Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 14:30
Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemin ayın 15-dən sonra açılması planlaşdırılır. Valideynləri əsas narahat edən məqam isə qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı ilə bağlıdır. Təhsil Nazirliyi qəbul mexanizmini hələ ki, açıqlamasa da, ekspertlər deyirlər ki, bağçaya elektron qəbul üçün müraciət edərkən uşağın yaşadığı yerlə qeydiyyatda olduğu ünvanın üst-üstə düşməməsi yer seçimində ciddi problem yaradacaq.
Təhsil Nazirliyi Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulun iyul ayının əvvəlindən başlanacağını bildirsə də, hələ ki elektron qəbul sistemi açılmayıb. Bu isə övladlarını uşaq bağçasına qoymaq üçün elektron qəbul sisteminin açılmasını gözləyən valideynlərin narahatlığına səbəb olub. Məktəbəqədər təhsil müəssisələrinə müraciət etmələrinə baxmayaraq, yerin olmaması ilə bağlı cavab alan valideynlərin ümidi yalnız elektron qəbul sisteminədir.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirib ki, uşaq bağçalarına elektron qəbul sisteminin hazırlanması üzərində işlər tamamlanmaq üzrədir:
Bağçalara elektron qəbulla bağlı valideynləri əsas narahat edən məqam isə qəbulun ərazi üzrə qeydiyyata görə aparılıb-aparılmayacağı ilə bağlıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, uşaq bağçalarına qəbul elektronlaşarsa, məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə qeydiyyatın əsas götürüləcəyi şübhəsizdir. Onun sözlərinə görə, valideynlə bağlı belə bir tələb irəli sürülməsə də, uşağın həmin ərzidə daimi qeydiyyatda olması vacibdir və bununla bağlı sistem abonent kodu tələb edə bilər. Həmçinin, həmin bağçada qeydiyyatda olan ailənin digər üzvünün şəxsiyyət vəsiqəsinin FİN kodu təqdim edilməklə qeydiyyat mümkün olacaq.
Kamran Əsədov onu da qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektron qaydada aparılması əvvəllər mövcud olan süni sıxlığı aradan qaldıracaq.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.