Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 10:52
Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.
Bu barədə Sonxeber.net-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Aysel və Aysun Abdullayeva bacıları iyulun 20-də Xəzər dənizində batıb. Böyük bacı Ayselin meyiti dənizdən çıxarılmışdı.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.