Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 11:00
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin 106-cı günündəyik. İlk başladığı günlərdə bu qanlı savaşın tez bitəcəyi barədə iddialar vardı. Lakin onlar doğrulmadı və indi Avropada bir "sürünən müharibə" kabusu yaşanmaqdadır.
Artıq kimsə müharibənin yaxın aylarda bitəcəyinə dair nikbin proqnozlar verə bilmir. Əvəzində isə onun illərlə davam edə biləcəyi barədə mülahizələr çoxalmaqdadır. Ukrayna rəsmiləri bir az da incik halda Almaniyanın bu gedişlə Kiyevə vəd etdiyi ağır silahları qış aylarında göndərəcəyini bildiriblər. Bu, həm də savaşın ən azı qışadək davam edəcəyini söyləməyə əsas verir. Ancaq bəzi müşahidəçilər daha pessimist yanaşma sərgiləyirlər və müharibə alovunun daha geniş arealda yayılacağını ehtimal edirlər.
İtkilər isə artmaqda davam edir. Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 700 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 1 398 ədəd tankı, 3 438 ədəd zirehli döyüş maşını, 711 ədəd artilleriya sistemi, 213 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 421 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 562 ədəd dronu, 125 qanadlı raket və 52 ədəd xüsusi texnikası məhv edilib. (Repor.az) 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edən Rusiya ardınca Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib. 2022-ci ilin fevralın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
2022-ci il fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası" (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün" təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat" adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub. Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb. Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Rusiya Mariupolda həlak olmuş daha 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib. APA xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatındakı mənbələr məlumat yayıb. "Həlak olanların cəsədlərinin qaytarılması prosesi gedir. Bu günədək 210 meyit qaytarılıb. Bunların çoxu Azovstalın qəhrəman müdafiəçiləridir" - deyə mənbə bildirib.
İyunun 8-dən 9-na keçən gecə rus qoşunları Xarkovdakı ticarət mərkəzinə raket zərbəsi endirib. Teleqraf.com xəbər verir ki, Xarkov vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gecə saat 23 radələrində rusların atəşə tutması nəticəsində şəhərin Novobavarski rayonunda kafe, ərzaq mağazası və məktəb kitabxanasının binalarında yanğın baş verib. Yanğının ümumi sahəsi 500 kvadratmetrə yaxın olub. "İlkin məlumatlara görə, 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Yekun məlumat dəqiqləşdirilir", - məlumatda bildirilir. İyunun 8-dən 9-na kimi cəmi bir gündə Xarkovun Novobavarski rayonunda, eləcə də regionun bir sıra rayonlarında rusların atəşə tutulması nəticəsində yanğınlar baş verib. Nəticədə yaşayış binalarına, yardımçı tikililərə, sex, anbarlara, qarajlara və avtomobillərə, eləcə də kafe binalarına, mağazaya, məktəb kitabxanasına, həmçinin meşələrə ziyan dəyib. Ehtimal olunur ki, Belqoroddan atılan "İsgəndər" raket, ehtimal ki, ticarət mərkəzinə düşüb. Rusiya Federasiyası yaxın aylarda Ukraynanın iki regional mərkəzinə - Nikolayev və Zaporojyeyə hücum həyata keçirə bilər. Bunu Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim "Röyters" agentliyinə bildirib. O qeyd edib ki, qarşıdakı aylarda rusların Zaporojye və Nikolayevə hücum etmək üçün müəyyən imkanları var: "Lakin hələlik biz hücum etmək üçün hər hansı yeni və böyük qruplaşmalar görmürük". Onun sözlərinə görə, indi hər şey çox ləng gedir, lakin vəziyyət çox sürətlə inkişaf edə bilər.
Rusiya isə üstünlüyə malik olduğu barədə məlumatlar yayır. Bildirilir ki, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri ötən sutka ərzində "DXR"in Mazanovka yaşayış məntəqəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsini vurub. Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov ötən sutka ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın 13 pilotsuz uçuş aparatının vurulduğunu da qeyd edib. Koneşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin hərbi itkilərini də açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 193 təyyarə, 130 helikopter, 1163 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksi, 3471 tank və digər zirehli döyüş texnikası, 493 reaktiv yaylım atəşi sistemi, 1834 səhra artilleriya və minaatan, o cümlədən 3512 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".
Rusiya Federasiyası müdafiə idarəsi Milli mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev iddia edib ki, Ukrayna qoşunları Rusiya ərazisini "NATO-nun haubitsaları"ndan atəşə tutur. Göründüyü kimi, vəziyyət kritik olaraq qalır. 280 km-lik məsafəyə zərbə endirmək gücündə olan, ABŞ istehsallı "Harpoon" raketlərinin də artıq Ukrayna silah arsenalına daxil edildiyi barədə xəbərlər yayılıb. Digər məlumata görə, Rusiya ilə münasibətlərinin pisləşməsi təhlükəsinə baxmayaraq ABŞ-ın ardınca Britaniya da Ukraynaya uzaqmənzilli artilleriya göndərəcək. Britaniyanın müdafiə nazirinin sözlərinə görə, "M270" reaktiv yaylım atəş sistemi Ukraynaya Rusiyanın təcavüzündən daha yaxşı müdafiə olunmağa kömək edəcək. Rəsmilər Ukraynaya neçə ədəd sistem göndəriləcəyini açıqlamayıblar, amma BBC-nin əldə etdiyi məlumata görə, söhbət üç vahiddən gedir. Qərb hərbi ekspertləri Rusiya ordusunun Donbasdakı bəzi uğurlarını, o cümlədən Severodonetsk şəhərinin bir hissəsini ələ keçirməsini onun məhz ağır texnika və artilleriya baxımından üstünlüyü ilə əlaqələndirirlər. Ukrayna ordusu ümid edir ki, Qərbdən göndəriləcək MLRS-lər bu müharibədəki yaxın döyüşlərdə nisbətən zəif olan Rusiya qoşunlarına qarşı daha effektiv mübarizə aparmağa kömək edəcək. Ötən həftə ABŞ Ukraynaya raket sistemləri verdiyini açıqlamışdı. Vaşinqtonun bu ölkəyə "M142" Mobil Artilleriya Raket Sistemləri (HIMARS) göndərmək qərarı artıq Moskvanın əks reaksiyasına səbəb olub: bazar günü Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli artilleriya silahları versələr, Rusiya ordusunun zərbə hədəfləri siyahısını genişləndirəcək. Boris Conson hökuməti isə yaxın həftələrdə Ukrayna hərbçilərinin yeni silahların istifadəsi ilə bağlı Britaniyada təlim keçəcəklərini bəyan edib.
