Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 09:34
Prezident Co Bayden Türkiyəyə silah satışına razılıq verərkən, ABŞ Konqresinin bəhanə tapıb, əngəl törədəcəyini əvvəlcədən bilməmiş deyildi... Ağ Evin Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçularla bağlı PKK\YPG rəhbərliyinə başsağlığı verib, məyusluğunu bildirməsi iki ölkə arasındakı müttəfiqliyin formal olduğunu göstərir...
Sonxeber.net yeni müsavat-a istinadla bildirir ki, Türkiyənin dünyada artan nüfuzu beynəlxalq siyasət məkanında müəyyən narahatlıqlar doğurmağa başlayıb. Hər halda, bəzi beynəlxalq siyasət mərkəzləri Türkiyənin qlobal supergücə çevrilmək istiqamətində irəliləyişindən qətiyyən məmnun deyillər. Və ona görə də rəsmi Ankaraya qarşı müəyyən problemlərin yaradılmasına cəhdlərin olduğu da açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, rəsmi Ankara son illərdə bəzi beynəlxalq problemlərin həllində həlledici siyasi iradə mərkəzi rolunu böyük uğurla öz üzərinə götürməyi bacarıb. Xüsusilə də, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan, "taxıl dəhlizi"nin yaradılmasını nəzərdə tutan İstanbul anlaşmasının reallığa çevrilməsində rəsmi Ankaranın effektiv diplomatik fəaliyyəti inkaredilməzdir. Çünki, məhz Türkiyənin neytral dövlət kimi, Rusiya və Ukrayna siyasi-diplomatik ilə manevr imkanları İstanbul anlaşmasının imzalanmasına münbit şərait yaratdı.
Təbii ki, rəsmi Ankaranın bu beynəlxalq uğuru dünyada açlıq təhlükəsinin, ərzaq böhranının qarşısının alınması baxımından, müəyyən ümidlər yaratdı. Eyni zamanda, Türkiyə bütün dünyaya sübut etdi ki, Ukrayna savaşının sülh danışıqları masası arxasında sona çatdırılmasında da məhz rəsmi Ankara həlledici siyasi iradə rolunda çıxış etmək şansına sabibdir. Böyük ehtimalla bu önəmli beynəlxalq missiya da məhz Türkiyənin öhdəsinə düşəcək.
Ancaq nə qədər qəribə də olsa, hazırda Türkiyəyə dəstək vermək əvəzinə, rəsmi Ankaraya ciddi problemlər yaradılmasına cəhdlər göstərilir. Beynəlxalq rəqiblər Türkiyənin dünya məkanında əsas supergüclərdən birinə çevrilmək şansı ilə barışmaq istəmirlər. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı prosesdə Türkiyənin əsas müəyyənləşdirici dövlət rolunda çıxış etməsindən sonra bəzi nəhəng dövlətlər fərqli planlar içərisinə girmiş kimi görünürlər.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ Türkiyənin beynəlxalq nüfuzundan narahat olan dövlətlərin sırasında xüsusi yer tutur. Ağ Ev strateqləri Türkiyənin artan nüfuzunu ABŞ-ın dünya hegemonluğu planlarına ciddi problem kimi dəyərləndirirlər. Hətta ABŞ mətbuatı Türkiyənin öz siyasi-diplomatik manevrləri ilə Ağ Evin beynəlxalq nüfuzunun önünə keçməyə başladığını qabardaraq, vaxtında priventiv addımların atılmasını məsləhət görür.
Belə anlaşılır ki, yaxın gələcəkdə ABŞ-Türkiyə rəqabəti dərinləşə və hətta qarşıdurmaya da çevrilə bilər. Halbuki, NATO-nun Madrid sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Co Bayden arasında keçirilən görüşdə bir çox məsələlər ətrafında prinsipial anlaşmalar əldə olunmuşdu. Hətta rəsmi Ankara Ağ Ev sahibi Co Baydenin Türkiyəyə "F-16" döyüş təyyarələri satmağa razılaşmasından məmnun olmuşdu. Və üstəlik, Ağ Ev sahibinin terrorizmlə mübarizədə Türkiyənin maraqlarına həssas yanaşdığını vurğulaması da rəsmi Ankara üçün müsbət yenilik sayıla bilərdi.
Çünki, analoji mövzularda Türkiyə və ABŞ arasında uzun illərdən bəri ciddi gərginliyin olduğu heç kəsə sirr deyildi. Belə ki, Türkiyə vaxtilə ABŞ-a Hava Hücumundan Müdafiə sistemləri və "F-35" döyüş təyyarələrinin alınması ilə bağlı müraciət etmişdi. Ancaq müxtəlif siyasi-ideoloji lobbi qrupları ABŞ-ın Türkiyəyə həmin silahları satmasını əngəlləyə bildilər. Və nəticədə Türkiyə-ABŞ münasibətlərində ciddi problemlər yarandı.
