Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 11:16
Ötən ilin noyabrında Pirallahı rayonu, Gürgən qəsəbəsində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı qətlə yetirən 30 yaşlı Əsgər Musayevin məhkəməsi başa çatıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Musayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddələri ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Əsgər Musayev 2015-ci ildə 18 yaşında olan Ayşənlə tanış olub və onlar qeyri-rəsmi evləniblər. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib. Lakin daha sonra onların münasibətləri pozulub. Ayşən ortancıl və kiçik övladını götürərək Pirallahıda anasının yaşadığı evə köçüb. Onun böyük qızı isə Gürgən qəsəbəsində Əsgərin evində qalıb.
Qətldən bir neçə gün əvvəl Əsgər Musayev ayrı yaşayan həyat yoldaşına onunla barışmaq, həmçinin paltar almaq istədiyini bildirərək görüşə çağırıb. Lakin görüş zamanı o, Ayşəni Xaşaxuna bağları adlanan əraziyə aparıb və üzərindəki bıçağı çıxararaq qadının boğazına dirəyib. Həmin vaxt son anda fikrindən daşınan Əsgər Ayşənin yalvarışlarından sonra ona xəsarət yetirməyib və yaşadığı evə aparıb. 1 gecə orada qaldıqdan sonra Ayşən Rəhimova anasıgildən paltarlarını gətirmək adı ilə evdən çıxıb və Pirallahıya gedib. Bundan sonra, yəni noyabrın 10-da isə o, anası və ortancıl oğlu ilə birlikdə taksi ilə Əsgərin yaşadığı evə gəlib. Onların məqsədi Əsgərdə qalan böyük uşağı da özləri ilə aparmaq olub.
Qapının döyüldüyünü görən Əsgər Musayev açdıqda qayınanası Sevincin qapının qarşısında olduğunu və uşağı aparmaq üçün gəldiyini bildirib. Bu zaman Əsgər "Mercedes" markalı avtomobildə Ayşənin oturduğunu görüb və evə qayıdaraq uşağı geyindirib gətirəcəyini deyib. Lakin o, evə qayıdaraq bıçaq götürüb və küçəyə qayıdaraq avtomobilə yaxınlaşıb. O, qapını açaraq Ayşənin aşağı düşməsini tələb edib. Qadın imtina edincə Əsgər zorla onun saçından tutaraq yerə düşürüb və bıçaqla zərbələr endirməyə başlayıb. Araya girən Ayşənin anası Sevinc onları çətinliklə ayıra bilib və qızına "qaç, canını qurtar", deyib. Ayşən küçə boyunca qan içində qaçmağa başlayıb və bir qədər getdikdən sonra Əsgər onu yenidən yaxalayıb və bu dəfə əlindəki bıçaqla daha öldürücü zərbələr endirib, həmçinin onun ölümünə əmin olmaq üçün boğazını kəsib. Bütün bu hadisələr isə taksi sürücüsü və uşaqların gözü önündə baş verib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əslində Ayşəni öldürmək yox, qorxutmaq istədiyini deyib. O, həmçinin həyat yoldaşının ondan gizli telefon işlətdiyini iddia edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə A.Rəhimovanı amansızlıqla öldürən Ə.Musayevə 17 il həbs cəzası verilib.