Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 09:50
Bir zamanlar Nyu-Yorkun məşhur klublarından olan "Studio 54"ün keçmiş sahibi Mark Fleyşman evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) ilə həyatını sonlandırıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, ötən gün 82 yaşında İsveçrədəki klinikalardan birində dünyasını dəyişib.
Mark ömrünün son illərində həkimlərin dəqiq diaqnozunu təyin edə bilmədiyi nevroloji xəstəlikdən əziyyət çəkib. Xəstəlik nəticəsində o, əlil arabasına məhkum olub və nitqində problemlər yaranıb. Mark bir neçə il əvvəl evtanaziya haqqında düşündüyünü və artıq belə yaşaya bilməyəcəyini açıqlamışdı.
"Yatmağıma həyat yoldaşım kömək edir, nə paltar, nə də ayaqqabılarımı özüm geyinə bilirəm. Asan yolla gedirəm. Mənim üçün bu, ən asan yoldur. Tapança almağa gedirdim. Amma həyat yoldaşım maneə oldu. Bunun üçün qanuni yol axtarmağa başladıq" deyə, Mark bildirmişdi.
Onu da qeyd edək ki, Mark 1978-1984-cü illərdə "Studio 54" klubunun sahibi olub. Daimi ziyarətçilər arasında Mik Ceqqer, Maykl Cekson, Arnold Şvarseneqqer, Silvestr Stallone və bir çox başqa məşhurlar yer alıb. Klub bağlandıqdan sonra onun haqqında kitab yazıb.