Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 15:45
"Bildiyiniz kimi 2005-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam Televiziya Müsabiqəsi" keçirilir. Həmin müsabiqədən indiyə qədər çox gözəl, istedadlı xanəndələr, ifaçılar meydana çıxıblar. Muğam ifaçılarının hamısı zamanla məşhurlaşırdılar, öz sözlərini deyirdilər. Bu da çox böyük əziyyət və vaxt tələb edirdi. Amma muğam müsabiqəsindən sonra gənclər televiziya vasitəsilə xalqın və tamaşaçılarının qarşısında rəğbət qazanmağa başladılar. Bəziləri bu fürsəti çox gözəl dəyərləndirdilər, fəxri adlara layiq görüldülər. Bəziləri isə əlbəttə müəyyən yerə gəlib çatmaqda fürsətlərdən yaxşı istifadə etmədilər".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O, daha sonra əlavə edib.
"Bu il də çox şükür münsif kürsüsündə əyləşmək mənə qismət oldu. Həqiqətən də bu işin çox dəyərli olduğunu görürəm. Böyük bir layihədir. Əlbəttə, bu işə vitse-prezidentimiz Mehriban xanım Əliyeva böyük diqqət və qayğı göstərir. Bu həqiqətən də Azərbaycan üçün böyük bir layihədir. Biz artıq istedadlı gəncləri kəşf etmişik" deyə xanəndə bildirib.
Fərqanə Qasımova son günlər onun və atasının ünvanına söylənilən tənqidlərə də münasibət bildirib.
"Ümumiyyətlə insan şəxsi işləri ilə, sənəti ilə məşğul olanda dedi-qodulara vaxt tapmır. Kim nə danışırsa əhəmiyyət vermir. İnsan özünə, addımlarına güvənəndə, onun üçün fərqi yoxdur ki, ona kənardan nə münasibət olacaq. Hər işdə belədir, tək incəsənətdə deyil. Sataşanlar, adamın arxasıyca danışanlar olur. Bir insan ki, arxada danışır, o qorxaqdır. Ümumiyyətlə qorxaqlıq da çox pis əlamətdir. Həmişə mərdi-mərdanə olmaq lazımdır. Biri var doğru danışmaq, biri də var yalandan dedi-qodu etmək. Ona görə də o yalan söhbətlərdə özünə güvənən insanlar çönüb arxaya baxmırlar. Hətta çönüb arxaya baxanda belə o vaxtını itirmiş olur. Ağıllı, iradəli, imanlı insanlar hər zaman çalışır ki, əyri işlər görməsin, həyatda bu məqsədlə yaşayırlar. Alim müəllim də, mən də bu insanlardanıq ki, dedi-qodulara, arxamızca danışan insanlara əhəmiyyət vermirik. Çünki bu bizim üçün vaxt, zaman itkisidir. Yaxşı işlər görmək lazımdır, həm də biz bu dünyaya boşu-boşuna gəlməmişik, axirətimiz üçün gəlmişik. Allah hamının günahından keçsin, onları bağışlasın. Həmişə üzümüz gülsün, bir-birimizə xoş münasibət bəsləyək" deyə əməkdar artist bildirib.