Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 08:00
Bu gün Əbülfəz Elçibəy hakimiyyətinə qarşı Gəncədə başlanan hərbi qiyamdan 29 il keçir. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün hakimiyyətə qarşı qiyama qalxıblar, hakimiyyətin istefası tələbi qoyulub.
Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, bir neçə qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.
1993-cü ilin 4 iyun Gəncə qiyamından 17 il ötür. Milli Azadlıq Hərakatının əvəzsiz lideri, mərhum prezident Əbülfəz Elçibəyin imzasıyla Milli Qəhrəman adı alsa da, əsas amacı xarici kəşfiyyata qulluq edib ölkəni daxildən parçalamaq olan, tabeliyindəki hərbi birləşməylə qiyam törədən, yun biznesinin başında duran Surət Hüseynov sonda məqsədinə çatdı.
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti devrildi. Bu hakimiyyətin devrilməsini şərtləndirən daxili və xarici faktorlar da vardı ki, heç bir siyasi savadı olmayan Surət Hüseynov burada katalizator rolunu oynayırdı.
Birincisi, AXC iqtidarının hakimiyyət təcrübəsi yox idi. Bəzən "bütün mitinqlərdə iştirak edib, əziyyət çəkib" prinsipilə vəzifəyə təyin olunanlar bir müddətdən sonra hakimiyyətin üzqarasına çevrilirdilər. Təkcə bir faktı qeyd etməklə nələri nəzərdə tutduğum çox güman aydınlaşacaq. O vaxt da, indi də əhalinin ən çox müraciət etdiyi ünvan Mənzillərin qeydiyyatı və bölüşdürülməsi idarəsi olurdu. Sumqayıtda bu sahəyə rəhbərlik naşı birisinə tapşırılmışdı. Bir dəfə həmin idarənin rəhbərinin qəbul günündən reportaj hazırlamalı oldum. Anladım ki, bu adam problemin həllini, ancaq qəbula gələn dərdli insanların dərdini dinləyib, göz yaşları tökməkdə görür. Konkret isə kiminsə işini görmək məsələsi yoxdur. Redaksiyaya dönəndə həmkarlarıma bildirdim ki, hakimiyyətdə bu cür şəxslər çoxluq təşkil edirsə, AXC iqtidarının ömrü çox qısa olacaq.
Hamımızın bildiyi digər bir fakt. Torpağı işğal olunan və müharibə aparan bir ölkənin müdafiə naziri postu, orduya rəhbərlik təcrübəsi olmayan, ancaq populist çıxışları-"Şuşa getsə, başıma güllə sıxacağam"-ilə tanınan Rəhim Qazıyevə etibar edildi. Ölkənin digər güc strukturuna-Daxili İşlər Nazirliyinə rəhbər çılğın, istədiyi vaxt canlı efiri basıb dialoq iştirakçılarını təhqir edən İsgəndər Həmidov gətirildi. AXC iqtidarının ən çətin vaxtlarında İsgəndər Həmidov vəziyyəti düzəltməyə kömək etmək əvəzinə, istefa verib kənara çəkildi. 4 iyun Gəncə qiyamında isə Surət Hüseynova birbaşa dəstək olan Rəhim Qazıyevin yanında yer aldı.
İkincisi, AXC hakimiyyətə gələndən az müddət sonra iqtidarda ikinci şəxs qismində təmsil olunan İsa Qəmbər Müsavat Partiyasını yaratdı və demək olar ki, əksər vəzifələrə müsavatçılar təyin olundu. Yəni hakimiyyət daxilində hakimiyyət yaradan İsa Qəmbər AXC iqtidarının dayaqlarının laxlamasına yardım göstərdi.
Üçüncüsü, iqtidara müxalifətdə dayanan Milli İstiqlal Partiyasının sədri, vəzifə hərisi Etibar Məmmədov qiyam iştirakçılarına parlament səviyyəsində yardım göstərdi. Yəni Əbülfəz Elçibəyin səlahiyyətlərinin əlindən alınmasıyla bağılı qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etdi və məqsədinə çatdı. Etibar Məmmədov elə bildi ki, bu fəaliyyəti qiymətləndiriləcək və yüksək vəzifəyə layiq görüləcək. Ancaq qiyam tərəfdarına nəinki vəzifə verildi, heç müxalifət rəhbəri olaraq siyasi arenada qalması çox görüldü. Elə bir vəziyyət yarandı ki, Etibar Məmmədov özü partiya sədrliyindən istefa verməli oldu.
Dördüncüsü, AXC iqtidarının ən böyük səhvlərindən biri də əksərən kommunistlərdən ibarət olan parlamentin buraxılıb, yeni seçkilərin keçirilməməsiydi ki, bu da heç bir il tamam olmamış özünü büruzə verdi.