Beləliklə, iki qardaş xalqın faciəsi artıq dünyanın fəlakətinə çevrilir. Lakin dünya dediyimizi güc anlamında ehtiva edən Kollektiv Qərb bu fəlakəti durdurmaq iqtidarında da deyilmiş. Kollektiv Qərb əslində Rusiyaya qarşı sanksiyaları heç dünya çapına çıxarda bilmədi. Afrika ölkələri, Çin, İran, Türkiyə, Güney Qafqaz dövlətləri Rusiyaya qarşı sanksiyalara qoşulmadılar. Bütün bunlar nələrdən xəbər verir? Azərbaycan təhlilçilərinin düşüncələri nədir - hazırkı anda savaşa baxanda, onun 106-cı günü necə görünür?
Sonxeber.net xəbər verir ki, deputat Hikmət Babaoğlu da "Yeni Müsavat"a təsdiqlədi ki, Rusiya - Ukrayna müharibəsi başlayanda bu müharibənin tezliklə başa çatacağı ilə bağlı verilən proqnozlar özünü doğrultmadı: "Belə proqnozu daha çox Rusiya tərəfi və hadisələrə Rusiya prizmasından baxanlar verirdilər. Çünki "ildırımsürətli müharibə" planı Rusiya hərbi siyasi elitasının planı idi. Ancaq kollektiv Qərb bu müharibəni mümkün qədər uzunmüddətli və yorucu müharibə layihəsi kimi müəyyənləşdirmişdi. Qərb strateqləri bilirdilər ki, Rusiyanı yalnız uzunmüddətli və yorucu müharibə ilə zəiflətmək olar. Göründüyü kimi, hazırda müharibə Qərb ssenarisi üzrə davam edir və edəcək. Çünki bu müharibə Qərbin mənafelərinə yalnız iqtisadi müstəvidə toxunur. Hərbi-siyasi perspektivlər baxımından isə ona uzunmüddətli strateji dividentlər qazandırır. Məsələn, Qərb İkinci Dünya müharibəsindən sonra davam edən uzun illər ərzində hədəf kimi müəyyənləşdirdiyi Skandinaviya imperativinə yalnız bu müharibə sayəsində yaxınlaşa bildi. Eyni zamanda Avstraliya -Yeni Zellandiya - Yaponiya xətti üzrə Sakit Okean-Atlantika həlqəsini Şimal Qütbünə qədər uzatmaq imkanları əldə etdi. Yəni Rusiya-Ukrayna müharibəsi çoxməqsədli və çoxtəyinatlı olmaqla dünya nizamının "əzbərini" pozub". Deputat qeyd etdi ki, Qərbin bu müharibəni öz təhlükəsizliyinə real təhdidlər yaratmayana qədər dayandırmaq məqsədi yoxdur: "Ukrayna ərazisi isə həm coğrafi baxımdan Rusiyaya bitişik olduğuna, həm də sosioetnik baxımdan Rusiyanın bir növ davamı olması baxımından Qərb üçün uzunmüddətli münaqişə platforması kimi əvəzsizdir. Ona tarixi strateji üstünlüklər vəd edən belə fürsəti Qərb imperializmi əsla əlindən tez bir zamanda qaçırmaq istəməz. Hadisələrin daha da mürəkkəbləşib Qərbin əleyhinə çevrilmək perspektivləri yarandıqda isə Qərb dərhal bunu Ukraynanın ərazi bütövlüyü ilə kompensasiya etmək planlarını işə sala bilər. Bax, Qərb imperializmi bəzən bu qədər liberal, bəzən də müharibəyə səbəbiyyət verəcək situasiya formalaşdıracaq qədər qəddar ola bilir". H.Babaoğlu bildirdi ki, əsl faciəni Ukrayna xalqı yaşayır: "Ona görə də biz bu müharibənin tezliklə dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn tələbləri şərtlərində bitməsində maraqlıyıq".
Azərbaycan on illər boyunca işğal və terrordan əziyyət çəkmiş ölkə kimi təbii ki, haqqın yanındadır. Rəsmi Bakı bütün risklərə rəğmən, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardımını əsirgəmir, eyni zamanda dəfələrlə sülh təşəbbüsü ilə çıxış edib. Amma görünən budur ki, bəzi çevrələrə sülh indiki məqamda sərfəli deyil. Elə Türkiyənin təşəbbüslərinin qarşısının alınması da savaşın davamında maraqlı olanların çalışmalarının məntiqi sonluğu sayıla bilər. Bu gedişlə, 2023-cü ildə də Rusiya-Ukrayna müharibəsi aktual mövzulardan olacaq...