Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 12:54
Kremlin proseslərdən kənarda qalma ehtimalı güclənsə, Bakıda və İrəvanda Rusiya tərəfdarlarının çevriliş həmləsi ilə üzləşə bilərik; Dağlıq Qarabağ üçün hansı təhlükəli ssenari var - deputatla polkovnikin cavabı...
Makedoniyadakı beynəlxalq Vizyon Türk Universitetinin prorektoru, Ankaradakı Kafkassam araşdırmalar mərkəzinin başqanı professor Hasan Oktay "Turan" İnformasiya Agentliyinə müsahibəsində bir sıra sensasion iddialarla çıxış edib.
Sonxeber.net "Yeni Müsavat"a istinadən xəbər verir ki, H.Oktay deyib ki, Brüsseldəki görüşlərin sayının artması və irəliləyiş əldə edilməsi halında Rusiyanın proseslərdən kənarda qalma ehtimalı güclənsə, Azərbaycan və Ermənistandakı Rusiya tərəfdarlarının çevriliş həmləsi ilə üzləşə bilərik. Onun fikrincə, Rusiyanın məqsədi sülh yox, atəşkəsin pozulmasını bəhanə edərək bölgədə uzun müddət qalmaqdır. Türk professor hesab edir ki, atəşkəslər Rusiyanın qeyri-müəyyən müddətə bölgədə qalmasına səbəb olur.
Politoloq onu da deyib ki, Rusiya Qarabağdakı separatçılara pərdə arxasından çox kömək edir: "Qarabağ "parlamenti" rus dilini də rəsmi dil kimi qəbul edib. Bölgədəki əhaliyə Rusiya pasportları verildiyinə görə orada həm də rus azlığı yaradılmaqdadır". H.Oktaya görə, Ermənistanda Rusiyanın dəstəklədiyi çevrilişin olması halında yeni iqtidar Azərbaycana qarşı müharibədən çəkinsə belə, terror aksiyaları başlaya bilər: "İndi biz Avropa Birliyi, Minsk Qrupu, Moskva, Ankara proseslərindən danışırıq, ancaq Dağlıq Qarabağ Rusiyanın nəzarəti altında Donbas modelinə doğru gedə bilər".
Türk professorun fikirlərində müəyyən həqiqət payı var. Qarabağda "rus icması" yaratmaq, rus siyasi və ədəbi xadimlərinə abidələr qoymaq gələcək planlara hesablanmış addımlardır. Ukraynanın Donbas bölgəsinə də "rus əhalisini müdafiə" bəhanəsi ilə daxil olmuşdu. Ümumiyyətlə, son günlər Rusiya və onun sülhməramlılarının iştirakı ilə Azərbaycana yönəlik təxribat və təzyiq xarakterli addımlar diqqət çəkir. "RİA Novosti"nin separatçı Beqlaryanla müsahibəsi, Dövlət Dumasının deputatı Konstantin Zatulinin keçmiş Dağlıq Qarabağın keçmiş rəhbərləri, saxta "rus icması" və Qarabağdakı hərbi kontingentin komandanı general Volkovla görüşü, bəzi Ermənistan nazirlərinin, baş prokurorun Xankəndinə nümayişkaranə qanunsuz səfəri, Laçına gedən azərbaycanlıların sühməramlılar tərəfindən daha çox yoxlamaya məruz qalması, nəhayət, Lavrovdan Bakının bəyanatından sonra Fərruxun delimitasiyaya aid edilməsi barədə dediklərinə düzəliş buna sübut ola bilər. O halda, tanınmış türkiyəli politoloqun dediklərini ciddiyə almaq lazım gəlir. Bəs bizim mütəxəssislər bu fikirləri bölüşürmü? Qarabağın dağlıq hissəsində separatizm həmişəlik saxlanacaqmı?
