Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 16:32
Astarada Təxtənəkəran-Toradi avtomobil yolu yararsız vəziyyətdədir. Əksər hissələrdə iri çatlar, qabarma və çökmələr yaranıb. Tez-tez müşahidə edilən intensiv yağıntılar sürüşmələrə səbəb olur. Dağlardan sürüşən torpaq qatı yola tökülür və asfalt örtüyünü sıradan çıxarır. Yoldan istifadə edənlər vəziyyətin dözülməz olduğunu bildirirlər.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki,Astarada Təxtənəkəran-Toradi yolunda sürüşmə yenidən aktivləşib. Yol boyu çökmələr və iri çatlar yaranıb.
2015-ci ildə yolda torpaq işləri görülüb, 2017-ci ilin sonlarında isə asfalt örtüyü çəkilib. Həmin dövrdən sonra intensiv yağışlar səbəbindən dağdan sürüşərək tökülən torpaq qatı asfalt örtüyünü dağıdıb. Nəticədə nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Yolun yararsız vəziyyətdə olması sürücüləri təngə gətirib. Avtomobillərin əksər detalları tez-tez sıradan çıxır.
Yolun təbii proseslər nəticəsində sürüşməyə məruz qalmasından əlavə əksər yerlərdə nişanların olmaması vəziyyəti daha çətinləşdirir. Dumanlı hava şəraitində və gecə saatlarında qəza riski yaranır.
Məsələ ilə bağlı yolun balansında olduğu 49 saylı Yol İstismarı MMC-dən bildirilib ki, problemlərdən xəbərdardırlar. Qeyd edilib ki, asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə bağlıdır. ''İqlim şəraiti və yağıntılara görə sözügedən yolda tez-tez uçqunlar baş verir. Yol nişanlarının quraşdırılması və xətlənmə işləri podratçı təşkilat tərəfindən yarımçıq aparılıb. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, nəticəsi olmayıb''-deyə idarədən bildirilib.