Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ad günlərini sevmirəm, amma..." - Əməkdar artist

Tarix: 29 May 2022 20:24

"Ad günlərini sevmirəm, amma səhnədə olmaq çox böyük şərəf və xoşbəxtlikdir. Doğum günümü sentyabrın 5-də Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində qeyd edəcəm. Həmin gün Mehriban Ələkbərzadənin quruluşunda "Cəza" adlı mono-tamaşamı oynayacam".

Milli.Az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında bu gün doğum gününü qeyd edən Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kəmalə Müzəffər deyib.

Qeyd edək ki, Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlayıb. Onun filmoqrafiyasında "Kişi sözü", "Sahilsiz gecə", "Məhkumlar", "Ölüm növbəsi" və digər filmlərə rast gəlmək mümkündür.

1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Hələ dördüncü kursda oxuyan gənc Kəmalə Gənc Tamaşaçılar Teatrına dəvət olunub. Və birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış edib. Teatrın səhnəsində "Ana qaz", "Pəri cadu", "Mən gəldim, qızlar", "Ünvansız qatar", "Cəza" tamaşalarında rol alıb.

2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına, müxtəlif illərdə Prezident Mükafatına layiq görülüb. 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.

Aktrisa geniş tamaşaçı kütləsinə "Vicdan haqqı", "Ögey ana", "Yad gəlin" seriallarından tanışdır.

Milli.Az


Etiketlər:  Ad günlərini sevmirəm amma Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