Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Paşinyandan şübhələri artdı - Laboratoriyaların sirlərini sata bilər

ABŞ-ın Paşinyandan şübhələri artdı - Laboratoriyaların sirlərini sata bilər

Tarix: 15 Iyun 2022 13:32

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda erməni həmkarı ilə görüşdən bir neçə dəqiqə əvvəl maraqlı hadisə yaşanıb. Müxalifətçi Aqnessa Xamoyan sosial şəbəkədə yazıb ki, ABŞ səfiri Lin Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib. Ermənistan müxalifət nümayəndəsinin paylaşdığı görüntülərdə ABŞ səfiri Lin Treysinin bir neçə nəfərin müşayiəti ilə Ermənistan Xarici İşlər Nazirliyinə daxil olduğu görünür.

Qeyd edək ki, Lavrovun səfərindən əvvəl Ermənistanın müxalifyönlü "Past" nəşri yazıb ki, daxildəki vəziyyətdən narahat olan Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal "sövdələşmə" təklif edib. Məlumatda qeyd olunurdu ki, Sergey Lavrov mövcud hakimiyyətə açıq şəkildə dəstəyini bildirsə, üstəlik, müxalifətin ünvanına tənqid səsləndirsə, Paşinyan amerikalıları "ataraq" bioloji laboratoriyaların qapılarını rusların üzünə açacaq. Lakin Rusiyadan yekun cavab gəlməyib. Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, bunun əksi olmalıdır. Əvvəlcə laboratoriyalar, sonra tənqidlər olmalıdır", - deyə nəşr bildirib.

Əlbəttə ki, bu sövdələşmə barədə iddialardan ABŞ da xəbərdardır. ABŞ laboratoriyaları məsələsində hazırda Rusiya Vaşinqtonun ifşası üçün ciddi araşdırma aparır və Ermənistandakı laboratoriyalara da bu səbəbdən ciddi maraq göstərir. Belə görünür ki, Ermənistan ABŞ laboratoriyaları ilə bağlı məsələdə Rusiya ilə alverə getmək istəyindədir. ABŞ səfirinin tələsik XİN-ə getməsi laboratoriyalar mövzusunda Vaşinqtonun da həssaslığını göstərir.

ABŞ səfirinin tələsik XİN-ə getməsinin səbəbləri nə ola bilər? Paşinyan Rusiya ilə ABŞ laboratoriyaları məsələsində bazarlığa getsə, Vaşinqtonun mövqeyində hansı dəyişikliklər mümkündür?

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli dedi ki, dünyada İraqdan sonra Amerikanın ən böyük səfirliyi Ermənistandadır: "Amerikanın Ermənistan kimi üçüncü ölkələrdə bioloji laboratoriyaları artıq heç kəsə sirr deyil. Postsovet məkanında Amerikanın bioloji laboratoriyaları xüsusi gərginlik yaradan məsələdir. Çünki bioloji laboratoriyalar məsələsi onsuz da kifayət qədər gərgin olan ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşməsinə səbəb olur. Bioloji laboratoriya problemində ABŞ-Rusiya gərginləşməsinin episentrində Ermənistanın durması Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakı bu vəziyyətdən xeyirlə çıxmağı bacarmalıdır. Azərbaycan Ermənistandakı daxili vəziyyətdən istifadə edib Moskva ilə İrəvanı üz-üzə qoymalıdır. Ermənistan üzərində Rusiya-ABŞ rəqabəti də Azərbaycanın əlinə oynaya bilər. Ümumilikdə isə Ermənistandakı iqtidar-müxalifət qarşıdurmasının uzanması, düşmən ölkədə qeyri-sabitliyin davam etməsi Azərbaycanın dövlət maraqlarına cavab verir".

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlizadə Paşinyan komandasının hiyləgərliyinə xüsusi eyham vurdu: "ABŞ-ın Ermənistandakı səfirinin Lavrov-Mirzoyan görüşünə "gözlənilməz" qatılımı Paşinyan və onun komandasının bu iki qlobal gücün (ABŞ və Rusiya) təmsilçiləri arasında öz maraqlarına xidmət edən məsələlərin müzakirə edilməsinə və erməniyönümlü formatda tənzimlənməsinə dəstək göstərmək istəyindən irəli gəlir. Bu baxımdan, hər üç ölkənin diqqətindəki əsas məsələlər Cənubi Qafqazda baş verən cari proseslər və bu proseslər fonunda Qərbin regiona müxtəlif çaplı müdaxilələridir.