AXC hakimiyyəti həm də qəliz regional və qlobal münasibətlər dövrünə təsadüf edirdi. Birincisi, erməni təcavüzü. AXC iqtidarı hakimiyyətə gəldiyi elə ilk gündən işğal altında olan torpaqların azad edilməsinə qərar verdi. Həmin vaxt qardaş Türkiyyənin yüksək çinli komutanları Bakıya gələrək, hakimiyyətə "atəşkəsə nail olun və bundan sonra ordunu gücləndirib torpaqları işğaldan azad edin" təklifini versələr də, Rəhim Qazıyev kimiləri bunun əksinə getdilər. Nəticədə AXC iqtidarı nizamsız orduyla həm düşmənə müqavimət göstərir, həm də demokratik islahatların həyata keçməsinə çalışırdı.
İkincisi, Rusiya faktoru. Əbülfəz Elçibəyin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi işğalçı rus ordusunun ölkədən çıxarılmasıydı. Təbii ki, bölgədə böyük iddiaları olan Rusiya bununla razılaşmır, Azərbaycanda demokratik qüvvələrin varlığını qəbul etmir, dəridən-qabıqdan çıxırdı ki, qısa zamanda neft ölkəsində itirilən mövqelərini bərpa etsin, ləğv olunan hərbi bazalarını qaytarsın ve s. Rəsmi Moskva öz məqsədinə-demokratik qüvvələrin hakimiyyətdən devrilməsinə əlində alətə çevirdiyi qiyamçı Surət Hüseynov kimilərin fəaliyyətilə nail oldu.
Üçüncüsü, Qərb dövlətlərinin marağında olan neft faktoru. Mərhum prezident Əbülfəz Elçibəy bağlanılacaq neft müqavilələrindən gələn gəlirin 90 faizinin Azərbaycanın payı olmasını bildirirdi. Ancaq neft marağında olan ölkələr bununla razılaşmırdılar. Və onlar AXC iqtidarının hakimiyyətdən devrilməsini gizli də olsa dəstəkləyirdilər. Qərb üçün demokratik qüvvələrin hakimiyətdə qalması əsas deyildi, əsas neft foktoru idi ki, bunu da istədikləri qaydada əldə etdilər.
Dördüncüsü, Türkiyə rəhbərliyinin-Süleyman Dəmirəl hökumətinin baş verənlərə loyal münasibəti ölkədə gedən neqativ proseslərin mahiyyetini qiyamçıların xeyrinə dəyişməsinə yardımçı oldu.
...Beləliklə, AXC iqtidarının faciəsi həm də onda idi ki, o, üç böyük tarixi vəzifənin öhdəsindən eyni zamanda gəlməliydi - erməni təcavüzünə layiqli cavab verməli, dövlətçiliyi daxildən və xaricdən möhkəmləndirməli, demokratik islahatları həyata keçirməli idi.
Bir ildən az müddətdə AXC iqtidarı bu yöndə az iş görmədi. Milli valyutanı dövriyyəyə buraxdı, möhkəm sabitliyin qarantı olan orta təbəqənin formalaşmasına təkan verdi, ilk hərbi uğurlarla milli ruhu qaldırdı, qələbəyə inamımızı möhkəmlətdi, rus bazalarını ölkədən çıxardı, milli azlıqlara geniş hüquqlar verdi, təhsildə yenilik-test üsuluyla ali məktəblərə qəbul-etdi, rüşvətin və korrupsiyanın ləğvi üçün işlər başladı və s.
Bu gün çoxları deyir ki, Gəncə qiyamını yatırmaq olardı. Bəli olardı, ancaq bu, çoxlu sayda insan təlafatıyla nəticələnə bilərdi. Millətini hər şeydən uca tutan, zülmə və zorakılığa qarşı olan Əbülfəz Elçibəy bu yolu seçmədi. Vaxt gələcək onun seçdiyi yolun düzgünlüyünü hamı təqdir edəcək. Necə ki, artıq əksəriyyət bu yolun düzgünlüyünü təsdiqləyir.
Hərbi qiyama Milli Məclisdə də bir sıra deputatlar, siyasi partiyalar tərəfindən faktiki dəstək verilib.
8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi dəvət edib.
9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.
13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib.
Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.
15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib.
17 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.
24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.
30 iyun 1993-cü ildə Milli Məclis Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Beləliklə, Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC iqtidarı Surət Hüseynovun başlatdığı qiyamın yekunu olaraq tamamilə süqut edib.
Əbülfəz Elçibəy daxil, o dövrkü hakimiyyətin əksər yüksək vəzifələr tutan şəxsləri dəfələrlə bəyan ediblər ki, 4 iyun qiyamı milli hakimiyyətin devrilməsi məqsədilə Rusiya tərəfindən Surət Hüseynovun əli ilə təşkil edilib.