Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 11:16
Bakı. Trend:
Sentyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Tamam Cəfərovanın rəhbərlik etdiyi universitet kollektivi Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub.
Səfər ADU rektorunun göstərişi ilə universitet və Cocuq Mərcanlı kənd məktəbi arasında il boyu davam edən dayanıqlı əməkdaşlıq proqramı çərçivəsində və “Bilik günü” münasibəti ilə baş tutub. Prorektor Tamam Cəfərovanın başçılıq etdiyi kollektivə universitetimizdən dekan Məmməd İsmayılov, kafedra müdirləri Aytən Bayramova və Gülnarə Sadıxova, eyni zaman dekan müavini Anar Rəhimov daxil olub.
Səfər zamanı prorektor Tamam Cəfərova məktəbin xarici dil kabinetinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan hər bir müasir avadanlıq, əyani vəsaitlər, dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından bundan sonra məktəb müəllimləri və şagirdlər faydalana biləcəklər.
Açılış lentini kəsən Tamam Cəfərova ümidvar olduğunu bildirib ki, ADU-nun Cocuq Mərcanlıya töhfəsi olan bu kabinet gələcəkdə neçə-neçə tələbənin, xarici dil mütəxəssislərinin hazırlanmasında əvəzsiz rol oyanacaq. O, bu il tələbələrin məktəbdə 2 ay uğurla pedoqoji təcrübə keçdiklərini, Cocuq Mərcanlı kənd məktəbində səmərəli və faydalı əməkdaşlığın ADU rektoru akademik Kamal Abdulla üçün prioritet sahə olduğunu bildirib, universitetin bundan sonra da bu dəstəyini və yardımını əsirgəməyəcəyini bildirib.
Prorektor eyni zamanda bu sinif otağında ADU-nun məzunu olan Məsmə Zeynalovanın dərs deyəcəyinin də sevindirici hal olduğunu, ADU-nun öz məzunlarını daimi izlədiyini və dəstəklədiyini vurğulayıb.
Məzun Məsmə Zeynalova müəllimlər üçün diaqnostik qiymətləndirmədə ən yuxarı bal yığan müəllimələrdən olub, daha sonra könüllü və israrla Cocuq Mərcanlı məktəbində ingilis dilini tədris etməyə can atıb, hazırda məktəbdə ingilis dili məşğələlərini aparmaqdadır.
Tamam Cəfərova “Bilik günü” münasibəti ilə Təhsil Nazirliyinin tövsiyəsinə əsasən məktəbin 8-ci sinif şagirdlərinə “Mütaliə – uğura aparan yol” mövzusunda açıq dərs keçib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin