Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 08:48
"Ötən həftə İstanbulda şərti olaraq razılaşdırılmış Ukrayna taxılının ixracı planına əsasən, ixrac Ukraynanın üç limanı vasitəsilə həyata keçiriləcək və BMT-nin himayəsi altında olan qrup tərəfindən idarə olunacaq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə yerli mətbuata Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radanın deputatı Rüstəm Umerov məlumat verib.
"İxrac üç limandan keçəcək: Odessa, Yujnı və Çernomorsk, lakin ümid edirik ki, gələcəkdə onları genişləndirə biləcəyik. Hərbi Dəniz Qüvvələrinin və silahlı qüvvələrin bütün tövsiyələrinə əməl edilməlidir", - o deyib.
Deputat qeyd edib ki, bütün mülki gəmilər razılaşdırılmış təhlükəsiz marşrutlar üzrə Ukrayna limanlarına daxil ola biləcək: "Biz hamıya taxıl satacağıq. Və bu tövsiyələrə sərbəst əməl edə bilən bütün gəmilər bizə yaxınlaşa bilər".
R.Umerov BMT-nin İstanbulda nəzdində fəaliyyət göstərən monitorinq qrupunun təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edəcəyini, Rusiyanın bu prosesə təsir etməyəcəyini vurğulayıb.
Xatırladaq ki, iyulun 18-də keçirilən İstanbul görüşü nəticəsində limanlarda birgə nəzarətin və taxıl daşıyan gəmilərin marşrutlarında təhlükəsizliyin təmin edilməsinə dair yekun yazılı sənədin hazırlanmasına dair razılıq əldə olunub.