Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 16:06
"Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi bütün dünyanı heyran qoymaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir. Dövlət başçısının iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi növbəti səfər zamanı bir daha bütün dünyaya nümayiş olundu ki, torpaq üzərində sahiblik haqqının meyarı onun xaincəsinə işğalı deyil, bu torpaq üzərində qurub-yaratmaq əzmidir".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlərin bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amil olduğunu vurğulayan millət vəkili bildirib ki, dövlət başçısının hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması işlərin yüksək effektivliyini təmin edir: "Belə düşünürlər ki, cəmi bir neçə kilometr uzunluğu olan kiçik bir kənd yolunun əhəmiyyəti onlarla kilometr məsafəyə uzanan, şəhərləri, rayonları birləşdirən magistral yolların əhəmiyyətindən çox azdır. Lakin unutmaq lazım deyil ki, həm kiçik, həm də böyük yollar birbaşa vətəndaşların, insaların istifadəsi, onların rahatlığı üçün çəkilir. İnsan amili isə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında durur. Ölkə Prezidenti cənab İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı istisnasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara, detallara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr verir. 26-27 iyunda Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi səfəri çərçivəsində dövlət başçısı bir neçə təməlqoyma və açılış mərasimlərində iştirak edib. Ölkə Prezidenti Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə, Kəlbəcərdə tikilməkdə olan "Çıraq-1" kiçik su elektrik stansiyasında aparılan işlərlə, Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə yaxından tanış olub. Dövlət başçısı həmçinin "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı, Laçın rayonunda "Həkəriçay" su anbarı layihəsi təqdim edilib. Bütün bunlar bir daha təsdiq edir ki, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bütün detallarına qədər birbaşa ölkə rəhbərliyinin nəzarəti altındadır və bu, əlbəttə ki, eyni zamanda həm icraçıların məsuliyyətini artırır, həm də bu işlərdə zəhməti, əməyi keçən bütün insanlar üçün ən önəmli stimul rolunu oynayır", - deyə K.Qafarov bildirib.
Deputat qeyd edib ki, iyunun 26-da Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi səfəri çərçivəsində Silahlı Qüvvələr Günündə Kəlbəcərdə yeni tikilmiş "N" saylı hərbi hissəsinin açılışında və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı birmənalı olaraq həm siyasi, həm də mənəvi baxımdan son dərəcə əhəmiyyətli bir hadisə oldu. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illər ərzində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir çox tədbirlər görülmüş, mühüm addımlar atılmışdır. Vətən müharibəsi Azərbaycan gəncliyinin Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı yenə də öz Prezidentinin ətrafındadır. Bu gün Azərbaycan xalqı 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Bütün bu işlərin həcmi bir daha xalq-iqtidar birliyinin sarsılmazlığını və gücünü göstərir. Möhtərəm dövlət başçımızın dediyi kimi, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq", - deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.