Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 15:16
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abassovun Qol.az saytına müsahibəsi
- Komandanız Premyer Liqada ilk 4 turdan sonra 3 xal toplayıb. Bu nəticə sizi qane edirmi, yoxsa daha çox xal toplaya, yüksək yerdə ola bilərdiniz?
- Bəzi matçlarda bizdən asılı olmayan səbəblərə görə xallar itirdik. Fikrimcə, “Sumqayıt” indi 7-8 xalla 3-cü pillədə ola bilərdi. Ancaq təəssüf ki, müəyyən səhvlər bizə baha-başa gəldi. Bununla belə, bu dörd turda oyunumuzla heç bir komandadan geri qalmamışıq. Sevindirici haldır ki, bu oyunlarda gənc futbolçulara şans verdik. Onlar da günü-gündən inkişaf edirlər. Amma elə bəzi matçlarda uduzmağımızın səbəbi bizdən asılı olmadı.
- Siz yəqin matçlarınızda hakimlərlə bağlı narazılıqlara işarə vurursunuz. Yeri gəlmişkən, 4-cü turda “Zirə”nin vurduğu ikinci qol da mübahisəyə səbəb oldu. Bu haqda nə deyə bilərsiniz?
- Futbolda hər kəs kimi hakim də səhv edə bilər. Biz bunu bilir və qəbul edirik. Amma səhvdən səhvə də fərq var. Matçdan sonra paltardəyişmə otağında oyunçularımın ağlaması, bunun bir neçə turdur davam etməsini görmək, futbolçularımı sakitləşdirmək və növbəti oyuna hazırlamaq bir məşqçi kimi mənim üçün çətindir. Buna görə də hakimlər gərək diqqətli olsunlar. Həmin epizodda Şafik topu nə başı, nə də sinəsi ilə elə saxlaya bilərdi. Ani refleks oldu. Top həm sinəsi, həm də başına dəyəndən sonra oyunçudan bir balaca aralanacaqdı. Top onun qarşısında qalanda bunu hiss etmək lazım idi. Ola bilsin, hakim epizodu görməyib. Oyundan dərhal sonra rəqibin futbolçusu epizodun qaydalardan kənar olduğunu boynuna almışdı. Bu, futbolda tək-tük hallarda olur. Ona dürüst olduğu üçün təşəkkür edirəm. Bununla belə bizim üçün üzücü oldu. Çempionatın əvvəlidir. İndidən belə hallara görə təslim olmamalıyıq. İnşallah, işimizə davam edəcəyik, qarşıda yaxşı oyunlar olacaq.
- “Zirə” ilə oyunda hücumçunuz Mehdi Şərifinin qaçırdığı qol epizodlarına münasibətiniz necədir?
- Futbol elə bir oyundur ki, ulduz futbolçular belə bəzən yüz faizlik qol epizodlarından istifadə edə bilmirlər. Mehdi Şərifini inanıb komandaya gətirmişik. O, 4 turda göstərdiyi oyunla inamımızı doğruldur. Şərifi özü də üzüldü. Çünki qol vursaydı, oyunun axarı dəyişə bilərdi. Amma bu, futboldur. Əgər oyunçu epizodları qaçırırsa, deməli, belə epizodları dəyərləndirmək üçün çox çalışmaq lazımdır.
- Son matçı texniki zonadan izləməməyiniz komandanızın məğlubiyyətinə əsas səbəb ola bilərmi?
- Xeyr, bu səbəb deyil. Şükürlər olsun ki, mənimlə neçə ildir çalışan məşqçilər var. Oyuna da yaxın idim. O barədə problem olmadı. Futbolçular əllərindən gələni etdilər. Məşqçilər də göstərişlərimi yerinə yetirirdilər. Həmin oyunda məğlub olmağa layiq deyildik.
- “Neftçi” ilə oyundakı insidentdə qayıdaq. AFFA həmin insidentlə bağlı “Neftçi”nin məşqçisi Etibar Tarverdiyevin cəzasını 20 oyundan 10-ə endirməkə yüngülləşdirib.
- Mən bu mövzunu bağlamışam. O oyuna qayıtmaq istəyirəm. Mən də, qarşı tərəf də öz cəzasını aldı. İndi onun cəzası endirilirsə, bu mənim səlahiyyətimdə deyil. Ona görə fikir bildirmək istəmirəm. Çalışacağam ki, bütün diqqətimi komandaya yönəldim. Çünki sonra acısını biz yaşayırıq.
- Növbəti turda komandanız Premyer Liqanın sonuncusu “Sabah”la qarşılaşacaq. “Sumqayıt” bu oyuna necə hazırlaşır?
- Biz də məğlub olmuşuq, onlar da məğlub olub. “Sabah” çempionata iddialı başlamaq istəyirdi. İlk turda çox yaxşı oynamışdılar. Yaxşı futbolçuları var. Legionerləri çox yaxşıdır. Bir sözlə, yaxşı komandadırlar. Əlbəttə, onlar da səfərdə “Sumqayıt”a qalib gəlib bu durumdan çıxmaq istəyəcəklər. Bizi çətin oyun gözləyir. Normal şəkildə çalışacağam ki, futbolçularımı son matçın stressindən çıxaraq və “Sabah”la oyuna hazırlaşaq.
Azad NURİYEV