları ilə virtual olaraq tanış olub. Hazırda onlayn tədrisə vida etməyin xoşbəxtliyini yaşayan Rəhimə bir daha o illərin yaşanmamasını arzulayır.
4-cü sinif şagirdi Əsnad 2020-ci ilin yay ayında ailəsi ilə birlikdə şəhərə köçüb. Onun dediklərindən belə məlum olur ki, Əsnad üçün iki sevimli gün var: biri doğum günü, bir də məktəb ləvazimatları almaq üçün bazarlığa getdikləri gün...
Elə hiss edib ki, bir daha məktəb bazarlığına gedib çanta ala bilməyəcək. Axı evdə çanta götürməyə ehtiyac qalmır. Heç distant formada keçirilən dərslərdə özünə yoldaş da tapa bilməyib. Yeni məktəb, yeni sinif yoldaşları, müəllimlər, bir də yeni çanta ala bilməməsi pandemiya dövrünü onun üçün ömürlük "unudulmaz" edib.
66 yaşlı Almaz nənə isə virusa yoluxmamaq üçün bacardıqca ünsiyyətdən qaçıb, hava almaq üçün belə həyətə çıxmayıb, özünü evdə təcrid edib. Deyir həyətdə necə oturaydım?... "Bəlkə yanımdan keçən və ya mənimlə söhbət edən kimsə aktiv koronavirus xəstəsi idi. Tam zamanında vaksinlərimi vurdurdum, xəstələnmədim. A bala, getsin o günlər gəlməsin o nə idi başımıza gəldi?!"
Ən təsirlisi isə 27 yaşlı Ayselin (ad şərtidir) yaşadıqlarıdır. 5 il nişanlı qaldıqdan sonra toysuz gəlin köçüb. Vağzalı çalınmadan, gəlinlik geyinmədən ağ, üstü naxışlı donla ata evini tərk edib. Uşaqlıqdan anasının xələtlərini geyinib tez-tez ana, bax gəlin oldum deməsi ilə bəlkə də bu arzusunun ondan alındığını düşünür:
"Əvvəlcədən nə isə barədə danışıramsa, reallaşmır. Bu arzum da onlardan biridir". Yazmaq istədiyi hekayəsinə zamanı qaytarıb tamamilə silməyi arzulayır.
Dünyanı cənginə alan koronavirus pandemiyası bir çox sahibkarı müflis etmişdi. Ayselin həyat yoldaşı da bu şəxslərdən biri olub. Onun kiçik biznesi batıb, elə problemlər də o gündən başlayıb. Həyat yoldaşının götürdüyü borclar və davamlı olaraq borcverənlərin etdiyi zənglər ömür-gün yoldaşını heç tanımadığı bir adama çevirməyə bacarıb. Hər gün dava, hər gün aldığı yaralar. ... Bu gün körpəsinə özü baxır. Yoldaşı isə ağ ölüm adlandırdığımız "narkotik"in qurbanlarından biridir.
2019-cu ilin dekabr ayının ortalarından COVID-19 böhranı dünyada yayılmağa başladı. Araşdırmalara görə, respondent qadınların 22 faizi ailə-məişət yükünün artmasına görə təhsilini yarımçıq saxlamalı olublar. Bu qadınların 63.6 faizi uşaqlıdır, 95.4 faizi paytaxtda yaşayanlardır. Ümumilikdə, pandemiya dünyanın 190-dan çox ölkəsini və bütün qitələri əhatə etməklə təxminən 1.6 milyard təhsilalana təsir edib. Lakin bu mübarizədə zərif adlandırdığımız qadınlar təhsil və səhiyyə sektorunda çalışanların böyük hissəsini təşkil etdilər. Qadınların təxminən 40-50 faizi zorakılıqla üzləşdiyi zaman müraciət edə biləcək yer tapa bilməyib.
Bu illərin bizdən aldıqlarından əlavə qazandıqlarını da unutmamalıyıq. Həm qadınların, həm də kişilərin övladlarına daha çox zaman sərf etmək üçün imkanı yarandı. İnsanlar bir-birinin dəyərini daha yaxşı anlamağa başladılar. Müxtəlif sahələrdə çalışan şəxslər kariyeralarının inkişafı üçün daha çox araşdırmalar edərək biliklərini dərinləşdirdilər. Artıq sevincli-kədərli o günlər geridə qaldı. Azərbaycan cəmiyyəti virusa qalib gəldi. May ayının birindən etibarən soyuq havada sevdiyimiz, istidə cərimənin "qorxusu" ilə taxdığımız maskalarla vidalaşdıq. Ümid edirəm ki, karantin rejimi tətbiq edilən zaman qədrini daha çox bildiyimiz karantinsiz günlər kimi qadınlarımızın da qiymətini bir gün daha çox anlayacağıq.
Qadın gülərsə, dünya gülər, qoy maskadan azad olan üzlər həmişə gülsün!
Nərmin Mirvalehqızı