Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“6 ay Leylini məşq etdim, amma oynamadım, öz istəyimlə teatrdan ayrıldım...”

“6 ay Leylini məşq etdim, amma oynamadım, öz istəyimlə teatrdan ayrıldım...”

Tarix: 30 May 2022 15:40

"Pəhriz saxlayıram, axşam saat 6-dan sonra yemək yemirəm. Su çox içirəm, yeməyi azaltmışam. Nadir hallarda olur ki, toya, ad gününə gedəndə pəhrizi pozum. Dizlərimdə ağrı var, bu da ayaqlarıma vurur. Həkimim də deyir ki, arıqlamaq lazımdır. Qeyri-adi yolla, əməliyyatla arıqlamamışam. Tam sağlam yolla 20 kilodan çox çəki atmışam".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Bəsti Sevdiyeva deyib. O daha sonra əlavə edib.

"Heç vaxt çəkimə görə kompleks yaşamamışam, buna normal yanaşmışam. Arıqlamağa səhhətim səbəb oldu. Çəki atmasaydım da belə bu köklük məni incitmirdi. Əksinə hamı deyir ki, səni biz o çəkidə görmüşük, arığlama. Boyum da çəkili olmağıma zəmin yaradırdı, onu ört-basdır edirdi" deyə xanəndə bildirib.

Bəsti Sevdiyeva daha sonra sənətindən danışıb.

"Hamı bilir ki, mən sənətə muğamların şahı olan "Rast" muğamı ilə gəlmişəm. "Rast" muğamını xanımlar arasında o illərdə Həqiqət Rzayeva oxumuşdu. İllər keçəndən sonra mən onu Sara Qədimovanın ifasında eşitdim. Öz yaşıdlarım arasında bu muğamın ilk ifaçısı mən oldum. Çünki "Rast" muğamını hər səs oxuya bilmir. Deyilənə görə yaxşı da alınmışdı. Ondan əvvəl də xalq və bəstəkar mahnıları oxumuşam. Rübabə Muradovadan sonra "Humayun" muğamını dəstgah şəkilində ifa etmişəm. Oxuduğum "Bayatı Qacar" muğamına isə mənə qədər heç bir xanım xanəndə müraciət etməmişdi. Nə yaxşı ki, bu muğamları vaxtında oxuyub yazdırmışam, indi bunlar televiziyanın qızıl fondundadır. Mən 5 il xalq artisti Lütfiyar İmanovdan vokal dərsləri almışam. Daha sonra görkəmli xanəndəmiz Canəli Əkbərovun muğam sinfini bitirdim. Həm tələbəsi oldum, həm də sonradan məni Mədəniyyət və İncəsənət Universitetinə müəllim dəvət etdilər. 20 ildən çoxdur ki, Muğam kafedrasında baş müəlliməm. Mənim artıq o qədər tələbələrim var ki, sayını unutmuşam" deyə xanəndə bildirib.

Bəsti Sevdiyeva daha sonra sənətə yeni gələn gənclərdən danışıb.

"Öz sənətin ilə yadda qalmaq lazımdır. Bu gün oturanda deyirəm ki, yaxşı ki, o illərdə filan muğamı oxudum, filan muğamı lentə aldırdım. Bunlar bizim xəzinəmizdir, zəhmətimizin bəhrəsidir. Biz bu dünyanı tutub yaşamayacaqıq ki. Dünyanı tərk etdiyimiz gün də olacaq. Biz bu muğamları öz başına öyrənməmişik ki! 1973-ci ildə Muğam müsabiqəsində 1-ci, 1975-ci ildə 1-ci yerə çıxmışam. Münsiflər heyətində təsəvvür edin Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Cahangir Cahangirov, Şövkət Ələkbərova, İslam Rzayev kimi sənətkarlar otururdular. İndi təsəvvür edin ki, mən o muğamları necə oxumuşam?! Allah hamısına qəni-qəni rəhmət etsin. Zəhmət çəkib, iş görəndə onun mütləq bəhrəsini görürsən. İndiki gənclər sənətə pul qazanmaq üçün, toy repertuarı ilə gəlirlər. Onları da başa düşürəm, toy da, maddiyat da lazımdır. Amma sənət hər şeydən önəmlidir. Təbii ki, o xanəndələrin içərisində sənət naminə sənətə gələnlər də var" deyə əməkdar artist bildirib.

Bəsti Sevdiyeva aktrisa kimi fəaliyyət göstərməməyinin səbəbini də açıqlayıb.

"Musiqili Komediya aktyoru fakültəsini bitirmişəm. Universiteti bitirəndə Musiqili Teatra dəvət olundum, Emin Sabitoğlu səsimə uyğun "Nəğməli könül" əsərini hazırlayırdı, amma atam orada işləməyə icazə vermədi. Atam muğamın heyranı idi, ona görə də muğama heç nə demədi. Dedi ki, əgər əlində qaval oturub muğam oxuyacaqsansa, bu sənətə get. Allah atama qəni-qəni rəhmət etsin. 3 il Akademik Opera və Balet teatrında çalışmışam. Daha sonra öz istəyimlə teatrı tərk etdim. İndiki xanəndələr istəyir ki, hamısı teatra getsin, amma inanın Lütfiyar İmanov orada direktor olanda da məni dəvət etmişdi, amma həvəsim olmadı çalışmağa. Hətta "Leyli və Məcnun" tamaşasında 6 ay Leylini məşq etdim, amma oynamadım. Bizim Ağaxan Abdullayev, Şövkət Ələkbərova, Xan Şuşinksi kimi böyük sənətkarlarımız olub, guya onlar operada oynayıblar?! Təbii ki, yox! Amma mən 2 dəfə dəvət olunmuşam. O vaxt Leyli roluna dəvət olunanda hamı deyirdi ki, əsl Leylidir, çünki qarayanız idim, universitetin 4-cü kursunda oxuyurdum" deyə əməkdar artist bildirib.

Milli.Az


Etiketlər:  6 ay Leylini məşq etdim amma oynamadım öz istəyimlə teatrdan ayrıldım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