Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 15:06
Zaqatalada yoxa çıxan hindistanlı turist hələ tapılmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.
Ötən gün turistin atası və qardaşı da yenidən axtarışlara qoşulub. Onlar da axtarış qrupları ilə birgə dağa qalxıblar.
Xatırladaq ki, turistin itdiyi dağlıq ərazi çətin relyefdə yerləşir. Belə ki, bundan əvvəl axtarışlara qoşularaq dağa qalxan turistin atası çaya yıxılmışdı.
Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
O itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəlib. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
56 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.