Rusiyanın Ukraynada başladığı müharibə ilə paralel olaraq Cənubi Qafqazdakı proseslərdə Avropa İttifaqının aktivləşməsi və Ermənistan-Azərbaycan münasibətlərində Rusiya gündəliyindən kənar gündəliyin formalaşma ehtimalı rəsmi Kremli ciddi narahat edir. Çünki Rusiya bu bölgədəki proseslərin həllini birbaşa olaraq öz kurasiyasında hesab edir və yad ünsürlərə ehtiyatla və təhdid gözü ilə yanaşır. Bunu Lavrov-Mirzoyan görüşündən sonrakı media konfransında səsləndirilən fikirlərdən də anlamaq olar. Bir sözlə, Aİ-nin özgə ayaqqabısını geyməsi, həmçinin fərqli yeriş nümayiş etdirməsi, Ermənistan-Azərbaycan sülh prosesində sözlərə və sənədlərə deyil, konkret addımlara və qarşılıqlı dialoqun təşkilinə üstünlük verməsi, prosesi sülh istiqamətinə çəkməsi digər oyunçuların maraqları ilə toqquşur. Aydındır ki, Ermənistanda hazırkı Paşinyan hakimiyyəti qərbyönümlüdür və Qərbdən dəstək alır. Bu baxımdan, ABŞ-ın hansı mövqedə durduğu çox maraqlıdır. Ermənistandakı Amerika səfiri Lin Treysinin çıxışları və ifadələri, o cümlədən Qarabağın statusuna dair səsləndirdiyi açıq fikirləri, Aİ-nin inisiativlərindən fərqli olaraq birbaşa Ermənistanın maraqlarına cavab verir. Hətta bu fikirlərinə görə Amerika ekspertlərinin özləri belə Treysini siyasi balansı pozmaqda ittiham edirlər. Treysi və Lavrovun Qarabağın gələcək statusu ilə bağlı dialoqu da "erməni qapısı arxasında" müzakirə olunmuş ola bilər. Çox maraqlıdır ki, Treysinin Ermənistan XİN-ə daxil olduğu vaxt orada Ermənistan müxalifətinin etirazçıları "Lavrov, çıx get! Biz ölkənin sahibləriyik!" kimi ifadələr əks olunan plakatlar qaldırmış və Lavrovun Ermənistanda persona-non-qrata elan olunması ilə bağlı tələblər səsləndirirdi. Etirazın təşkilatçıları Lavrovu, o cümlədən Rusiyanı Qarabağı Azərbaycana güzəştə getməkdə ittiham edirlər. ABŞ səfirinin XİN-ə gəlməsi də bu nümayişin bir parçasıdır.  Həmçinin erməni cəmiyyətində belə bir şayiə gəzir ki, Treysinin səfirlik dönəmi başa çatır və ABŞ-ın Ermənistana təyin olunacaq növbəti səfirinə Paşinyanın hakimiyyətini devirmək vəzifəsi qoyulacaq. Bu baxımdan Paşinyan komandasının ABŞ və Rusiya təmsilçilərini görüşdürmək jesti, öz hakimiyyətini sığortalamaq, həmçinin xüsusilə son günlərdə Rusiyanı narahat edən bir sıra, o cümlədən bioloji laboratoriyalarla bağlı məsələlərdə üçtərəfli ABŞ-Ermənistan-Rusiya təması təşkil etmək cəhdi olaraq qiymətləndirilə bilər".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Ukrayna müharibəsinin Ermənistanın vəziyyətini daha da ağırlaşdırdığını düşünür: "Məlum olduğu kimi, Cənubi Qafqaz məsələsinə görə Ermənistan onsuz da illərdir ki, Qərb və Rusiya arasında qalmışdı. Ukraynadakı müharibə isə rəsmi İrəvanın işini bir az da çətinləşdirdi və hər iki tərəfdən "pressinqi" artırdı. Məsələ ondan ibarətdir ki, Kreml Ermənistanı Qərbdən "qoparmaq" üçün Paşinyandan savaşla bağlı konkret bəyanatlar, vədlər almaq istəyir. ABŞ isə əksinə, elə etmək istəyir ki, Ermənistan Rusiyaya "dönük çıxsın". Bu mənada indi Ermənistanın iki böyük güc arasında qalması, hətta belə demək mümkünsə, vurnuxması təbiidir. Paşinyan əslində ağıllı siyasətçidir. Diplomatik manevr qabiliyyətinə malikdir. Odur ki, indi də hansısa gizlin sövdələşməyə, bazarlığa getməsi istisna deyil. Və əlbəttə, Paşinyan bu zaman təkcə ABŞ və Rusiyanın mövqelərini deyil, bütün geosiyasi reallığı nəzərə almalıdır. Ancaq sizin dediyiniz kimi, Paşinyanın ABŞ-ın sirlərini Rusiyaya satdığına inanmıram. Birincisi ona görə ki, Paşinyan daha çox qərbyönümlü siyasətçidir və ən azı Kremldən olduğu qədər Ağ Evdən də asılıdır. İkincisi, indi Moskvanın başı qarışıqdır, getdikcə zəifləmək, o cümlədən regiondakı təsir gücünü itirmək tənlükəsi kifayət qədər çoxdur. Əgər Paşinyanın məntiqi varsa, bu imkanı dəyərləndirərək, əksinə, Qərblə münasibətlərini "isti" etməyə çalışmalıdır. Fikrimcə, belə də olacaq. Sizin dediyiniz kimi, əgər baş nazir Vaşinqtonun maraqlarını zərbə altına atıbsa, onda yaxın zamanda bunun əks-sədası eşidiləcək və ABŞ-ın intiqamı ağır olacaq".

Milli.Az


Etiketlər:  ABŞ ın Paşinyandan şübhələri artdı Laboratoriyaların sirlərini sata bilər


RƏYLƏR