Deputat Sabir Rüstəmxanlı "Yeni Müsavat"a qeyd etdi ki, bizim bölgə son dərəcə həssasdır və burada başqa dövlətlərin maraqları var: "Regionda Rusiya və İranın, eləcə də Avropanın maraqları mövcuddur. Ona görə bu cür mülahizələrin ortaya çıxması, müxtəlif variantların olması təbiidir. Əlbəttə ki, Rusiya bu bölgədən çıxmaq istəməz. Bunun arxasında gizli siyasət olduğunu söyləmək üçün müəyyən təxminlər var. Ukrayna müharibəsi də göstərir ki, dünyada böyük güclərin zəiflədiyi vaxtlar olur. Ukrayna üçün ağırdır, amma Rusiya üçün də ağırdır. Hər halda, Rusiya qonşumuzdur, münasibətləri normal davam etdirməliyik ki, bu məsələlər olmasın. Ermənistanla da sülh müqaviləsi bağlanmalıdır. Bu əlaqələr qorunsa, Azərbaycanın gücü və strateji siyasəti imkan verəcək ki, Qarabağın digər ərazilərində suverenliyini təmin etsin". S.Rüstəmxanlının sözlərinə görə, Donbasda əksəriyyət ruslardır, Dağlıq Qarabağda isə ruslar yoxdur: "Amma bu narahatlığı nəzərə alıb Azərbaycan siyasətini elə qurmalıdır ki, deyilən ehtimal reallaşmasın".
Polkovnik Üzeyir Cəfərov qeyd etdi ki, türk professorla tam razılaşır. Onun sözlərinə görə, Rusiyanın son hərəkətləri Qarabağın Donbasını formalaşdırmaq hərəkətləridir: "Separatçı rejimin mövcudluğu üçün əllərindən gələni edirlər. Əgər Rusiya Ukraynada uğur qazanarsa, Qarabağda ağır bir dönəm başlayacaq. Nəticədə Rusiyanın hədsiz həyasızlığı və torpaq iddiaları ilə qarşılaşa bilərik. Dili və dini bir olan Ukraynaya qarşı eyni iddiaları irəli sürdüsə, bizə də mümkündür". Hərbi ekspertin fikrincə, artıq 10 noyabr sənədinin imzalanmasının iki ilinin tamamına çox qalmayıb, amma Rusiya üzərinə düşəni etmir: "Bu müddətdə bizim gördüyümüz odur ki, separatçılar dəstəklənir, onların güclənməsi üçün hər şey edilir. Gəlin nəzərə alaq ki, Azərbaycandan kənarda olan türk professor hadisələrə belə qiymət verir, biz daha yaxından izləyirik və prosesin hara getdiyini görürük".
Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, "Ria Novosti" Artak Beqlaryanla müsahibəni saytından silib, Lavrovun da səhvini düzəldiblər: "Rusiya Mədəniyyət Nazirliyi isə erməni rəssamın "Dağlıq Qarabağın sirləri" sərgisinin adından Qarabağ sözünü çıxartdı. Moskva bütün bunları xoşluqla etmir, Bakının tələbi qarşısında etməyə məcbur olur. Lakin bu cür təxribatlara yol verilməsi, ardınca edilən düzəlişlərin üç hədəfi var. Birincisi, Rusiya Azərbaycanın "əsəblərini yoxlayır", müqavimətinin hara qədər ola biləcəyini sınayır; ikincisi, Bakıya "separatçıları legitimləşdirə də bilərik" mesajını verir, üçüncüsü, "separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır" demək istəyirlər".
Ekspertin fikrincə, hazırda ABŞ və Rusiya Qarabağ üzərindən bölgədə "nüfuz müharibəsi" aparır: "Lavrovun Mirzoyanla görüşündən qısa müddət öncə ABŞ-ın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə gəlişi də bundan xəbər verir. "Nüfuz müharibəsi" Qarabağ, ümumilikdə bölgə üzərindəki anlaşmaların icrası ilə bağlı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bəyanatlar, danışıqlar, diplomatik təmaslar aktiv şəkildə davam etsə də, praktiki addımlara keçid səngiyir. Təcrübə göstərir ki, dalan dirənmiş danışıqları irəlilətmək və praktiki mərhələyə keçidə zəmin yaratmağın yolu hərbdən keçir. Hadisələrin inkişafı buna ehtiyacı aktuallaşdıra bilər".