Rəsmi Ankaranın buna cavab olaraq, alternativ variant kimi Rusiyadan "S-400" raket sistemləri almasından sonrasa, ABŞ-Türkiyə münasibətləri ümumiyyətlə, korlandı. Ancaq Türkiyə öz Hərbi Sənaye Kompleksini inkişaf etdirməklə, ABŞ-dan silah asılılığını minimuma endirdi. Və bu faktor da ABŞ-da bəzi siyasi dairələr tərəfindən qıcıqla qarşılanır.
Maraqlıdır ki, prezident Co Bayden Türkiyə liderinə verdiyi hər iki vədini yerinə yetirə bilməyib. Əslində, Ağ Ev sahibi "Türkiyəyə "F-16" satmaq NATO müttəfiqi kimi, ABŞ-ın maraqları çərçivəsindədir, ancaq Konqresin də razılığını almaq lazımıdr" deməklə, bu vədin icra edilmə ehtimalının zəif olduğuna üstüörtülü eyham vurmuşdu. Yəqin ki, prezident Co Bayden Konqresin Türkiyəyə "F-16" satışına əngəl törədəyini elə əvvəlcədən tam dəqiqliyi ilə bilirdi.
Hazırda məhz bu məsələ ətrafında yaranmış mübahisə Türkiyə və ABŞ arasında münasibətləri gərginləşdirməyə başlayıb. Belə ki, ABŞ Konqresi gözlənildiyi kimi, Türkiyəyə silah satışına icazə verməyib. Buna səbəb kimisə, Türkiyəyə satılacaq silahlardan Yunanıstana qarşı istifadə edilməyəcəyinə rəsmi Ankaranın birmənalı təminatını istəyib. Və bu, tamamilə məntiqsiz tələbdir.
Məsələ ondadır ki, Türkiyə ABŞ-dan silahları özünü xarici hərbi təhlükədən müdafiə etmək məqsədilə almaq niyyətindədir. Əgər, Yunanıstan Türkiyəyə qarşı hərbi müdaxilə edərsə, rəsmi Ankara həmin silahlardan özünü müdafiə etmək üçün istifadə hüququna sahibdir. Yəni, rəsmi Ankara ABŞ Konqresinə tələb olunan təminatı verə bilməz. Və bu baxımdan, tələbin sadəcə, bəhanə olduğu qətiyyən şübhə doğurmur.
Əslində, Türkiyə prezidenti R.T.Ərdoğan da bunu təsdiqləyib. Belə ki, Türkiyə lideri prezident Co Baydenin ona silah satışı vədini verərkən, Yunanıstanla bağlı hər hansı şərt irəli sürməmişdi. İndi gözlənilmədən belə tələbin gündəmə gətirilməsi, əslində, ABŞ-ın Türkiyəyə silah satışından Yunanıstanı bəhanə gətirərək, imtina etməsi anlamı daşıyır. Və böyük ehtimalla ABŞ-ın bu davranışı Türkiyənin hərbi cəhətdən daha da güclənməsindən narahat olması ilə birbaşa bağlıdır.
Ağ Evin Türkiyəyə qarşı terrorizmi dolayısı ilə dəstəkləməsi də bunu təsdiqləyir. ABŞ uzun illərdən bəridir ki, PKK\YPG terror təşkilatına hərbi təlimlər keçir, külli miqdarda silah-sursat verir. Halbuki, rəsmi Ankara bu məsələ ilə bağlı ABŞ-a dəfələrlə faktlara istinad edərək, rəsmi etirazlarını çatdırıb.
Ancaq Ağ Ev regionada ABŞ-ın müttəfiqi hesab etdiyi PKK\YPG terror təşkilatına dəstək verməkdə israrlı davranır. Hətta bir neçə gün öncə Türkiyə ordusu Suriyada PKK\YPG-nin rəhbər heyətinə daxil olan bir neçə terrorçunu zərərsizləşdirib. Ağ Ev isə nə qədər qəribə də olsa, PKK\YPG rəhbərliyinə həmin terrorçuların zərərsizləşdirilməsi ilə bağlı başsağlığı verib, bundan məyus olduğunu vurğulayıb. Bu, onu göstərir ki, ABŞ əslində, Türkiyə ilə hərbi müttəfiqliyə qətiyyən sadiq deyil və yaxın gələcəkdə bu münasibətlər ümumiyyətlə, pozula bilər.