Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 17:16
Bakı. Samir Əli - Trend:
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktiki-maarifləndirici söhbətlər aparıb.
Trend-in məlumatına görə, tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb. Yol polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər. Bu tipli tədbirlər yalnız piyadaların inzibati qaydada cərimələnməsi məqsədi ilə keçirilmir. Belə tədbirlər zamanı piyadalarla yol polisləri maarifləndirici söhbətlər aparır bu da polisin cəmiyyət tərəfindən sevilməsi, vətəndaş məmnunluğunun yaranmasına gətirib çıxarır.
Tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə əraziyə çağırılan Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bundan sonra da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin